İstanbul Universitetində
Hüseyn Cavidə həsr olunmuş simpozium
Noyabrın
25-də İstanbul Universitetinin Ədəbiyyat fakültəsində
Azərbaycanın mütəfəkkir şair və dramaturqu
Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar simpozium
keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı
Baş konsulluğunun təşkilatçılığı
ilə gerçəkləşib.
Simpoziumun
açılışında çıxış edən
ölkəmizin İstanbuldakı baş konsulu Nərminə
Mustafayeva Hüseyn Cavidin bütün Türk
dünyasının böyük ədibi olduğunu
vurğulayıb. O, milli dəyərlərimizin qorunub
saxlanılması və gələcək nəsillərə
çatdırılmasında
türk dünyası mütəfəkkirlərinin tarixi
missiyasından bəhs edib.
Tədbir
iştirakçılarını salamlayan İstanbul
Universitetinin prorektoru professor İlyas Topsakal bu ali təhsil
müəssisəsinin Azərbaycanla bağlı bir çox tədbirlərə
imza atdığını vurğulayıb.
Hüseyn
Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil,
bütün türk dünyasını bağlayan ən
mötəbər mənəvi körpülərdən biri
olduğunu deyən İlyas Topsakal böyük şairin vətəni
Naxçıvan üzərindən keçəcək yolun da
türk coğrafiyasını birləşdirəcəyini
bildirib.
Simpozium məruzələrlə
davam etdirilib.
İstanbul
Universiteti Ədəbiyyat fakültəsinin dekanı professor
Hayati Develinin moderatorluğu ilə keçirilən tədbirdə
Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru
akademik Rafael Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş
redaktoru Azər Turan və Mərmərə Universitetinin
müəllimi Mehdi Gəncəlinin ədəbiyyatımızın
görkəmli nümayəndəsinin həyat və
yaradıcılığı barədə məruzələri
dinlənilib.
Məruzələrdə
bildirilib ki, üzərindən bir əsrdən çox vaxt
keçməsinə baxmayaraq bu gün də Hüseyn Cavidin əsərlərinin
oxunması, sevilməsi və şairin öyrənilməsi
bunun ən böyük sübutudur. Hüseyn Cavid kimi insanlar
üçün dünya gəlirli-gedərli deyil, belə
şəxsiyyətlər əbədi yaşayırlar.
Ədibin
həyatının bəzi məqamlarına xüsusi toxunulan
çıxışlarda şairin İstanbul Universitetində
təhsil aldığı illər haqqında
danışılıb.
Akademik
Rafael Hüseynov “Cavidin gəlişi, gedişi və
dönüşləri” adlı məruzəsində deyib: “Cavid və onun kimi bir
çox gənci zamanın umduğunu, onlar
yaradıcılıq səhnəsinə vaxtın hökmü
ilə gəldilər. Vaxt keçdikcə Cavidə ata-baba
yurdu Naxçıvan dar gəlirdi, ona yeni üfüqlər
lazım idi. Oxumaq, daha çox biliklər qazanmaq, yeni
dövrün çağırışlarına cavab verməyə
hazır olmaq istəkləri Hüseyn Rasizadəni İrana
apardı, orada əvvəldən də bildiyi farscasını
mükəmməlləşdirdi, zəngin bir ədəbiyyat
dünyasına daxil oldu. Lap az sonra, 1906-cı ilin aprelində
isə “Paqi” adlı fransız gəmisi onu İstanbula gətirirdi.
Bunu xüsusi vurğulamağım səbəbsiz deyil.
Çünki bir rəmz kimi idi. Bu gənc İstanbula
yalnız bir türk yurduna gedən kimi gəlmirdi. Bu gəliş
həm də onun üçün Qərbə, Avropaya
açılan pəncərə, daha artıq
çağdaşlaşmaq fürsəti idi. Bura gələnəcən
ana dilindən savayı farscanı, ərəbcəni bilirdi. Gəlişindən
az sonra, 1906-cı ilin oktyabrında Naxçıvana o
çağın tanınmış ziyalısı Qurbanəli
Şərifzadəyə məktubunda xəbər verirdi ki,
İstanbul Universitetində gündə bir saat fransızca dərs
almaqdan əlavə gündə üç saat da qonşusu
Şeyx əfəndidən fransızca öyrənir, həmçinin
osmanlıcasını təkmilləşdirir”.
Akademik bildirib ki, Hüseyn Cavid İstanbula gələrkən onun ürəkdən istədiyi bir başqa cəhət azad ifadə imkanı və meydanı idi: “Bunu həm tapır, həm tapmır. Elə təzə gəldiyi çağlarda şikayətlənirdi ki, İstanbulda çox böyük qiraətxana və kitabxanalar var, amma layiqincə kitablar və qəzetlər yoxdur. Çünki bəzi mündəricat və mətbuat qadağandır. İstanbulda aldığı ədəbi tərbiyə və zövq dərsləri, Cavidi Anadoluda yetişdirən mühitin təsiri həmişəlik onunla qaldı. Yazısının üslubundan, deyiş tərzindən başlayaraq geyim-keciminədək hər məqamda bu cazibə hiss olunurdu. Ancaq illər keçəcək, Cavidi başqalarından seçdirən, cazibədar edən bu əlamətlərin hamısı onun əleyhinə dönəcək. Onu inadla bu məziyyətlərindən arınmağa dəvət edəcəklər. Tabe olmayanda, dirəniş göstərəndə isə ona “turançı”, “ifrat türkçü” yarlığı yapışdırıb sovetin düşmənləri sırasına qatacaqlar...”
Simpoziumda daha sonra Hüseyn Cavidin xatirəsinə həsr edilən qısa film nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycanın Əməkdar incəsənət
xadimi, aktrisa-rejissor Məlahət Abbasova və azərbaycanlı
aktrisa Nigar Bahadırqızı şairin şeirlərini
söyləyiblər. Xalq artisti Əlixan Səmədov və
Türkiyədə yaşayan həmvətənimiz Elgün
Quliyevin ifasında Azərbaycan musiqiləri səslənib.
Mədəniyyət.- 2022.- 30
noyabr.- S.6.