Mədəniyyət Nazirliyi
sistemindəki kitabxanalara işə qəbul
üzrə test imtahanı keçirilib
Kitabxana işi üzrə aparılan islahatlar çərçivəsində Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalarda peşəkar insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə həmin müəssisələr üzrə vakant vəzifələrə işə qəbul bundan sonra müsabiqə əsasında aparılacaq.
Test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə hər bir vəzifənin əmək funksiyalarına dair müəyyən edilmiş normativlər üzrə həmin vəzifəyə iddia edən şəxslərin bilik səviyyəsi və peşə hazırlığı, o cümlədən məntiqi təfəkkür və dünyagörüşün yoxlanılmasını nəzərdə tutur.
Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə 28 noyabr tarixində Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçən 357 namizəddən 319 nəfəri iştirak edib.
Test imtahanın nəticələri 2 dekabr 2022-ci il tarixində namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.
Məlumat üçün bildiririk ki, keçirilən test imtahanı üçün tərtib olunmuş sual kitabçası kitabxana işinə dair normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sualı özündə ehtiva edib.
Namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 70% (35 düzgün cavab), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 60% (30 düzgün cavab) və digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 50% (25 düzgün cavab) müsbət nəticə əldə etməlidirlər.
Mədəniyyət.- 2022.- 30
noyabr.- S.3.