Vətəndaşların növbəti qəbulu
Yevlax şəhərində keçirilib
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Qəbulların məqsədi sakinlərin müraciət və problemlərinin yerində dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılmasıdır.
Mədəniyyət naziri Anar Kərimovun vətəndaşlarla növbəti görüşü noyabrın 29-da Yevlax şəhərində keçirilib. Görüşdə Yevlax və Mingəçevir şəhərlərinin, Bərdə və Tərtər rayonlarının sakinləri, eləcə də digər rayonlardan qəbula yazılmış vətəndaşlar iştirak ediblər.
Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Anar Kərimov Heydər Əliyev Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, 2005-ci ildən fəaliyyət göstərən mərkəzdə ümummilli lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Mərkəzdə müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.
Sonra nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən, işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, şəhidin adının təhsil ocağında əbədiləşdirilməsi, şəhidlər haqqında sənədli filmlərin yerlərdə nümayişinə dəstək göstərilməsi, fəxri adın verilməsi, mədəniyyət ocaqlarının fəaliyyəti və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Mədəniyyət.- 2022.- 30
noyabr.- S.2.