ICESCO-nun Peyğəmbər və İslam Sivilizasiyası Muzeyi ziyarət üçün açılıb

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin paytaxtı Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyi ziyarətçilərin üzünə açılıb.

Təşkilatdan bildiriblər ki, ICESCO, Müsəlman Dünya Liqası (MWL) və Məhəmmədiyyə Alimlər Liqası arasında tərəfdaşlığın bəhrəsi olan bu muzeylə yanaşı, burada İslam mədəni irsi nümunələrindən ibarət sərgi də fəaliyyət göstərir.

Sərgi və muzey üç əsas komponentdən ibarətdir. MWL tərəfindən idarə olunan birinci komponent Məhəmməd peyğəmbərin həyatı ilə bağlı eksponatları ehtiva edir. Burada müxtəlif nadir artefaktlar, nəşrlər, hədiyyələr yer alıb. Məhəmməd peyğəmbərin dövründə olduğu kimi Kəbə, Məkkə əl-Mükərrəm və Mədinə əl-Münəvərranın maketləri də nümayiş etdirilir.

Peyğəmbərin otağının panoramı muzeyin ikinci komponentidir. Məhəmməd  peyğəmbərin gündəlik həyatı öz şərəfli otağında tarixdə ilk dəfə olaraq 3D təsvir və virtual reallıqdan istifadə etməklə nümayiş olunur.

Üçüncü komponent isə “Mərakeşlilərin məhəbbət və sədaqət rəmzi olan Peyğəmbəri-Əkrəmə bağlılıq sərgisi”dir. Bu sərgidə tarixi əlyazmalar, nadir rəsmlər və sikkələr, Mərakeş memarlığının maketləri, bəzək və yazılar, ənənəvi alətlərdən ibarət xəzinələr təqdim olunur.

Xatırladaq ki, ICESCO-nun baş direktoru Salim əl-Malik noyabrın 20-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdən sonra onu təşkilatın qərargahında yeni yaradılmış muzeylə tanış edib. Anar Kərimov muzeylə tanış olan ilk xarici ölkə mədəniyyət naziridir. Ekskursiyanın sonunda nazir muzeyə Azərbaycan dilində Qurani-Kərim hədiyyə edib.

 

Mədəniyyət.- 2022.- 30 noyabr.- S.8.