Kinorejissor Oleq Səfərəliyev nazirliyin fəxri fərmanı və xatirə nişanı ilə təltif olunub

   

 

Mədəniyyət naziri Anar Kərimov noyabrın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Oleq Səfərəliyevlə görüşüb.

Rejissoru 70 illik yubileyi münasibətilə təbrik edən nazir onun kino sənətinin inkişafında xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq, sənətkara ən xoş arzularını çatdırıb.

Görüşdə həmçinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılmış Azərbaycan Respublikası Kino Agentliyinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb və agentliyin ölkəmizdə kino sənayesinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Sonda Anar Kərimov yubileyi münasibətilə Oleq Səfərəliyevə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, Mədəniyyət Nazirliyinin fəxri fərmanı və “Şuşa – 270” xatirə nişanını sənətkara təqdim edib.

Oleq Səfərəliyev səmimi qəbula və sənətinə göstərilən diqqətə görə nazir Anar Kərimova öz təşəkkürünü bildirib.

Qeyd edək ki, rejissor, ssenarist, prodüser Oleq Səfərəliyevin filmoqrafiyasında “Əlvida, cənub şəhəri”, “Canlı yayım”, “Kilsə”, “Müdriklərlə söhbətlər”, “Qorxu mağarası” və s. bədii və sənədli ekran əsərləri yer alıb.

 

 

Mədəniyyət.- 2022.- 23 noyabr.- S.5.