Uzaq Braziliyadan
yaxın ritmlər
Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Braziliya Federativ Respublikasının müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalının açılışı oldu. Tədbirə qatılanlar uzaq ölkənin musiqi nümunələrini – Braziliya bəstəkarlarının əsərlərini dinləmək imkanı qazandılar.
Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro tədbir iştirakçılarına, musiqi bayramının təşkilində dəstəyinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür etdi. Ölkələrimiz arasında əlaqələrdən söz açan diplomat mədəniyyət sahəsində də daha sıx əməkdaşlıqda maraqlı olduqlarını dedi.
Festival haqqında məlumat verən səfir bu layihənin ənənə halını alacağına ümid etdiyini vurğuladı. Bildirdi ki, son bir neçə ildə Braziliya Xarici İşlər Nazirliyinin Gimaraes İnstitutu və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Braziliyanın Bakıdakı Səfirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası arasında yaranan uğurlu əməkdaşlıq davam etməkdədir.
Səfir festival çərçivəsində konsertlərin ilin sonunadək davam edəcəyini də əlavə etdi: “200 illik suverenlik tariximizin şərəfinə düzənlənən festivalın üç konserti XIX əsrdən başlayaraq mədəniyyətimizin ümumi tendensiyalarını dəyərli dinləyicilərin diqqətinə çatdıracaq. Azərbaycanda müstəqilliyimizin musiqi vasitəsilə qeyd olunması ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayır. Bizim cəmiyyətlərimiz musiqimizin əks etdirdiyi və təbliğ etdiyi ümumi dəyərləri və istəkləri bölüşür”.
Konsert proqramında Azərbaycan Dövlət Simli Kvartetinin (Əməkdar artistlər Ceyla Seyidova – violin, Soltan Məmmədova – violin, Vaxtanq İmanov – viola, Aleksey Miltıx – violonçel) ifasında braziliyalı bəstəkarlar Alexandr Levi və Alberto Nepomusenonun simli kvartet üçün yazılmış əsərləri səsləndi.
Həmidə
Mədəniyyət.- 2022.- 25
noyabr.- S.1;3.