100 yaşlı bəstəkarın adını
daşıyan 60 yaşlı məktəb
Fikrət Əmirov adına İncəsənət
məktəbi haqqında kitab çap olunub
Bu il dünya şöhrətli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100, dahi musiqiçinin adına daşıyan 6 nömrəli Onbirillik incəsənət məktəbinin isə 60 illiyidir. Yubilyar təhsil ocağı haqqında kitab çap olunub.
Noyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında (AMK) nəşrin təqdimatı keçirildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarənin rəis müavini Nazim Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, bəstəkarın qızı Sevil Əmirova, musiqi məktəblərinin direktorları və musiqisevərlər iştirak edirdilər.
Tədbirdə əvvəlcə İncəsənət məktəbinin hazırladığı videoçarx nümayiş olundu.
Aparıcı musiqişünas, təhsil ocağının nəzəriyyə şöbəsinin müəllimi Aytən Manafova tədbiri açaraq məktəbin tarixindən, tanınmış yetirmələrindən danışdı. Bildirdi ki, İncəsənət məktəbi 60 il bundan əvvəl yaradılıb. Bu, sadəcə, bir rəqəm deyil. Həm də daim yeniləşən, nəsildən-nəslə dəyişən böyük bir kollektivin, Fikrət Əmirov ənənələrini yaşadanların həyatıdır.
AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova bildirdi ki, kitabın ərsəyə gəlməsində çox böyük zəhmət çəkilib: “Yüksək səviyyədə tərtib edilən nəşrdə məktəbin 60 illik tarixi ətraflı işıqlandırılıb. Kitabın hazırlanmasında zəhməti olan hər kəsi təbrik edirəm”.
Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov əlamətdar yubiley və kitab münasibətilə məktəbin bütün kollektivini təbrik etdi, işlərində uğurlar arzuladı.
Təhsil ocağının direktoru, Əməkdar müəllim Adilə Yusifova çıxışında Fikrət Əmirovun həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə verdiyi töhfələrdən söhbət açdı. Kitab haqqında məlumat verən direktor qeyd etdi ki, üç fəsildən ibarət olan nəşrdə təhsil ocağının yaranması və fəaliyyəti xronoloji olaraq izlənilir. Bildirildi ki, kitabın hazırlanmasında S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları, məktəbin sənədləri, həmçinin dövri mətbuatda dərc olunmuş məqalələr, eləcə də Azərbaycan musiqi mədəniyyəti xadimlərinin şəxsi materiallarından istifadə olunub.
Adilə Yusifova kitabın ərsəyə gəlməsində dəstək verən, zəhməti keçən insanlara incəsənət xadimlərinə minnətdarlığını bildirdi.
Çıxışlardan sonra bədii hissəyə keçildi. Məktəbin şagirdləri və məzunlarının ifasında konsert proqramı təqdim olundu. Təhsil ocağının “Odlar Yurdu” rəqs ansamblının ifasında “Koroğlu” operasından və F.Əmirovun “Gözün aydın” (xoreoqraflar Z.İbrahimova, T.Mustafayev) operettasından rəqslər xüsusilə alqışlarla qarşılandı.
Savalan
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.6.