Lənkəran teatrında “Prokuror”
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin (1925-1994) “Prokuror” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Gənc hüquqşünas Şöhrət Poladov Xınalı rayonuna prokuror təyin olunur. Anası Surə xanım oğlunun bu təyinatına əsla sevinmir. Məlum olur ki, onun əri illər öncə həmin rayonda qətlə yetirilib, amma cinayətin üstü açılmayıb. Surə xanım nə qədər çalışsa da, Şöhrəti inadından döndərə bilmir. Xınalıda isə Şöhrəti çətin işlər gözləyir. Tikinti trestində cinayət hadisəsi baş verib, günahsız şəxs həbsxanaya salınıb. Əsl cinayətkarları ifşa etmək yeni prokurorun bacarıq və peşəkarlığından asılıdır. Nəticədə ədalət zəfər çalır...
Maraqla qarşılanan tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Vəfa Hacızadə (Surə), Emil Tağı (Almazov), Amil İbrahimli (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa ediblər.
Tamaşa 1976-1987-ci illərdə
Lənkəran rayonunun prokuroru
işləmiş Əməkdar hüquqşünas
Tələt Qənbərovun 90 illik
yubileyinə həsr olunub.
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.4.