Mədəniyyət müəssisələrində
fəaliyyət müasir tələblərə
uyğun qurulmalıdır
Mədəniyyət Nazirliyi sistemində idarəçiliyin təkmilləşdirilməsi, o cümlədən regionlardakı mədəniyyət müəssisələrində fəaliyyətin müasir tələblərə uyğun şəkildə qurulması məqsədilə hazırlanmış plana uyğun olaraq, yerlərə mütəmadi şəkildə səfərlər təşkil edilir. Mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərində olub.
Nazir Anar Kərimov və şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Səfər çərçivəsində mədəniyyət naziri bir sıra mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.
Mingəçevirdəki Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və müxtəlif eksponatlar nümayiş olunur.
Sonra nazir Mingəçevir Dövlət Rəsm Qalereyasına baş çəkib. Məlumat verilib ki, mədəniyyət ocağı 1987-ci ildə yaradılıb. Hazırda qalereyanın fondunda 231 əsər var.
Mingəçevir Şəhər Tarix Muzeyinə də baxış keçirilib. Qeyd olunub ki, muzey 1968-ci ildə yaradılıb, hazırda fondunda 15561 eksponat saxlanılır. Burada e.ə. III-I minilliklərə aid maddi mədəniyyət nümunələri də qorunur. Muzeyin 2009-cu ildə istifadəyə verilən binasında 2017-ci ildə cari təmir işləri həyata keçirilib.
Mingəçevir şəhər MKS-nin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1956-cı ildən oxuculara xidmət göstərir.
Nazir daha sonra şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinə gəlib. Mərkəzin (2000-ci ildən 2015-ci ilədək Mədəniyyət evi kimi fəaliyyət göstərib) 5 filialı var. 1983-cü ildə inşa edilən binada 2019-2021-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılıb. Mərkəzin binasında fəaliyyət göstərən Mingəçevir şəhər MKS-nin Nizami Gəncəvi adına 9 nömrəli kitabxana filialına baxış keçirilib.
Səfər zamanı Anar Kərimov Mingəçevir Dövlət Dram Teatrında da olub. Nazirə teatrın fəaliyyəti və maddi-texniki imkanları barədə məlumat verilib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci ildə teatrın 50 illiyi qeyd olunub. Mədəniyyət ocağı ölkə əhəmiyyətli memarlıq abidəsi olan binada fəaliyyət göstərir.
Sonra nazir Mingəçevir şəhər Ü.Hacıbəyli adına Musiqi məktəbinə baxış keçirib. Məktəbdə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılır. Nazirin diqqətinə çatdırılıb ki, 1954-cü ildə fəaliyyətə başlayan təhsil ocağı 2001-ci ildən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyır. 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Tədris ocağında fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris olunur. 683 şagirdin təhsil aldığı məktəbdə 212 müəllim çalışır.
Anar Kərimov Mingəçevirdəki mədəniyyət müəssisələrində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması, mədəni xidmətin, habelə bədii təhsilin keyfiyyətinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Mədəniyyət işçiləri ilə görüş
Noyabrın 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində nazir Anar Kərimovun mədəniyyət işçiləri ilə görüşü keçirilib.
Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsi üzrə – Yevlax və Mingəçevir şəhərləri, Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri və nazirliyin məsul əməkdaşları iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, bölgələrə müntəzəm səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyən etmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri barədə yerində məlumatlandırmaq, həmçinin bu sahədə fəaliyyət göstərən insanları nazirlik tərəfindən aparılan islahatlara daha fəal cəlb etməkdir.
Görüş zamanı Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar, nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, gələcək planlar barədə danışılıb, həmçinin mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Anar Kərimov bildirib ki, mədəniyyət işçiləri dövrün tələbləri, eləcə də nazirliyin qarşısında qoyulan vəzifələrə uyğun olaraq işlərində dönüş yaratmalıdırlar. Peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın olmadığı mühitdə inkişafa nail olmaq çətindir. Qeyd edilən bu nüanslar daim diqqətdə saxlanılmalıdır.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Görüşdən sonra mərkəzin foyesində konsert proqramı təşkil edilib.
Konsertdə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına İncəsənət məktəbinin “Banu” rəqs qrupu (“Zəfər” rəqsi), “Kamera” ansamblı (“Aşıqsayağı”), Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına Musiqi məktəbinin müəllimlərdən ibarət vokal qrupu (“Gülür ellər”), VIII “Muğam” televiziya müsabiqəsinin iştirakçısı Sabir Hüseynov (“O xal nə xaldır”), Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Musiqi məktəbinin müəllimlərdən ibarət “Xarıbülbül” xor kollektivi (“Cənnətim Qarabağ”) çıxış edib.
Mədəniyyət.- 2022.- 30
noyabr.- S.1;3.