Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley
gecəsi
Noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Gecədə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Fikrət Əmirovun 100 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət səviyyəsində qeyd olunur. İlin əvvəlindən Azərbaycanda və ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu sırada Fikrət Əmirova həsr olunmuş beynəlxalq bəstəkarlıq müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun buraxılması və UNESCO-da gerçəkləşən yubiley konsertini xüsusilə qeyd etmək olar.
Diqqətə çatdırılıb ki, 12-23 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş musiqi festivalı keçirilir. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Uzun illərdən sonra ilk dəfə Fikrət Əmirovun “Sevil” operası onun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub.
“Günümüzdə Azərbaycanın musiqi incilərindən danışarkən Fikrət Əmirovun yaradıcılığı ilk olaraq xatırlananlar sırasındadır. Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Onun Azərbaycan və dünya musiqisinə bəxş etdiyi simfonik muğamlar bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir”, – deyə Vaqif Əliyev vurğulayıb.
Ötən əsrin 50-ci illərində, sovetlər dövründə, ABŞ-dakı “Karnegie Hall”da “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin böyük uğuru olduğunu vurğulayan Vaqif Əliyev bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegie Hall”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirin keçirildiyini qeyd edib.
Yubiley gecəsində maestro, Xalq artisti Rauf
Abdullayevin, dirijorlar – Xalq artisti Yalçın
Adıgözəlov, Əməkdar artist
Əyyub Quliyev və Mustafa
Mehmandarovun idarəsi ilə Azərbaycan
Dövlət Simfonik Orkestri
və Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestri, Xalq artisti Ağaverdi
Paşayevin dirijorluğu
ilə F.Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Rüfət Xəlilzadənin
rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs
Ansamblı, həmçinin Xalq artisti Kamilla
Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının balet
truppası, solistlər – Xalq artistləri
Alim Qasımov, Yeganə Axundova,
Samir Cəfərov və başqaları
çıxış ediblər.
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.1.