İki dəfə yaralansa
da, son nəfəsinəcən
döyüşdü...
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi şəhidləri haqqında məlumat verməyə davam edirik. Bu dəfə baş leytenant Ceyhun Əyyubov barədə söz açacağıq.
Ceyhun Savalan oğlu Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub. Yevlax şəhər Q.Məmmədov adına 4 saylı tam orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından hərbçi peşəsinə həvəs göstərib. 2007-2010-cu illərdə C.Naxçıvanski adına Hərbi liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. Leytenant rütbəsi ilə Daşkəsən və Tovuz rayonlarındakı N saylı hərbi hissələrdə xidmət edib. Uğurlu xidmətinə görə müxtəlif medal və fəxri fərmanlarla təltif olunub.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində həmlə bölüyünün komandiri kimi döyüşə yollanır. Müharibənin ilk günü Murovdağ istiqamətində döyüşlər zamanı şəhadətə yüksəlir. Ceyhunun nəşini bir müddət neytral ərazidən götürmək mümkün olmur. Oktyabrın 12-də Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılır. Ölkə başçısının müvafiq sərəncamları ilə Ceyhun Əyyubov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin anası Arzu Əyyubova Ceyhunun hələ məktəb illərindən hərbə maraq göstərdiyini qeyd edir: “9-cu sinifdə oxuyurdu. Bir gün evə sevincək gəldi. Dedi ki, Cəmşid Naxçıvanski adına Hərbi liseydən gəlib, adımı o məktəbə yazmaq istəyirlər, nə məsləhət görürsən? Mən də razılıq verdim... Ona Ceyhun adını dayısı qoymuşdu. Dayısı, demək olar ki, onunla nəfəs alırdı. Ürəyi bu itkiyə dözmədi. Ceyhun şəhid olandan 3 ay sonra qardaşım vəfat etdi. Ondan bir neçə gün sonra isə atamı itirdik. Ceyhunun şəhidlik zirvəsinə ucalmasından bir neçə ay sonra isə digər oğlumun övladı dünyaya gəldi. Şəhid qardaşının adını oğluna verdi”.
Şəhidin atası Savalan Əyyubov bildirir ki, döyüş yoldaşlarının dediyinə görə, Ceyhun böyük həvəslə vuruşub. Ayağından yaralansa da, özü yarasını sarıyaraq döyüşü davam etdirir. Sonra bədəninin sol nahiyəsindən də yara alır. Lakin yenə də döyüşür. Hətta yaralı əsgərlərini döyüş meydanından çıxarır. Bu zaman mənfur düşmənin snayper gülləsinə tuş gələrək şəhid olur.
Bacısı Xanım Əyyubova qardaşı Ceyhunla fəxr etdiyini deyir: “Ceyhun mənə həm qardaş, həm də ata olub. Şəhid olmaq onun ən böyük arzusu idi. Mənə deyirdi ki, şəhidlik zirvəsinə yüksəlmək hər insanın işi deyil. Allah hər kəsə o zirvəni nəsib etmir. Mən fəxr edərəm ki, şəhid olaram. Yaxşı deyiblər, niyyətin hara, mənzilin ora. Qardaşım öz arzusuna çatdı, istədiyi o zirvəyə yüksəldi”.
Ceyhunun qardaşı Mirkazım məhz onun hərb sahəsini seçməsinə görə hərbçi olduğunu deyir: “Hərbi liseydə oxuyan zaman onu hərbi formada gördüm. Bu zaman hərbə istəyim yarandı. Mən də Ali Hərbi Məktəbə qəbul olundum.
Tovuz döyüşləri zamanı Milli Qəhrəman, general-mayor Polad Həşimovun şəhid olması Ceyhunu çox sarsıtmışdı. O, mənimlə danışanda bir gün düşməndən Milli Qəhrəmanımızın qisasını alacağını demişdi. Vətən müharibəsindən xeyli müddət əvvəl Polad Həşimov Ceyhunun xidmət etdiyi Daşkəsən rayon N saylı hərbi hissəsində olub. O, Ceyhuna gələcəkdə müharibə olarsa, hansı istiqamətdən irəliləmək lazım olduğunu bildirib. Vətən müharibəsi başlayan zaman Ceyhun və komandiri olduğu bölük itki vermədən məhz Polad Həşimovun dediyi istiqamətdə irəliləyiblər”.
Ceyhunun böyüdüyü evin qarşısında xatirə lövhəsi vurulub. Həmçinin təhsil aldığı orta məktəbin sinif otaqlarından birinə onun adı verilib. 28 yaşında şəhadətə yetən Ceyhundan geriyə qalan təkcə zabit poqonları, müxtəlif diplomlar və təltiflər deyil, həm də nəsillərə örnək olacaq şərəfli ömür və döyüş yoludur.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 25
noyabr.- S.6.