“Xalq musiqisini dərindən bilməsi Fikrət
Əmirovun yaradıcılıq uğurunun əsas amili idi”
Sevil Əmirova: “Atam hiss etsəydi ki,
övladlarında musiqiyə həvəs yoxdur, heç vaxt
musiqi təhsilimizdə təkid etməzdi”
Bu ilin mart ayında Prezident İlham Əliyev dünya şöhrətli bəstəkar, Azərbaycan və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Dahi sənətkarın yubileyi ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd olunur.
Bəstəkarın qızı, musiqiçi Sevil Əmirova ilə müsahibəmizdə atasının həyat yoluna nəzər saldıq, ilk olaraq əlamətdar yubileylə bağlı təəssüratlarını öyrəndik.
– Prezident İlham Əliyevin sərəncamına əsasən, Fikrət Əmirovun yubileyi ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd edilir. Buna görə ailəmiz adından Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Onun diqqət və qayğısı sayəsində ölkəmizin mədəniyyəti, incəsənəti beynəlxalq səviyyədə tanıdılır, təbliğ olunur.
Atamın 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər ilin əvvəlindən etibarən dünyanın məşhur TV kanallarında, mətbu orqanlarında işıqlandırılır. Möhtəşəm konsert salonlarında və teatr səhnələrində konsertlər, festivallar keçirilir, tamaşalar, fotosərgilər nümayiş olunur. Həmçinin bu günlərdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Fikrət Əmirovun 100 illiyi münasibətilə musiqi festivalı keçirilir.
– Noyabrın 3-də UNESCO-da Fikrət Əmirovun yubiley təntənəsi oldu. Siz də iştirak etdiniz. Təəssüratınız necədir?
– Bəli, UNESCO-nun mənzil-qərargahındakı təntənəli tədbirdə mən də iştirak etdim. Tədbir çox yüksək səviyyədə keçdi. Konsertdə müxtəlif ölkələrdən diplomatlar, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, media mənsubları və Fransada yaşayan soydaşlarımız iştirak edirdilər. Yubiley gecəsi nümayəndəliyimizin təşkil etdiyi ziyafətlə yekunlaşdı. Bu möhtəşəm tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, UNESCO yanında daimi nümayəndəliyimizə, Fərhad Bədəlbəyli, dirijor Fəxrəddin Kərimov başda olmaqla Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bütün üzvlərinə, solistlərə, ümumiyyətlə, bu tədbirin təşkilində əməyi olanların hər birinə dərin təşəkkürümü bildirirəm.
– Atanız Azərbaycan bəstəkarlıq məktəbində novator sənətkar kimi xatırlanır. Simfonik muğam janrı onun adı ilə bağlıdır. Sizcə, onun sənət uğurlarının əsasında nə dayanırdı?
– Fikrət Əmirov Avropa musiqi məktəbi ənənələrini mükəmməl mənimsəmişdi. Azərbaycan xalqının musiqi irsini dərindən bilməsi və ona olan hədsiz sevgisi atamın yaradıcılıq uğurunun əsas amili idi. Bütün bu amillər məhz yeni bir janrın – simfonik muğamın yaranmasına gətirib çıxarıb. Məhz buna görə “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan elləri” və ən önəmlisi “Şur”, “Kürd ovşarı”, “Gülüstan – Bayatı-Şiraz” simfonik muğamları kimi dəyərli əsərləri meydana gəlib.
– Simfonik əsərlərlə yanaşı, bəstəkarın mahnıları da unudulmaz və xalqa yaxındır. Onun milli musiqiyə bu qədər bağlılığını nə ilə izah edərdiniz?
– Fikrət Əmirov tanınmış xanəndə və tarzən Məşədi Cəmil Əmirovun ailəsində Gəncə şəhərində anadan olub. Babam əslən Şuşadan olduğuna baxmayaraq, ömrünün ikinci yarısını Gəncə şəhərində aktiv musiqi və maarifçiliyə həsr edib. Onun evində tez-tez musiqi axşamları təşkil olunarmış. Həmin məclislərdə Azərbaycan musiqiçiləri ilə yanaşı, qonşu ölkələrdən də musiqiçilər iştirak edərmişlər. Məhz bütün bunların nəticəsi idi ki, 7 yaşlı Fikrətin ilk ifa etdiyi musiqi aləti tar idi. Və bu bağlılıq onu ömür boyu müşayiət edirdi.
– Dünya şöhrətli bəstəkarın davamlı səfərləri, konsertlər, ictimai fəaliyyət – bütün bunlar, sözsüz ki, ailəyə ayrılan zamandan kəsilirdi. Atanızla ünsiyyətiniz, münasibətləriniz oxucularımız üçün də maraqlı olar...
– Bəli, atam tez-tez xarici səfərlərdə olardı. Biz onun bu səfərlərdən qayıtmasını səbirsizliklə gözləyərdik. O, qayıtdıqdan sonra təəssüratlarını bizimlə bölüşərdi. Çox zaman ölkələrdən musiqi valları, suvenirlər gətirərdi. Müxtəlif ölkələrin musiqi ənənələrindən, insanlarından, mədəniyyətlərindən söhbətlər edərdi. Bunlarsa bizim üçün çox maraqlı idi.
– Ən çox bəyəndiyi ölkə hansı olmuşdu?
– Türkiyə, ərəb ölkələri, İran, Avropa ölkələri, ABŞ, Meksika və s. Hər zaman səfərlərdən çox böyük təəssüratlarla qayıdardı. Zənnimcə, Şərq ölkələri onun temperamentinə daha uyğun idi.
– Xaricdə qalıb fəaliyyətini davam etdirmək təklifi almışdımı?
– Həmin dövrü siz də bilirsiniz. Ona belə təkliflər az olmamışdı. Amma o, Vətənə bağlı insan idi. Atamda bu hiss, bu duyğu güclü idi. Bir məsələ də var ki, Fikrət Əmirov burada bütün qayğı ilə əhatə olunmuşdu. Şöhrəti və xalqın sevgisi var idi. O, başqa ölkədə yaşaya bilməzdi. Bir xatirəmi yada salım. Bir dəfə atamla anam İsveç səfərindən qayıdanda biz onları Moskvada hava limanında qarşıladıq. O vaxt təyyarə Moskvaya, daha sonra Bakıya uçurdu. Onun təyyarədən düşəndə necə sevindiyinin şahidi olmuşam. Hələ Moskvada belə tezliklə Bakıya çatmasını gözləyirdi. Bilirdi ki, iki saatdan sonra Azərbaycanda olacaq. Xalqımız öz musiqi xadimlərini hər zaman dəyərləndirib. Onlar da bu sevgini doğrultmuşdular.
– Evdə işləyərkən xüsusi tələbləri vardımı?
– Bəli,
nizam-intizamı sevən insan idi. Eyni dərəcədə
də səmimi və mehriban. Hər gün səhər
saat 9 tamamda onun iş saatı başlayardı. Əvvəl
partituralarla məşğul olardı, daha sonra fortepiano
arxasına keçərdi. Arada fasilə
edib yenidən işlə məşğul olurdu. Heç yorulmazdı. Çox əməksevər
idi. Evdə bizə qarşı çox
sakit və təmkinli idi. Səsini
ucaltdığını, narazı olduğunu heç zaman
görmədik. Təvazökar insan idi.
–
Tanınmış insanlardan daha çox kimlər evinizə
qonaq gəlirdi?
– Rəşid
Behbudov, Cövdət Hacıyev, Şəmsi Bədəlbəyli,
Teymur Elçin, Bəhram Mansurov, Niyazi və digər
dostları. Atamın onlarla münasibəti
çox yaxşı idi. Uşaqlıq
xatirələrimdə onların bizə gəlişi ilə
bağlı, evimizdə olduqları zamanlara dair unudulmaz xatirələr
var. Çevrəsi çox geniş idi. Nəinki
incəsənət aləmində, eyni zamanda digər sahələrdə
fəaliyyət göstərən insanlarla da dostluq edərdi.
Atamın qapısı hər zaman dostlara
açıq olardı.
– Bəzi
tanınmış şəxsiyyətlər, atanızın
dostları həm də onun “Simfonik portretlər”inin qəhrəmanlarıdır.
Sizcə, həmin şəxsiyyətlərin
xarakterləri əsərə necə sirayət edib?
– 1970-ci
illərdə yazılan bu əsərdə Azərbaycanın
görkəmli mədəniyyət və incəsənət
xadimləri olan Üzeyir Hacıbəyli, Cəfər
Cabbarlı, Bülbül, Səməd Vurğun, Hüseyn Cavid
və Niyazi kimi şəxsiyyətlərin obrazlarını
öz musiqisi ilə təqdim etməyə
çalışıb. “Azərbaycan ədəbiyyatı
və incəsənətinin altı böyük
ustadının obrazları yaradılıb. Onlardan hər biri mənim bəstəkar kimi təşəkkül
tapmağımda böyük rol oynayıb. Mən məmnuniyyətlə onlara sevgi və ehtiram
borcumu qaytarıram”. Bu fikirləri atam qeyd
etdiyiniz əsər haqqında söyləyib.
–
Atanızı xatırlayarkən ilk olaraq
düşündüyünüz nə olur?
–
Düşüncəli insan obrazı, fikri hər zaman musiqidə
olan, bizə qarşı çox mehriban ata. Eyni
zamanda işində emosional sənətkar.
– Sizin və
qardaşınızın peşə seçimində necə,
bir rolu olubmu?
– Əgər o hiss etsəydi ki, mən və
qardaşımda musiqiyə həvəs yoxdur, bizim musiqi təhsilimiz
üçün heç vaxt təkid etməzdi. Lakin biz musiqi
sahəsinə gəldikdən sonra müəllimlərin
seçimində və təhsilin keyfiyyətində tələbkar
idi. Təbii ki, biz də təhsilə
böyük məsuliyyətlə yanaşırdıq.
– Adət-ənənələrə
münasibəti necə idi? Mühafizəkar
deyildi ki?
– Onun
xarakterində maraqlı bir çalar var idi. Nəinki
bizim adət-ənənələrə, hətta başqa
ölkələrin adətlərinə də hörmətlə
yanaşırdı. O qədər təmkinli insan idi ki. Hər cümləsi, hər fikri tutarlı, sanki
aforizm idi. Müraciətdə də,
münasibətdə də diqqətli idi. Bu
baxımdan adətlərə də böyük ehtiram göstərirdi.
Amma bununla bərabər o çox müasir insan
idi. Geyimində də, xasiyyətində də.
Gələcəyi görən idi.
– Musiqidən
savayı bir hobbisi vardımı?
– Ədəbiyyat, xüsusilə tarixi və avtobioqrafik əsərləri
sevir, müxtəlif xalqların mədəniyyəti ilə
maraqlanırdı.
– Bilirik
ki, atanız II Dünya müharibəsində iştirak edib. Heç müharibə ilə bağlı xatirələrindən
ailəsinə danışardımı?
–
Müharibəyə getdiyi ilk vaxtlarda yaralanması,
ağır şəraiti, xəstəliyi və s. onun həyatında
dərin iz buraxmışdı və bu haqda
danışmağı sevməzdi.
– Adınız “Sevil” əsəri ilə əlaqəlidir. Atanız bu
barədə sizə nəsə demişdi?
– “Sevil” operasının premyerası
1953-cü ildə olmuşdu. Mən də həmin il anadan olmuşdum. Atam
operanın qəhrəmanının adını mənə
qoyub.
–
Ananız həkim olub: həkim və bəstəkar. Bu tandem ailədə özünü necə
büruzə verirdi?
– Anam Aidə Əmirova mükəmməl təhsilə
malik, nəcib və arif insan idi. O, ailə qurduqdan sonra
ömrünün sonuna qədər Fikrət Əmirovun
yanında onun həyat və
yaradıcılığının bütün mərhələlərində
atama dayaq olub.
– “Min bir gecə” baletini də ananıza həsr edib.
Tarixçəsindən məlumatınız
varmı?
– Bəli,
atam 1979-cu ildə yazdığı bu məşhur əsərini
anama həsr etmişdi. Baletin
partiturasının titul vərəqində “Həyat
yoldaşım Aidaya” sözlərini yazmışdı. “Min bir gecə baleti” onun axırıncı
tamamlanmış işi idi. Yəqin ki, bunda bir simvolizm
var idi...
–
Atanızın dünyasını dəyişdiyi anı necə
xatırlayırsınız?
–
Atamın ölümündən 38 il
keçib. Həmin günü heç vaxt yada
salmaq istəmirəm. Mənim
üçün Fikrət Əmirov musiqidə yaşayır.
Musiqilərində atamın ruhunu hiss edirəm. Hər
bir əsərində atamla birgə
yaşadığımız günlərin müxtəlif
sevincli anlarını xatırlayıram. Özüm
də musiqiçi olduğum üçün mənim
bütün yaddaşım atamın
yaradıcılığı və notları ilə sıx
bağlıdır. Hər bir əsər səslənəndə
mən qeyri-ixtiyarı həmin əsər yazılan zaman
baş verən hadisələri, yaşanılan günün
xatirəsini bütün vücudumla hiss edirəm.
– Ötən
il anım tədbirində qeyd etmişdiniz
ki, hər hansı bir ciddi məsələdə həmişə
atanızla məsləhətləşərdiniz. Övladlarına ən çox nəyi məsləhət
bilərdi?
– Əlbəttə. Biz hər zaman atamın məsləhətlərini
dinləyərdik. Atam daxilən o qədər alicənab insan idi ki,
oğlunu da, qızını da özünə dost kimi
yüksək tuturdu. Biz
düşünürdük ki, atamla hər mövzuda
danışıb məsləhət ala bilərik. Bu, ailədə çox vacib şərtdir. Anam da bizimlə açıq idi. Məsləhətlərini də təkidlə verməzdilər.
Atam məsləhətində hər zaman yol
göstərərdi. Bu mövzuda avtoritar
deyil, hər zaman dostcasına yanaşırdı məsələyə.
Ümumiyyətlə, bu məsləhətlərin
çoxu bizim təhsilimiz və musiqi aləmində yerimizlə
bağlı idi. Məsələn,
qardaşım Cəmil caz yolu ilə gedirdi. Atam bunu
görürdü və heç vaxt demirdi ki, sən mənim
yolum ilə get və klassik musiqi ilə məşğul ol və
s.
– Fikrət
Əmirovun yaradıcılığının məhsuldar illərində
musiqi sahəsində digər korifey sənətkarlar Qara Qarayev,
Cövdət Hacıyev və digər imzalar var idi. Sənət mübahisələri, yaxud fikir
mübadilələri olurdumu?
– Onun
dostları, həmkarları ilə çoxlu fotoları var. Mən
bildiyim qədər, həmkarları ilə bir-birlərini
çox gözəl anlayırdılar. Bilirdi
ki, özü də məşhurdur və qarşısında
olan həmkarı da məşhurdur. Hərəsinin
öz yolu var idi. Alicənab sənət
adamları heç vaxt bir-biri ilə mübahisə etməz.
Bəlkə də ürəklərində nəsə
olsa da, amma heç vaxt açıq şəkildə
büruzə vermədilər. Şahidi
olduğum söhbətlərdə onlar yalnız sənətdən
danışardılar. Əgər belə
bir ciddi nüanslar olubsa da, həmin söhbətlər Bəstəkarlar
İttifaqının iclaslarında, müzakirələrdə
baş verərdi. Evdə isə
dostları ilə öz musiqiləri və əsərlərini
müzakirə edərdilər. Atam kiməsə qibtə
edirdi, ya kimsə ona, bunu demək bir az
absurd olar. Çünki o, hələ gənc ikən
bir sıra yüksək mükafatlara layiq
görülmüşdü.
– Dahi bəstəkarın yolunu
siz, qardaşınız Cəmil Əmirovla yanaşı,
qızınız Nəzrin Əfəndiyeva da davam etdirir. Bəlkə
bir qədər Nəzrinin fəaliyyətindən
danışaq...
– Nəzrinin
uşaq yaşlarından musiqiyə həvəsi vardı. O
özü bu həvəsini babası ilə əlaqələndirir.
Musiqi təhsilini Bakıda Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində piano üzrə Aliyə
Əliyevanın sinfində alıb. 1995-ci ildə
Brüssel Kral Konservatoriyasına qəbul olaraq professor Yevgeni
Mogilevskinin sinfində oxuyub. 2001-ci ildə
konservatoriyanı ilk azərbaycanlı olaraq piano ixtisası
üzrə fərqlənmə diplomu ilə bitirib. Beynəlxalq aləmdə babasının irsinin
tanıdılmasında da layihələrlə
çıxış edir. 2017-ci ildə Nəzrin tərəfindən
yaradılan “Manestri” adlı trionun “Esprit nomades” adlı
kompakt-diskində Fikrət Əmirovun əsərləri də
yer alıb. O həm də 2019-cu ildə Brüsseldə
qeydiyyatdan keçmiş Fikrət Əmirov Beynəlxalq
Assosiasiyasının prezidentidir. Bu ilin sentyabr
ayında Belçikada assosiasiya tərəfindən Fikrət
Əmirovun 100 illik yubileyinə həsr olunmuş musiqili-ədəbi
tədbir keçirilib. Tədbirdə
“Manestri” triosu tərəfindən bəstəkarın əsərləri
Nizami Gəncəvinin fransız dilinə tərcümə
olunmuş bədii nümunələrindən
parçaların müşayiəti ilə təqdim edilib və
bu sintez belçikalılar tərəfindən rəğbətlə
qarşılanıb. Müxtəlif əsrlərdə
yaşamış iki dahi azərbaycanlının söz və
musiqi irsinin bir gecədə səslənməsi mədəniyyətimizin
zəngin tarixini və müasirliyini, eləcə də
özünəməxsusluğunu göstərmiş oldu.
– Bildiyim
qədər, atanızın əsərlərinin not
yazılarının bəziləri Musiqi Mədəniyyəti
Dövlət Muzeyindədir. Ümumiyyətlə,
əsas arxiv necə qorunur?
–
Atamın arxivi qardaşım Cəmil Əmirovdadır və
qorunub saxlanmasını o həyata keçirir.
–
Maraqlı müsahibəyə görə təşəkkür
edirəm.
– Mən
də diqqətə görə qəzetinizə minnətdaram.
L.Azəri
Mədəniyyət.- 2022.- 25
noyabr.- S.5.