Bəstəkarlar İttifaqının
üzvləri “Humay” mükafatı ilə
təltif olunublar
“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” mükafatının builki laureatları arasında Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvləri də var.
ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov (“Qarabağ trilogiyası”na görə), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov (elmi-nəzəri ifaçılıq müsabiqələrinin və konfransların təşkilinə görə) və musiqişünas-publisist Raya Abbasovaya (“Dialoq” kitabına görə) təqdim olunub.
Qeyd edək ki, bəstəkar Cəlal Abbasovun “Qarabağ trilogiyası”na 3 əsər daxildir: Şuşaya həsr olunmuş “Bir daha səni görə bilsəydim...” adlı 4 saylı simfoniya, Milli Qəhrəman Albert Aqarunovun və Qarabağ şəhidlərinin xatirəsinə “İn memoriam” rekviyemi və Vətən müharibəsində Qələbəyə həsr olunmuş “Şanlı Azərbaycan” odası.
Musiqişünas-publisist Raya Abbasovanın “Dialoq” kitabı dünya şöhrətli rəssam Tahir Salahovun həyat və yaradıcılığına həsr olunub.
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru, BMA-nın məktəb-studiyasının
yaradıcısı Tərlan Seyidovun rəhbərliyi
ilə müntəzəm olaraq
keçirilən elmi-nəzəri ifaçılıq
müsabiqələri və konfranslar gənc
musiqiçilər nəslinin hazırlanmasına böyük töhfədir.
Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.5.