Can üstə” səhnəyə çıxıb

 

Oktyabrın 14-də Ağdam Dövlət Dram Teatrında mövsümün ilk premyerası olub. Uzun müddətdir məşqləri gedən “Can üstə” teatrsevərlərin ixtiyarına verilib.

Xalq yazıçısı Afaq Məsudun eyniadlı ikihissəli psixoloji dramı əsasında hazırlanan tamaşa, müəllifinin dili ilə desək, bir müəmmalı qətl hadisəsini səhnəyə daşıyır.

O dünya ilə bu dünya arasında mistik bir keçiddə baş verən hadisələri göstərən tamaşanın quruluşçu rejissoru Səbuhi Əhmədov,  rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərovdur. Rolları Səbuhi Əhmədov, Afərdə Əhmədova, Elşən Cavadov, Xəyalə Xudadatova, Fəqumə Yusifova, Fərhad Fərhadzadə, Qalib Abdullazadə və Anar Əhmədov ifa edirlər.

Tamaşanın quruluş müəllifi pyesin səhnə yozumu barədə deyib: “Hadisələr qocanın evində baş verir. Bu həmin adamdır ki, sovet dövründə yüksək vəzifələrdə olmuş partiya işçisidir. Müəllif onu Mircəfər Bağırovun ad və soyadının əksi olaraq oxucuya Bağır Cəfərov kimi tanıdır. Onu repressiya illərində göstərdiyi “fəallığa” görə ittiham edir. Qoca can üstədir, ölməkdən qorxur. İkinci obraz yazıçı obrazıdır, bu Nobel mükafatçısı olan ortayaşlı qadındır. O, həmçinin əvvəllər qocanın qonşusu olmuş, eyni zamanda qocanın nəvəsi Səidənin (obraz olaraq mövcuddur) rəfiqəsidir. Yazıçı bu evə məqsədli şəkildə gəlir, o, qocanın şəxsi işləri və o dövrlərə aid olan bütün əlyazmaları yoxlayır, 37-ci illərdə müəmmalı şəkildə yoxa çıxmış nənəsi haqda nələrsə tapmağa çalışır. Buradakı əsas obrazlardan biri də qocanın 70 yaşlı əmisi oğludur. O, kənddən məhz qocanın son anlarında qulluğunda durmaq üçün gəlib. Buna baxmayaraq, o da təngə gəlib. Pyesdə gerçək olmayan obrazlar da yer alıb ki, bizbunu tamaşaçı üçün aydın ştrixlərlə verməyə çalışdıq.

Ümumiyyətlə, tamaşada psixoloji məqamlar, daha doğrusu, bütün pisliklərin cavabsız qalmayacağına inam və mütləq şəkildə hər kəsin ittiham kürsüsünə çıxacağı fikri hakimdir...”.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.5.