Azərbaycanla mədəniyyət
sahəsində əməkdaşlıq etmək istəyirik
Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında
diplomatik əlaqələr
1992-ci il 29 aprel tarixində qurulub. 2011-ci ildən
Azərbaycanın bu ölkədə səfirliyi
fəaliyyət göstərir.
Cənubi Afrika Respublikasının
(CAR) Türkiyədəki səfiri
xanım Dipuo Berta Letsatsi-Duba eyni zamanda Azərbaycanda da akkreditə olunub. Onunla söhbətimizdə iki ölkə arasında mədəniyyət,
turizm və digər sahələrdə
münasibətlərə toxunduq.
– Xanım səfir, Azərbaycanla CAR
arasında əlaqələrin
səviyyəsini necə
dəyərləndirirsiniz?
– Azərbaycanla Cənubi
Afrika Respublikası arasında səmimi, qarşılıqlı hörmətə
dayanan münasibətlər
var. Biz Azərbaycanı CAR üçün çox strateji bir ölkə
və tərəfdaş
kimi görürük. Azərbaycanda səfirliyimiz olmasa da, münasibətlərimiz
yaxşıdır. Bu isə Cənubi Afrikanın Bakıda təmsilçiliyi olacağı
təqdirdə əlaqələrin
daha da yaxşılaşacağını
deməyə əsas verir. Məsələn, Azərbaycan xalqı
Cənubi Afrika təmsilçiləri ilə
səyahət, işgüzar
və digər məsələlərdə ünsiyyət
qura biləcəklər.
– Etimadnamənizi təxminən
iki ay öncə Azərbaycan Prezidentinə
təqdim etdiniz. Bu həm də
sizin Azərbaycana ilk səfəriniz idi. Təəssüratınızı bilmək maraqlı olardı...
– Prezidentlə görüşümüz
qısa sürsə də, şahid oldum ki, cənab
İlham Əliyev ölkələrimiz arasında
əlaqələrin inkişafında
maraqlıdır. Hətta diplomatik
baxımdan belə ölkələrimiz arasında
əməkdaşlıqda humanist mövqeyi var ki, bu, çox
önəmlidir. Azərbaycana gəlincə, hələlik
Bakını görə
bildim. Gözəl şəhərdir. Azərbaycan xalqının qonaqpərvərliyini,
mətbəx mədəniyyətini
xüsusi qeyd etmək istərdim. Yeməkləriniz çox rəngarəngdir.
– Mədəniyyət demişkən,
ölkələrimiz arasında
mədəni əlaqələrin
qurulması barədə
nə deyə bilərsiniz?
– Biz Azərbaycanla mədəniyyət
sahəsində əməkdaşlıq
etmək istəyirik. Bununla bağlı layihə də hazırlamışıq.
Mən Ankarada Azərbaycanın Müstəqillik Günü
ilə bağlı bir tədbirdə iştirak etdim. Rəngarəng mədəni nümunələr
– fərqli və xoş rəqslər, ifalar gördüm. Azərbaycan mədəniyyəti də
bizimki kimi çoxşaxəlidir. Hesab
edirəm ki, bu əlaqələri qurmaq üçün öncə Azərbaycanda fəxri
konsulluğumuzun, nümayəndəliyin
açılmasını və
fəaliyyətini təmin
etməliyik.
– CAR həm də dünyada məşhur turizm istiqamətlərindən biridir.
İkitərəfli əlaqələrdə bu sahənin təşviqi üçün
nə kimi addımlar atıla bilər?
– Bizim prioritetlərimizdən
ən vacibi ünsiyyətdir. Ünsiyyət və yenə də ünsiyyət.
Çünki ölkəmizdə
Azərbaycan haqqında
çox az
adam bilir. Elə Cənubi Afrika haqqında da sizin ölkənizdə
yəqin az
adamın məlumatı
var. Turizmin qarşılıqlı
təbliği, tanıdılması
üçün uyğun
strategiya olmalıdır.
Bunun üçün mediada daha çox məlumatların yayılması,
turizm agentlikləri, hotellər, qida mədəniyyəti barədə
məlumatlandırmanın aparılması
vacibdir. Bu istiqamətdə kommunikasiya
strategiyamızı da
yaxşılaşdırmaq istəyirik.
– İki
ölkə arasında
aviareyslərin açılması
mümkündürmü?
– Yaxın gələcəkdə
birbaşa uçuşlar
mümkün olmayacaq.
Lakin turizm müəyyən vasitələrlə təşviq
edilə bilər.
Məsələn, qruplar qarşılıqlı
olaraq səfər edib, ölkələri kəşf edə bilərlər. Birbaşa davamlı
reyslər indilik real deyil, amma çarter
reysləri mümkündür.
Əgər ölkələrimiz
arasında razılaşma
olarsa, bu reysləri sadəcə, turistlər üçün
deyil, hər iki ölkədə iş qurmaq istəyən investorlar, biznesmenlər üçün
də təşkil edə bilərik.
– Ümumiyyətlə,
Azərbaycanda akkreditə
olunmuş diplomat olaraq
ikitərəfli əməkdaşlıqda
hansı istiqamətləri
prioritet görürsünüz?
– Əsas hədəfimiz
Azərbaycan hökuməti
ilə ticari-iqtisadi əlaqələrin artırılması
üçün irəli
sürülən təşəbbüsləri
dəyərləndirib, bu
əlaqələrin həcmini
artırmaqdır. Çünki pandemiyanın yaratdığı
çətinliklər nəticəsində
ticarət əlaqələrimiz
çox zəifləyib.
Dediyim kimi, Azərbaycanı CAR üçün strateji bir ölkə, Afrika qitəsi baxımından isə strateji tərəfdaş kimi gördüyümüz
üçün bunun
sıx iqtisadi münasibətlərdə də
təzahür etməsini
istəyirik. CAR Afrika Kontinental Azad Ticarət Zonasını təşviq edir. Bu,
Afrikada təxminən
1,3 milyard insanın mal və xidmətləri üçün
ən böyük vahid bazar yaratmaq
və Afrikanın iqtisadi inteqrasiyasını
dərinləşdirmək üçün layihədir.
CAR da bu
layihənin bir hissəsidir. Azərbaycanı xüsusilə neft, qaz, neft məhsulları
təchizatında bizə
dəstək verə bilən tərəfdaş
hesab edirik. Digər prioritetlərimiz mədəniyyət,
turizm, ixrac, xalqlar arasında əlaqələrin inkişafıdır.
– Azərbaycanın regiondakı
yerindən söz düşmüşkən, ölkəmiz
uzun illər Ermənistanın işğalı
altında qalmış
torpaqlarını azad
etdi. Bu gün
Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır, amma
Ermənistan hələ
də sərhəddə
təxribatlar törədir.
Bu barədə fikrinizi bilmək istərdik.
– Azərbaycan Prezidenti cənab İlham Əliyevə etimadnaməmi
təqdim edəndə
qısa söhbətimiz
zamanı o, bu barədə söz açdı, müharibənin
artıq başa çatdığını, Azərbaycanın
və bölgənin rifahı üçün
yeni quruculuq işlərinin olacağını
dedi. Bu pozitiv
fikirlər bizdə böyük ümidlər
yaradır. Əlbəttə, müharibələr, münaqişələr
çox üzücüdür.
Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri də izləyirdik. Bu gün dünyanın bir sıra yerlərində
hərbi münaqişələr
var. Ona görə
də münaqişələrin
sülh yolu ilə həlli bizim prioritetimiz olmalıdır. Daha çox
əməkdaşlıq sahələrinə
diqqət etməliyik.
– Xanım Dipuo Berta Letsatsi-Duba, Türkiyə və Azərbaycana səfir təyinatını necə
qarşıladınız? Ümumiyyətlə, qadın üçün
diplomat olmaq çətin
deyil ki?
– Səfir təyin olunmağım mənim üçün çox həyəcanverici idi. Onu da deyim ki,
bu, mənim ilk diplomatik missiyamdır.
Prezidentimiz zəng edib
Türkiyəyə səfir
təyin olunduğumu bildirəndə çox sevindim. Çünki
mən 24 il
hökumətdə işləmişəm
və hər zaman bir diplomatik
vəzifə tutmağı
xəyal etmişəm.
Diplomat olmaq çox
maraqlı peşədir.
Bu mənim çox
sevdiyim bir işdir. Azərbaycana konsul təyinatına
da bir qadın
diplomatın seçilməsinə
çox üstünlük
verərdim.
– Maraqlıdır,
niyə qadınlara bu qədər önəm verirsiniz?
– Çünki ölkələrin çoxunda fəxri konsullar kişilərdir. Mən qadınlara diplomatik sahədə də etimad olunmasının tərəfdarıyam. Qadınlar qərarvermə səlahiyyəti olan vəzifələrə yüksəldilməlidir. Düşünürəm ki, qadınlara fürsət verilsəydi, bu gün dünya çox fərqli olardı. Çünki qadının təbiətində qayğıkeşlik olduğu üçün o hər kiçik bir nüansı incəliklərinə kimi düşünüb, daha məsuliyyətli və hər bir məsələni düzənə salan qərarlar verə bilər. Məncə, əgər ədalətli qərar vermə mövqeyinə sahib qadınlara səlahiyyət verilsə, dünyamızın daha çox tərəqqi və iqtisadi canlılığa çevrilən gələcəyi olacaq.
– Bu yaxınlarda Ankarada Güney Afrika Milli Miras
Günü keçirildi.
Hər il
sentyabrın 24-də qeyd
etdiyiniz bu günün ölkəniz
üçün əhəmiyyəti
nədən ibarətdir?
– Həmin gün bütün cənubi afrikalılar mədəni
kimliklərini nümayiş
etdirmək, keçmişdən
qalan mədəni miraslarını qorumaq üçün birləşir.
Biz vaxtilə öz qədim mədəniyyətimizi yaşatmaq
üçün çətinliklərlə
üzləşmiş, bölünməyə
məruz qalmış
bir cəmiyyətik.
Amma sonra sosiallaşdıq və bütünləşdik.
Yəni hər kəs fərdi olaraq keçmişdən
qalan mədəni mirasını qorumaq üçün özündə
bir məsuliyyət
hiss etməlidir. Ona görə
də CAR Konstitusiyasına
görə, 24 sentyabrda
Güney Afrikanın Mənəvi Miras və Müstəqillik Gününü milli bayram olaraq qeyd
edirik. İnsanlarımıza mədəniyyət, mətbəx, sənət,
musiqi kimi fərqli sahələrdə
öz mənəvi miraslarını ifadə etmək imkanları yaradılır. CAR demokratik
dövlətçiliyə qədəm qoyduqdan sonra mühüm irəliləyişlər qazanıb,
irqçilik və cinsi, dini ayrı-seçkiliyə
yol vermədən insan ləyaqətinə, hüquq üstünlüyünə çox
əhəmiyyət verir.
Çünki bu bizə
1948-1994-cü illər arasında
ölkəni idarə
edən irqçi, aparteid rejiminə qarşı azadlıq mübarizəsinin əfsanəvi
adı Nelson Mandeladan miras qalıb. Məhz onun sayəsində CAR Afrika qitəsinin ən sabit və
inkişaf etmiş ölkələrindən biri
olmağa davam edir.
Mehparə Sultanova
Ankara
Mədəniyyət 2022.- 7 oktyabr.- S.6.