Qədim türk
yazılarının “dilini açan” alim
Türk xalqlarının tarixində 25 noyabr əlamətdar gün sayılır. Çünki bu gün türklərin qədim yazı mədəniyyətinin mövcudluğunun sübuta yetirildiyi bəyan olunub. Danimarkalı tanınmış alim Vilhelm Tomsen 1893-cü ildə ilk dəfə qədim türklərin Orxon və Yenisey daş kitabələrini oxuyub. O, bununla da türkologiya tarixində qədim türk əlifbasını oxuyan ilk alim kimi qalır. Bu il tədqiqatçının anadan olmasının 180 illiyidir.
Vilhelm Lüdviq
Peter Tomsen 1842-ci ildə
Danimarkanın paytaxtı Kopenhagendə dünyaya
göz açıb. Məktəbli
vaxtlarından xarici dillərə maraq göstərib. Orta məktəbi
bitirdikdən sonra Kopenhagen
Universitetinin Filologiya
fakültəsinə daxil olur.
Burada müqayisəli dilçiliyi,
habelə ərəb, ispan, rus, fin və macar dillərini öyrənir. “German dillərinin
fin-lapp dillərinə
təsiri” adlı ilk elmi əsərini yazır. Kitab elmi ictimaiyyət
tərəfindən maraqla
qarşılanır. Alim bu əsərində qədimdə
Şərqi germanlarda
klassik qot dilindən daha qədim bir ləhcənin mövcud olduğunu bildirir. Müəllifin tədqiqatı 1879-cu ildə ingilis və alman dillərinə
tərcümə olunur.
Elə bu əsərə görə
də V.Tomsen Berlin Akademiyasının mükafatına
layiq görülür,
həmin il
Danimarka Kral Akademiyasına üzv seçilir. Alim 1887-1913-cü illərdə Kopenhagen Universitetində
professor kimi fəaliyyət
göstərir.
V.Tomsenin elmi fəaliyyətində
qədim türk yazılı abidələrinin
öyrənilməsi mühüm
yer tutur. O, ömrünün
son 7 ilini ardıcıl
olaraq bu sahəyə yönəldir.
Onu da deyək
ki, XIX əsrin
90-cı illərinin əvvəllərinədək
qədim türk yazılı abidələrinin
aşkar edilməsi və mətnlərin nəşri sahəsində
xeyli iş görülsə də, bu yazıların sirrini açan olmamışdı. Tədqiqatçı 1892-ci
ildə bu yazıların tədqiqinə
başlayır. İki
Orxon abidəsinin mətnləri üzərində
iş aparır. İlk olaraq kitabələrdəki
sətirlərin yuxarıdan
aşağıya doğru
olduğunu, sətir sıralarının isə
sağdan sola düzüldüyü
qənaətinə gəlir.
Abidələrdəki əlifbanın isə
38 işarədən ibarət
olduğunu və sözlərin bir-birindən
iki nöqtə ilə ayrıldığını
müəyyən edir.
O, 1893-cü ildə apardığı
araşdırmalara dair
mətbuatda dərc etdirdiyi “İlk məlumat”ında yazır:
“İlk iş olaraq saitlər üçün xüsusi
işarələrin olub-olmadığını
və hansılarının
da ola
biləcəyini araşdırdım
və uğura çox asan nail oldum”.
Sonrakı mərhələdə alimin
bütün səyləri
hərflərin səs
dəyərini müəyyən
etməyə yönəlir. Onun aşkar
etdiyi ilk hərf
“ı-i” saitlərini bildirən işarə olur. V.Tomsen kitabələrin dilinin türkcə olduğunu müəyyən
edir. 1893-cü il noyabrın 5-də mətnlərdən “tanrı”
sözünü oxumağa
nail olur. Sonra “Kültigin” adını
müəyyən edir.
Həmin il
noyabrın 25-də uzun
axtarışların nəticəsi
olaraq bir saat ərzində bütün əlifbanı
tam şəkildə oxuyur.
Dekabrın 15-də Danimarka Kral
Akademiyasının iclasında
Orxon-Yenisey kitabələrinin
açılışı haqqında məruzə ilə çıxış
edir. V.V.Radlov
Sankt-Peterburqda, Rusiya Elmlər Akademiyasının
iclasında V.Tomsenin kəşfinə istinadən
Kültigin abidəsinin
tərcüməsini təqdim
edir. Bu işin
mühümlüyü nəzərə
alınaraq Elmlər Akademiyası tərcümənin
çoxaldılıb ilk təcrübə
kimi müxtəlif elmi cəmiyyətlərə
göndərilməsinə icazə verir. İlk nüsxə V.Tomsenə göndərilir. 1894-1895-ci
illərdə “Monqolustanın
qədim türk yazıları” seriyasından
daha üç əsər nəşr etdirilir.
Bakı Dövlət Universitetinin professoru Elbrus Əzizov araşdırmasında yazır ki, 1896-cı ildə Helsinkidə V.Tomsenin “Açılmış Orxon kitabələri” əsəri nəşr edilir. İki hissədən ibarət olan araşdırmanın birinci hissəsi “Əlifba” adlanır. Burada Orxon-Yenisey yazılarının əlifbası, saitləri və samitləri ifadə edən işarələr, onların işlənmə xüsusiyyətləri geniş təhlil olunub. Yazılardakı iki nöqtənin işlənmə qaydaları dəqiqliklə izah edilib. Bu hissədə qədim türk əlifbasının mənşəyi məsələsi də araşdırılıb. Əsərin ikinci hissəsində müəllifin qədim türk tarixi ilə əlaqədar tədqiqatı, fin atlasındakı birinci və ikinci abidələrin mətnlərinin transkripsiyası, fransız dilinə tərcüməsi, mətn və tərcüməyə dair izahlar və nəhayət, adları, mövzuları, türk sözlərini və qrammatikanı əhatə edən indeks verilib. V.Tomsen Kültigin abidəsindəki çincə mətnin E.H.Parker tərəfindən ingiliscəyə tərcüməsini də öz əsərinə daxil edib.
Qədim yazıları oxumaqda
böyük şöhrət qazanan alim
Macarıstanın Nadsentmikloş kəndində
tapılan peçeneq abidələrində
də tədqiqat aparıb. Müxtəlif qablar
üzərindəki yunan və qədim türk hərfləri ilə olan
yazıları oxuyub.
V.Tomsenin 1924-cü ildə alman dilində nəşr olunmuş “Monqolustanın qədim türk yazıları” adlı əsəri böyük alimin qədim türk abidələrinin öyrənilməsi sahəsində çoxillik əməyinin yekunu hesab olunur. 1926-cı ildə Bakıda I Türkoloji Qurultay keçirilərkən türkologiyaya böyük töhfələr verən bu görkəmli alimin xidmətləri bir daha yada salınır. O, qurultayın rəyasət heyətinə fəxri üzv seçilir.
Türkologiya tarixində silinməz iz qoyan Vilhelm Tomsen 12 may 1927-ci ildə Kopenhagendə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 25
noyabr.- S.6.