Ustadlıq missiya olanda...

 

Tanınmış jurnalist Şakir Yaqubov haqqında kitab çapdan çıxıb

 

Ustad. Bu kəlmənin ağır-sanbalını dərk edənlər onu hər yazıb-yaradana aid etməzlər. Ustadlıq şəxsin özünün illərlə çəkdiyi zəhmətin, ortaya qoyduğu nümunənin, bir də istedadının sayəsində yaranır. Hələ bu da ustadlıq ünvanı üçün yetərli deyil, gərək tanındığın mühit səni belə qəbul edə. Həm sağlığında, həm də yaşamından sonra ustad kimi xatırlanmaq çoxlarının arzusu, ancaq hər kəsə nəsib olmayan zirvədir...

Bu günlərdə Azərbaycan mətbuatının tanınmış nümayəndəsi, jurnalist, redaktor, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov (1951-2022) haqqında kitab işıq üzü görüb: “Ustadlıq missiyası”. Adı ilk andaca oxucuya ciddi bir mesaj ötürür: “ustadlıq” və “missiya”! Bir qələm adamının taleyində bu iki sözün, anlayışın birləşib onun adına, möhürünə çevrilməsi, doğrudan da, xoşbəxtlikdir. Şakir Yaqubov həmkarları, ziyalı dostları tərəfindən məhz belə xarakterizə olunur.

Nəşrin tərtibçiləri jurnalistlər Müsəllim Həsənov, Elşən Əliyev və Süleyman Qaradağlıdır. Kitabda ustad jurnalist haqqında tanınmış ziyalılar və həmkarlarının son illər, eləcə də onun vəfatından sonra mətbuat səhifələrində dərc olunan yazıları toplanıb.

Millət vəkili, akademik Rafael HüseynovGözümün önündən getməyən foto” adlı yazını Ş.Yaqubovun vəfat xəbərini (15 oktyabr) eşidən kimi qələmə alıb. Akademik yazır: “Şakir Yaqubovu bir jurnalist olaraq səciyyələndirən başlıca cəhət gərək olan təqdirdə istənilən mövzuda, istənilən həcmdə və ustaca yaza bilməsi idi. Zatən, əsl qəzetçi elə bu deməkdir. Lakin ictimai-siyasi palitradan tutmuş portret oçerklərə və adi xəbərədək hər türlü yazını məharətlə və operativ şəkildə ortaya qoymağa daim hazır olsa da, idman jurnalistikasına, illah da, futbola meyli məxsusi idi. Futbolu indisibütün tarixi ilə həm yaxşı bilirdi, həm də bu mövzuda qəşəng yazırdı... Şakiri gərək çox danışdıraydılar, yazaydılar, çünki o, mətbuatımızın bir neçə qaynar onilinin son dərəcə maraqlı təfərrüatlarını yaddaşı və sinəsində daşıyan, həm də bu haqda iştahla, cəlbediciliklə, doymadan danışa bilən həmsöhbət idi...”.

Elşən Əliyev mahir publisistin sağlığında – 70 illiyi münasibətilə qələmə aldığı “Ustadlıq missiyası” adlı məqalədə Ş.Yaqubovu “jurnalistikamızın təmənnasız fədaisi” kimi səciyyələndirir. Bildirir ki, o, bütün həyatını – öncə sağlamlığını, doğmaları qarşısındakı borcunu bu peşəyə qurban verdiyi barədə etirafında nə qədər səmimidirsə, kişi kimi yaşadığı qəzetçilik və naşirlik həyatında heç kimin yanında gözükölgəli olmadığını və belə bir ömür yolunu yenə əvvəldən-axıracan gedə biləcəyini deyəndə də bir o qədər qətiyyətli və qürurludur.

“O, yazmağı yox, necə yazmamağı öyrədirdi” adlı yazısında Müsəllim Həsənov mərhum qələm sahibinin peşəkarlıq və prinsipiallığını xüsusi vurğulayır. Onun “Yaddaşımın küncündən...” kitabından bəhs edən müəllif yazır: “Şakir Yaqubovun bu kitabı da, digər publisistik kitabları kimi, yeni yazmağa başlayan, taleyini jurnalistikaya bağlamaqda qərarlı olan gənclər üçün əsl müntəxəbatdır, “necə yazmaq” və “necə yazmamaq” suallarına cavabdır...”.

Unudulmaz Şakir Yaqubovun əbədi səfərinə epiloqqeydi ilə “Şuşa” nəşriyyatında çap olunan “Ustadlıq missiyası” kitabında həmçinin millət vəkili, professor Anar İsgəndərov, jurnalistlər Süleyman Qaradağlı, İmran Bədirxanlı, Hikmət Sabiroğlu və başqalarının yazıları yer alıb.

 

F.Yunisli

 

Mədəniyyət.- 2022.- 25 noyabr.- S.6.