“Bəhmənyar məktəbinin fəlsəfəsi”

 

 

Görkəmli alim Zakir Məmmədovun tədqiqatı illər sonra çapdan çıxıb

 

 

Görkəmli filosof alim, fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun (1936-2003) “Bəhmənyar məktəbinin fəlsəfəsi” kitabı çapdan çıxıb. Bu barədə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan bildirilib.

Məlumatda qeyd olunur ki, Əbülhəsən Bəhmənyar Mərzban oğlu (993-1066) Şərq peripatetizminin Azərbaycanda ilk böyük nümayəndəsidir. Onun irsinin araşdırıcısı Zakir Məmmədov “Bəhmənyar istisna sayılmaqla orta əsrlərdə Şərqdə, Azərbaycanda peşəkar filosoflar yaşamamışlar” kimi yanlış bir müddəanı elmi tədqiqatı ilə təkzib edib, milli fəlsəfi irsimizin varlığını üzə çıxararaq araşdırıb. Tədqiqatda İbn Sinadan (980-1037) sonra Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsinin bilavasitə Azərbaycan filosofunun adı ilə bağlı olduğu vurğulanır.

“Bəhmənyar məktəbinin fəlsəfəsi” kitabı “Fəlsəfə tarixində Şərqin yeri və Bəhmənyarın xidmətləri”, “Bəhmənyarın şagirdləri” “Bəhmənyar məktəbinin fəlsəfəsi”, “Ömər Xəyyamın dünyagörüşü”, “Ömər Xəyyamın varlıq təlimi və idrak nəzəriyyəsi”, “Ömər Xəyyamın ictimai-siyasi və etik-əxlaqi görüşləri”, “Bəhmənyar məktəbinin fəlsəfəsində sinkretizm istiqaməti” adlı bölmələrdən ibarətdir.

Müəllif qeyd edir ki, Bəhmənyar məktəbində müəllim-şagird silsiləsini izləyərkən həmin alimlərin və filosofların eyni əqidə yolçuları olmadıqları görünür. Onlardan bəziləri, məsələn, Ömər Xəyyam, Əbülabbas Ləvkəri, Əbdürrəzzaq Türki və başqaları Şərq peripatetizminin ardıcıl təəssübkeşləri olublar, digərləri isə məsələn, Fəxrəddin Razionun şagirdləri İslam sxolastikası mövqeyindən çıxış ediblər.

Alim müsəlman Şərqi ölkələrində elmi-fəlsəfi təlimlərin mövcudluğunda Bəhmənyarın və onun şagirdlərinin misilsiz xidmətləri olmasına diqqəti yönəldərək ilk dəfə qeyd edir ki, Bəhmənyar məktəbinin fəlsəfi ənənələri XIII əsrdə Nəsirəddin Tusionun məktəbinin nümayəndələri tərəfindən yaradıcılıqla davaminkişaf etdirilib. XVII əsrdə isə Rəcəbəli Təbrizi və onun şagirdləri əsərləri ilə bu ənənələrin davamçısı olublar.

Qeyd edək ki, Zakir Məmmədovun “Bəhmənyar məktəbinin fəlsəfəsi” kitabı onun “Bəhmənyarın fəlsəfəsi” kitabının davamıdır. Ərəb və fars dillərində ilk mənbələr əsasında qələmə alınmış bu tədqiqat işində Bəhmənyar məktəbinə mənsub filosofların, xüsusilə Ömər Xəyyamın yaradıcılıq yolları, ideya istiqamətləri müəyyənləşdirilir. Ömər Xəyyamın dünyagörüşünü araşdıran tədqiqatçı onun Bəhmənyarın şagirdi olmasını ilk dəfə mənbələr əsasında sübut edib.

Kitaba Zakir Məmmədov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” traktatları, “Təhsil” kitabından bir hissə daxil edilib. Kitabın tərtibçisi, çapa hazırlayan və ön sözün müəllifi Aytək Zakirqızıdır.

 

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.6.