İstanbulda Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert
İstanbulda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub. Proqram İstanbulun mötəbər sənət məkanlarından olan Cemal Reşit Rey Salonunda təşkil edilib.
Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Cemal Reşit Rey simfonik orkestri çıxış edib. Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə, vokal ifaçıları Mərziyyə Hüseynova, Azərbaycan Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayevin ifaları dinlənilib.
Proqramda Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamı, “Azərbaycan kapriççiosu”, fortepiano və simfonik orkestr üçün konserti, “Sevil” operasından Balaş və Sevilin ariyaları, “Azərbaycan elləri” mahnısı və digər əsərləri səsləndirilib.
Böyük maraqla qarşılanan konserti
həmvətənlərimizlə yanaşı, yerli sakinlər və müxtəlif ölkələrdən
xarici qonaqlar da izləyiblər.
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.8.