“Kəlağayı günü” münasibətilə tədbir keçirilib

 

2014-cü il noyabrın 26-da Azərbaycanın kəlağayı sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Müvafiq qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyasında qəbul olunub.

Bu əlamətdar günün ildönümündə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi (İB) Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim edib.

“Kəlağayı günü” münasibətilə təşkil olunan konsertdən öncə sərgiyə baxış keçirilib. Sərgidə ictimai birliyin tərtib etdiyi “Azərbaycan kəlağayısı – min illərin yadigarı” kitabı, ictimai birliyin nəzdindəki muzeydə toplanan kəlağayılar, rəssam Sehran Allahverdinin “Kəlağayı” kompozisiyası, rəssam Gülnarə Məmmədovanın əsərləri, Basqal ustalarından Mürşüd Talıbovun kəlağayı üzərində işlənmiş əl işləri nümayiş etdirilib.

Konsert proqramında Azərbaycan kəlağayısını vəsf edən mahnı və şeirlər səslənib, rəqs kompozisiyası təqdim edilib.

Kəlağayı ustası Mürşüd Talıbov Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin portreti işlənmiş kəlağayını ictimai birliyin muzeyində nümayiş olunmaq üçün qurumun sədri, şair-publisist Güllü Eldar Tomarlıya təqdim edib. Rəssam Gülnarə Məmmədova da kəlağayılı qızları təsvir etdiyi əsərlərini muzeyə hədiyyə edib.

Tədbirdə Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri də iştirak ediblər. Şəhid Əlizamin Mustafalının anasına xarıbülbül elementləri ilə bəzədilmiş kəlağayı hədiyyə olunub.

 

Mədəniyyət.- 2022.- 30 noyabr.- S.7.