Şuşada tarixi yerlər
və abidələrlə bağlı simpozium
Şuşa şəhərində Azərbaycan, Türkiyə, İtaliya, Şimali Makedoniya, Gürcüstan, İran, Rusiya və digər ölkələrdən 70-dən çox alim və tədqiqatçının iştirakı ilə 4-cü Beynəlxalq Tarixi Yerlər və Abidələr Simpoziumu keçirilib.
Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr edilmiş qrant müsabiqəsinin qaliblərindən olan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə reallaşıb.
Simpoziumun açılışı və plenar iclası Bülbülün Şuşadakı ev-muzeyində olub.
Simpoziumun təşkilat komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, muzeyin direktoru Fəxrəddin Hacıbəyli, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, professor Eynulla Mədətli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, professor Kübra Əliyeva, İtaliyadan bərpaçı-memar, professor Luici Skrinzi, Şimali Makedoniyadan antropoloq, professor Rubin Zemon və başqaları çıxış ediblər.
Məruzəçilərin çıxışları videolentə alınaraq “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sosial media səhifələrində yayımlanıb. Simpoziumun materialları kitab halında da nəşr ediləcək.
Simpozium iştirakçıları Şuşa
şəhərinin tarix-memarlıq abidələri – Molla Pənah Vaqifin məqbərəsi,
Yuxarı və Aşağı Gövhər ağa
məscidləri, “Güllələnmiş heykəllər”, Xurşidbanu Natəvanın evinin
qalıqları, qala divarları ilə
tanış olub, Cıdır düzünü seyr
ediblər.
Mədəniyyət.- 2022.- 25
noyabr.- S.4.