Mixail Şvıdkoy Akademik Musiqili Teatrla tanış olub

 

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ölkəmizə səfəri çərçivəsində noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olub.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonağa sənət ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib. Söhbət zamanı iki ölkə arasında mədəni əlaqələrdən bəhs olunub, gələcəkdə teatrların yaradıcılıq mübadiləsi ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.

Mixail Şvıdkoy Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə vurğulayıb. Bu istiqamətdə həmçinin Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun mühüm rolunun olduğu qeyd edilib.

Teatrın müasir standartlara cavab verən binası ilə tanışlıqdan sonra qonaq burada yaradıcı fəaliyyət üçün çox yüksək səviyyədə şəraitin olduğunu deyib. Qeyd edib ki, bu, Azərbaycan dövlətinin teatra, sənətə, ümumilikdə mədəniyyətə qayğı və diqqətinin bariz nümunəsidir.

İxtisasca sənətşünas olan professor M.Şvıdkoy sosial şəbəkələr vasitəsilə Musiqili Teatrın fəaliyyətindən xəbərdar olduğunu da diqqətə çatdırıb və kollektivin uğurlarına sevindiyini bildirib.

 

Mədəniyyət.- 2022.- 23 noyabr.- S.5.