Dünyanı düzəltməyi arzulayırsansa...

 

Öncə corabını gözəməyi öyrən...

 

 

“Davamlı yaşam üçün gözəməyə başla” – Bakıdakı Daş Salnamə Muzeyində Latviyanın Azərbaycandakı Səfirliyi, Latviya İncəsənət Akademiyası və Sigulda regionu sənətkarlarının birgə layihəsi olaraq açılan sərgi belə adlanır.

QGallery” və “PlatformArt”ın da dəstək verdiyi sərgi noyabrın 18-də – Latviyanın müstəqilliyinin 104-cü ildönümü münasibətilə açılıb.

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib: “Davamlı yaşam üçün gözəməyə başla” şüarı altında keçirilən sərgi bir az qəribə səslənə bilər, anacaq dünyada baş verən hadisələri nəzərə alsaq təbiəti, ekologiyanı qorumaq barədə düşüncələrə qapılırıq. Latviya kiçik ölkə olsa da, gördüyümüz işlərin sayı böyükdür. Layihəni Azərbaycana gətirməkdə məqsəd bu işi birlikdə görmək, “dünyanı birlikdə xilas edə bilərik” şüarı ilə fəaliyyət göstərməkdir”.

Latviya İncəsənət Akademiyasının professoru Barbara Aabele corabların tarixindən danışaraq deyib: “Corablar qədim və müasir etnoqrafiyada ən sadə və ən əvəzolunmaz geyimdir. Onlar müxtəlif kontekstlərdə etalon kimi də dəyərləndirilir. Latviyanın yeni doğulmuş körpələrə, döyüş meydanına gedən əsgərlərə corab vermək kimi çoxəsrlik ənənəsi var. Corablar hər bir kəsin həyatında hər zaman yol yoldaşıdır”.

Bildirib ki, sərgidə corabın “həyat”ı mərhələli şəkildə – toxunuşu, geyilməsi, köhnəlməsi və yamanması təsvir olunur. Qızıl sap corabın ona sərf olunan resurslar, vaxt, bacarıqlar, iqtisadiemosional baxımdan nə dərəcədə dəyərli olduğunu göstərən məcazi bir mesajdır. Buna görə də corabı gözəməyə dəyər.

Diqqətə çatdırılıb ki, sərgilənən corablar Latviyanın Milli Tarix Muzeyində saxlanılan orijinallardan hazırlanmış nümunələrdir. Onların tarixi XVIII əsrin ikinci yarısına aid edilir və Latviyanın müxtəlif bölgələrindən toplanıb. Muzeyin kolleksiyasında iki eyni coraba rast gəlmək mümkün deyil.

“Corabları yamamaqla siz, eyni zamanda dünyanı düzəltmiş olursunuz. Bunu hər birimiz edə bilərik. İstehlakı azaltmağa başlayın, öz əşyalarınızı təmir edinekologiyaya nə dərəcədə xeyir verdiyinizin şahidi olun”, – deyə Barbara Aabele əlavə edib.

Latviya İncəsənət Akademiyasının professoru İeva Krumina Latviyanın Müstəqillik Gününü Azərbaycanda qeyd etməkdən məmnun olduğunu söyləyib. Bildirib ki, təqdim olunan ideya insanlara enerji ötürərək onların qəlbini də isidəcək.

 

Mədəniyyət.- 2022.- 23 noyabr.- S.8.