“Dünyadan
köçəndə gözləriməTəbriz
torpağı töksünlər...”
Əli Fərruxi Təbriz
xalçaçılıq məktəbi ənənələrini
Qarabağa gətirib
Xalça xalqımızın sənət zövqünün, dünyagörüşünün göstəricilərindən hesab olunur. Tarixən Azərbaycanın bölgələrində xalçaçılıq spesifik xüsusiyyətlərinə görə fərqlənib, ayrı-ayrı məktəblər formalaşıb. Bu məktəblər içərisində ölkəmizin Qarabağ bölgəsi də özünəməxsus yer tutur.
Ötən əsrin 50-ci illərində Qarabağda, Ağdamda xalçaçılığın inkişafı ilə bağlı dövlət səviyyəsində tədbirlər görülüb, bu sahənin inkişafı ilə bağlı xüsusi sərəncam da imzalanıb. Bu istiqamətdə görüləcək işlər xalçaçılıq sənətinin sirrini yaxşı bilən Əli Fərruxi Təbrizliyə tapşırılıb. O, zəngin mədəniyyət mərkəzlərimizdən olan Təbrizdən gəlmiş və xalça sevdalısı kimi tanınırdı. Bu yazıda məşhur xalçaçının ömür yoluna nəzər salacağıq.
Əli Fərruxi Təbrizli 1928-ci ildə Cənub Azərbaycanın Təbriz şəhərində dünyaya göz açıb. Erkən çağlardan xalçaçılıq sənətinə maraq göstərib. Sonra Təbrizdə milli azadlıq hərəkatına qoşulub. Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli hökumət süqut etdikdən sonra (1946) bir çox soydaşlarımız kimi şimala – Bakıya üz tutub. O, burada da xalçaçılıq sənəti ilə maraqlanır. Bu istəklə tanınmış xalçaşünas, Xalq rəssamı Lətif Kərimovun yanına gedir. L.Kərimov Ə.F.Təbrizlinin xalçaçılıq sahəsində istedadını bəyənir və “Azərxalça” Birliyində işə götürür. Bir müddət çalışdıqdan sonra hökumətin tapşırığı ilə o, bu sahədə fəaliyyətini Ağdamda davam etdirir. Bu regionda xalçaçılığın inkişafı ilə bağlı həyata keçirilən layihənin icrasına nəzarət etməyə başlayır.
Beləliklə, qısa müddət ərzində Ağdamda xalçaçılığın inkişafında ciddi dönüş yaranır. Eyni zamanda burada Təbriz xalçaçılıq məktəbinin bir sıra ənənələri də tətbiq edilir. Ağdamlı gənc qızlar Ə.F.Təbrizlinin köməyi sayəsində xalçaçılıq sənətinin sirlərinə yiyələnir. Çox keçmir Ağdam xalçaçılıq məktəbinin ənənələri ətraf rayonlara da keçir və bütövlükdə Qarabağ bölgəsində bu sənətin inkişafında yeni mərhələ başlanır...
Qəlbində doğma Təbriz nisgilini yaşadan xalçaçı duyğularının toxunan nümunələrə köçürülməsinə nail olur. Novator sənətkar olan Ə.F.Təbrizli xalçaçılıqda çox maraqlı və çətin bir işə başlayır, ikiüzlü gəbə toxuyur. Xalçanın bir üzündə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın, o biri üzündə isə Azərbaycanı Şimal və Cənuba ayıran Araz çayını təsvir edir. Beləliklə, onun xalçaçılıq sahəsində istedadı və doğma yurda sonsuz məhəbbəti bənzərsiz bir sənət əsərinin yaranmasına səbəb olur.
Araşdırmalarda görkəmli xalçaçının həm də xeyriyyəçi kimi tanındığı bildirilir. Qeyd edilir ki, bir gün o öz xalça dükanının qarşısında dayanıbmış. Bu zaman “Ay kilim alan, ay kilim alan” deyə-deyə ağsaqqal bir kişinin ona tərəf gəldiyini görür. Bazarı başdan-başa dolaşan və kilimini sata bilməyən ağsaqqal çox yorğun halda dükanın qabağından keçir. Ə.F.Təbrizli onun halına yanır. Qocanı dükanına çağırır. Birlikdə yemək yeyirlər. Sonra kilimi kişidən satın alıb, pulunu ödəyir. Qocanı yola salanda isə “Ağsaqqal, indi bir oğlun kimi mən bu kilimi sənə hədiyyə edirəm” deyərək malını özünə qaytarır və pulunu da halal edir.
Publisist Eldar Həsənli araşdırmasında Ə.F.Təbrizlinin Azərbaycanın bir sıra yaradıcı insanlarla dostluq əlaqələri qurduğunu qeyd edir. Bildirilir ki, tanınmış şairlər Söhrab Tahir, Məmməd Araz, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, həmçinin Xudu Məmmədov və Famil Mehdi onun ən çox əlaqə saxladığı dostları olub. Bundan əlavə, Mirzə İbrahimov, Nəriman Həsənzadə, Cəmil Əlibəyov, eləcə də məşhur sənət adamlarından Lütfəli Abdullayev, Rübabə Muradova, Sara Qədimova tez-tez onun evində qonaq olublar.
Sənətdə uğurlar qazanıb, şöhrəti respublikaya yayılsa da, Təbriz həsrəti onu bir an da olsun rahat buraxmır. Bir gün o, “Sovet Naxçıvanı” (indiki “Şərq qapısı”) qəzeti redaksiyasına məktub yazır. Bildirir ki, Naxçıvan Cənubi Azərbaycanla həmsərhəddir, Təbrizdən mənə bir ovuc torpaq gətizdirin öləndə övladlarım gözlərimə töksünlər... Ancaq onun bu xahişini yerinə yetirmək mümkün olmur. Ömrünün son çağlarında ən böyük arzusu o vaxt Təbrizdə qalan qardaşı Hüseyni, bacısı Zəhranı və digər əzizlərini görmək olur. Təbriz həsrəti güc gələndə Söhrab Tahiri Ağdama dəvət edər və onunla dərdləşərmiş...
Tanınmış xalçaçı elə Təbriz deyə-deyə 1981-ci ildə, ömrünün bəhrəli vədəsində dünyasını dəyişir, Ağdam şəhər qəbiristanlığında dəfn olunur.
S.Fərəcov
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.6.