Yaşar Nuri sənətinin
nuru
Sənət həyatını bütünlüklə ona həsr edənləri yaşadır. Xalq artisti Yaşar Nuri (3.9.1951 –22.11.2012) də 61 illik ömür payının 50 ilini sevib-seçdiyi aktyorluq sənətinə həsr etdi. Çoxşaxəli yaradıcılığının hər məqamında peşəsini ali səviyyədə təqdim etdiyinə görə dünyasını dəyişdikdən sonra da qəlblərdə, düşüncələrdə yaşayır, unudulmayıb. Sənətkarı vəfatının 10-cu ildönümündə yad edirik.
Rusiyalı publisist Qriqori Landau “Sənət həmsöhbətin susduğu dialoqdur” deyir. Ustad aktyor Yaşar Nurinin yaratdığı dramatik, komik obrazlar da düşüncələrimizdə yaşatdığımız müasirlərimizdir, həmsöhbətimizdir.
11 yaşından səhnəyə çıxan, “ilk müəllimim də, ustadım da atam olub” deyən sənət aşiqi teatr, kino fəaliyyətində özünü milyonlara sevdirməyi bacarıb. Yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda istedadını, bacarığını təsdiqləyən aktyor səhnə fəaliyyətinin ilkin mərhələsindən etibarən kinematoqrafçıların da diqqətini çəkib.
“Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Dörd bazar günü” filmində debüt rolunu (Seyran) oynayan aktyor bundan sonra ardıcıl olaraq filmlərə dəvət alıb, 50-yə yaxın ekran əsərində çəkilib. Həmçinin kinostudiyanın nəzdində fəaliyyət göstərən dublyaj studiyasında 20-yə yaxın yerli (“Ölsəm... bağışla” – Müdir (rolu ifa edən Tofiq İsmayılov), “Alma almaya bənzər” – Mehdi (Fazil Salayev), “Bağ mövsümü” – Cabbar (Mirzə Babayev), “Evlənmək istəyirəm” – Şamil (Şamil Süleymanlı) və s.), onlarla xarici kino personajlarını ustalıqla səsləndirib.
İlk dəfə “Bakıda küləklər əsir” filmində (1974) əsgər (Ceyhun Mirzəyev) rolunu səsləndirən Yaşar Nuri, həmçinin “Sehrli çıraq” (Yaşik), “Qurbanəli bəy” (Qurbanəli bəy), “Kitabi-Dədə Qorqud. Basat və Təpəgöz” (Təpəgöz) animasiya filmlərində personajları ifadəli səsi ilə kiçikyaşlı tamaşaçılara təqdim edib.
Teatr fəaliyyətində olduğu kimi, hər bir kino obrazı ilə də peşəkarlığını təsdiqləyən xarakterlər ustası bir ildə 2, bəzən 3 bədii filmə çəkilib, həmçinin “Mozalan” kinojurnalının 20-dən çox bədii süjetində maraqlı rollar yaradıb. “Mozalan” filmlərində oynadığı müdir (“Yeni iş üsulu”), baldızoğlu (“Baldızoğlu”), sərnişin (“Zərbə”), sərxoş (“Kömək”) kimi rolları ilə qeyri-normal xüsusiyyətə malik insanların gülüş və təəccüb doğuran cəhətlərini tənqid hədəfinə çevirib, davranış və düşüncələrini nəsillərin mühakiməsinə verib.
Kino fəaliyyətinin ilkin mərhələsində sosial mövzulu filmlərə (geoloq Mərdan – “Bizi dağlarda axtarın”, Rauf – “Mezozoy əhvalatı”, Nazimzadə – “Şeytan göz qabağında”, Bəşir – “Musiqi müəllimi” və s.) dəvət alan aktyor tədricən dramatik (Kərbəlayı Cəfər – “Qəm pəncərəsi”, Məşədi Oruc – “O dünyadan salam”, Mahmud – “Qətl günü” və s.), komik (İsrafil – “Bəyin oğurlanması”, Makintoş – “Yol əhvalatı”, Məmməd – “Lətifə”) ekran personajları ilə müəllif aktyor mövqeyindən çıxış edib, cəmiyyəti narahat edən vacib məsələləri, insani münasibətləri yaradıcılıq meyarına çevirib.
Əməkdar artist Nəcibə
Hüseynovanın sözlərində aktyorun
yaradıcılıq üslubunu izləyirik:
“Yaşar Nurinin oyununu hələ tələbə olarkən, rus dramaturqu Aleksandr Ostrovskinin
“Günahsız müqəssirlər” əsəri əsasında
hazırlanan tamaşadakı Neznamov rolunda görmüşdüm.
Çox ciddi dramatik rol oynayırdı.
Ondan bir kurs aşağıda oxuyurdum. Həmişə yuxarı kurs
tələblərinin tamaşalarına
gedib baxırdıq.
Sonralar Yaşar Nurinin komik rollarını da gördüm. Hər bir rolunu içdən
və inandırıcı
oynayırdı.
Kinoda ilk dəfə
“Tənha narın nağılı” filmində
Mərcan rolunu oynamışam. Yaşar Nuri bu filmdə Qubad rolunda çəkilirdi.
Onunla oynamaq rahat olsa
da, tərəf-müqabil
olmaq böyük məsuliyyətdir. Ciddiliyi ilə
yanaşı zarafatları
da olurdu. Güclü yumor hissinə malik olması, baməzəliyi istər-istəməz
rolumu yaratmağa kömək edir, mənə stimul verirdi. Fasilə zamanı söhbət
edirdik. Birdən görürdüm ki, rola keçid
aldı. Sözlərindən, mətndən başa düşürdüm ki, söhbət əsnasında
belə, rolu məşq edir və məni də rola hazırlayır.
Mən də dərhal onun ardınca gedib replikalar verirdim. Beləcə, çəkilişdən əvvəl rahat, sərbəst şəkildə
məşq edirdik.
Epizodlar da təbii, səmimi alınırdı.
Ümumiyyətlə, onunla işləmək
çox rahat idi...”.
Kino xarakterləri yaddaşlara
həkk edir, düşündürdüyünə görə də yaşadır. Yaşar Nurinin maraqlı,
orijinal ekran obrazları yaddaşlarda iz salan, kinonun
özünü yaşadan
personajlardır. Əsl sənətkar
qüdrəti də yaradıcılıqda düşüncələrə
hakim kəsilmək, sənətin
üstünlüyünü dönə-dönə sübut
etməkdir. Yaşar Nuri
bütün dövrlərin
ehtiyac duyulan sənətkarı idi.
Buna görə də teatr, kino fəaliyyəti ilə paralel olaraq dəvət aldığı televiziya tamaşaları ilə də uğuruna uğur qatdı, bir daha xalqın
sevimlisinə çevrildi.
Aktyorun
70-80-ci illərdə televiziya
tamaşalarında oynadığı
Göyüş (“Kişilər”),
Mais (“Yollar görüşəndə...”), Həsənağa (“Göz
həkimi”), Surxayzadə
(“Evləri köndələn
yar”), Əli bəy (“Ordan-burdan”), 11 personaj (“Qonşu qonşu olsa”), 4 personaj (“Ac həriflər”)
və digər rolları göz önündə canlandıqca
Yaşar Nuri sənətinin nurundan hər evə, hər ocağa bu gün də
pay bölündüyü bir
daha təsdiqini tapır. Peşəkar rejissorlarla təkrar-təkrar
çalışan aktyorun
yaradıcılığı sübut edir ki, rejissorlar onu sevərək filmlərinə, tamaşalarına
dəvət edib, əminliklə rol veriblər.
Mənbələrin birində Xalq artisti, rejissor
Ramiz Həsənoğlunun
aktyor haqqında söylədikləri diqqətimizi
çəkir: “Yadıma
gəlmir ki, mən hansısa yeni bir işi
başlayanda Yaşar gözümün qabağına
gəlməsin. Hətta
Yaşarın həyatda
olmadığı vaxtlarda
belə, istər-istəməz
onun aktyor məharəti barədə
düşünərək ona həmişə rol vermək istəmişəm...”.
Komik rollar ifaçısı kimi yaddaqalan aktyorun istər kinoda (Mahmud – “Qətl günü”, Asim Əliyeviç – “Nə gözəldir bu dünya...” və s.), istərsə də televiziya tamaşalarında
(Qəhrəman – “Kökdən
düşmüş piano”, Elçin
– “Səndən xəbərsiz”
və s.) oynadığı
dramatik obrazlar, sözün əsl mənasında, həyat məktəbinə çevrilir,
insan mənəviyyatını
tədqiq edir. Onun personajları ədəbi
əsərlərin məzmun
yükünü böyük
məsuliyyət və
qətiyyətlə üzərində
daşımaqla mövzunun
dərinliyinə varır,
tamaşaçını mühitin
ab-havasına salaraq əsərin ideyasını,
məzmun dərinliyini
cilalayır, düşündürür.
İnsan xarakterində nəzərə
çarpan cahillik və çılğınlıq
onun dünyagörüşünün
bariz nümunəsi, problemlərin başlanğıcıdır. Məhz bu
mənanda incəsənətin
və sənət adamının həyat hadisələrini təhlil
edərək (yaradıcılıqda)
nizama salmaqda rolu əvəzsizdir.
Yaşar Nurinin də kinoda, televiziya tamaşalarında
canlandırdığı personajların
təfsirində meşşan
(Qurbanəli bəy), sərxoş (Andrey Buslay), özündən müştəbeh (Dadaşov),
xudbin (Qurbanov) xarakterlər qınanıldı,
ailədə, məişətdə,
ümumiyyətlə, cəmiyyətdə
aktual olan mövzular təhlil edildi, təzadlı insan xarakterləri fonunda həyat məsələlərinin qəlizləşmə,
münasibətlərin mürəkkəbləşmə
səbəbləri açıqlandı.
Əməkdar incəsənət xadimi,
kinorejissor Elxan Cəfərovun xatirələri
aktyorun rola və tərəf-müqabillərinə
olan münasibətini
izah edir: “Yaşar Nuri ilə ilk sənət görüşüm “Şir
evdən getdi” filmində olub. Ancaq filmdən əvvəl onunla tanış idim. Çünki anam Mailə
xanım hələ kiçik yaşlarımdan
məni radioya, televiziyaya aparırdı.
Orada Yaşar müəllimlə
tez-tez rastlaşırdım.
Buna görə mən onun gözündə
axıra kimi elə kiçik Elxan kimi də
qaldım.
İllər ötdü, biz “Təxribat”
filmində bir də görüşdük. Filmdə Yaşar Nurinin
oynadığı Rəhimovla dialoqda olduğum bir səhnə var. Çəkilişə az
qalmış Yaşar müəllim dedi ki, səni
güldürəcəm, rolunu oynaya bilməyəcəksən. Mən isə ona, roluma tam hazıram və ciddiliyimi pozmayacam, dedim. Biz mərc
gəldik. Mən qapıdan
içəri girəndə
Yaşar müəllimin
üzündə məzəli
ifadələri görüb
özümü saxlaya
bilmədim və güldüm. Təbii ki,
mərci uduzdum. Eldar müəllim (rejissor Eldar Quliyev – red.) mənə bərk əsəbiləşdi. Növbəti dubl çəkiləndə
Yaşar müəllim
tamamilə fərqli mimikada yenə məni güldürdü.
Eldar müəllim bu dəfə də mənə əsəbiləşdi.
Üçüncü dublda Yaşar
müəllimdən xahiş
etdim ki, Eldar müəllimdən utanıram, xahiş edirəm, məni güldürməyin, çəkiliş
alınsın. O, çox
istedadlı olmaqla yanaşı, həyatsevər,
çılğın insan
idi. Ciddi atmosferdə belə
zarafatından qalmırdı
və mühitdə gözəl əhval-ruhiyyə
yaradırdı.
Kinostudiyada görüşəndə hər
dəfə mənə
deyirdi ki, Cəfərov, ölüb
gedəcəm, amma sən məni çəkmədin. Mən də ona, nə vaxt film çəksəm, mütləq
sizi çəkəcəyəm,
deyirdim. Təəssüflər olsun ki, onunla
bir filmdə işləmək alınmadı.
Düşünürəm ki, indi həyatda
olsaydı, Yaşar müəllimə mütləq
tam ciddi bir obraz verəcəkdim...”.
Şəhla Əmirli
kinoşünas
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.7.