Bakıda caz havası bitdi...
Növbəti festivalda
görüşənədək
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15-20 noyabr tarixində XVII Bakı Caz Festivalı keçirildi. Festival bu il də zəngin proqramı ilə müxtəlif ölkələrdən məşhur ifaçı və qrupları sənətsevərlərlə görüşdürdü.
Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində israilli musiqiçi Yoqef Şetritin triosunun konserti olub. Konsertdən öncə musiqiçi Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərarı sevinclə qarşıladığını bildirib, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əhəmiyyətini qeyd edib.
Sonra trionun konserti başlanıb. Konsertdə Y.Şetrit trio üzvləri Amir Solomon (bas) və Devid Şetritlə (fortepiano) birgə biri-birindən gözəl musiqilər səsləndiriblər. Qeyd edək ki, Y.Şetrit repertuara pianoçu, bəstəkar Əzizə Mustafazadənin əsərini də daxil edib.
Bəstəkar və zərb ifaçısı Y.Şetrit 1978-ci ildə İsraildə anadan olub. 2016-cı ildə öz triosunu yaradıb. Kollektiv Beynəlxalq Panama Caz Festivalı, “The Kennedy Center”, “Casa Del Jazz”, həmçinin Roma, Vaşinqton da daxil olmaqla dünyanın 30-dan çox ən böyük konsert salonunda çıxışlar edib.
Xatırladaq ki, “Bakı Caz Festivalı – 2022” çərçivəsində “I am jazzman!” (“Mən cazmenəm!”)
adlı gənc caz ifaçıları
müsabiqəsi də
təşkil olunub. Noyabrın
19-da müsabiqənin finalı
gerçəkləşib. Qaliblər peşəkar münsiflər
heyətinin xalları
əsasında iki turda müəyyən edilib. Nigeriyadan Alade Vilson (vokal) I yerə layiq görülüb.
2-3-cü yerləri isə müvafiq olaraq ölkəmizdən Əli Rüstəmzadə
(fortepiano) və Aslan İslamov (tuba) qazanıblar.
Bu il münsiflər
heyətinin üzvləri
arasında məşhur
holland caz pianoçusu Mayk Del Ferro da yer alıb.
Münsiflər heyətinin sədri
isə Əməkdar
artist, Bakı Caz Festivalının təsisçisi
Rain Sultanov olub.
Festivalın son günü, noyabrın
20-də alman eksperimental
musiqiçisi Mixael Şifel konsert proqramı ilə çıxış edib. Musiqiçinin qeyri-adi improvizasiyaları tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Həmin gün festivalın son akkordunu isə italyan gitaraçı Federiko Kasaqrandeni vurub. Unudulmaz anlar bəxş
edən konsertin gitara akkordları və italyan notları festivalı gözəl, dəbli və payız əhvallı şən notlarla yekunlaşdırıb.
L.Azəri
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.1;2.