Tiflis Azərbaycan Teatrının
yaradıcılarından – İbrahim
İsfahanlı
Tiflis Azərbaycan Teatrının formalaşması və inkişafında mühüm xidmətləri olan səhnə fədakarlarından biri də görkəmli aktyor və rejissor, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlıdır. Teatr xadiminin bu sahədə xüsusi təhsili olmasa da, qeyri-adi aktyorluq istedadı olub. Fəhmi ilə bu sənətin incəliklərini duyub. Bu il görkəmli sənətkarın anadan olmasının 125 illiyidir.
İbrahim Hüseyn oğlu Hüseynzadə (İbrahim İsfahanlı) 1897-ci ildə Tiflis şəhərində dünyaya göz açıb. Səkkiz yaşında atası vəfat edir. Bu vaxtsız itki ailənin maddi durumunu çətinləşdirir. İbtidai təhsilini anası molla Məsmədən alır. Dolanışığın çətinliyi üzündən anası onu çəkməçi yanına şəyird verir.
Araşdırmalarda göstərilir ki, İbrahimin əlinə pul düşən kimi məhəllə uşaqları ilə Zubalov adına Xalq evində, Artistlər klubunda, Gürcü Zadəgan (Əyanlar) evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxır. Bu sənətə marağı da elə o dövrdən yaranmağa başlayır. Bir müddət sonra özünü səhnədə tapır. İlk dəfə 1909-cu ildə Mustafa Mərdanov və Əbdürrəhim bəy Haqverdiyevin qayğıları sayəsində səhnəyə çıxır.
Tiflis Azərbaycan Teatrının
güclü aktyor truppası olub. 1911-ci ildə bu truppa
iki yerə bölünüb. Gürcü
Əyanlar teatrında
yerləşən bölməyə
Mirseyfəddin Kirmanşahlı,
Zubalov adına
Xalq evində fəaliyyət göstərən
bölməyə isə
qocaman səhnə fədaisi Mirzəli Abbasov rəhbərlik edib. Tədqiqatçıların fikrincə, ikinci
dəstənin tamaşaları
bədii səviyyələrinə
görə daha diqqətçəkən olub.
Çünki burada Panfiliya Tanailidi, Yəhya Məmmədov,
Mustafa Mərdanov, Nadir İbrahimov,
Həsən Səbri Abdullazadə kimi istedadlı artistlər fəaliyyət göstərib.
İbrahim İsfahanlı isə
hər iki dəstədə aktyorluq edib. Ancaq aparıcı səhnə
obrazlarını ikinci
dəstədə oynayıb.
1917-ci ildə Tiflisdə
“İttihad” və “İbrət” dram dəstələri
fəaliyyət göstərir. Onlar sonradan
Ə.Haqverdiyevin təşəbbüsü
ilə birləşir
və “Müsəlman
dram artistləri cəmiyyəti”nə
çevrilirlər. İbrahim İsfahanlı
burada həm aktyor kimi səhnəyə
çıxır, həm
də rejissor olaraq tamaşalar hazırlayır. Kollektiv
Gürcüstanla yanaşı,
Azərbaycanın Zaqatala,
Şəki, Ağdam,
Göyçay, Gəncə,
Türkiyənin İstanbul,
İranın Tehran, Rəşt,
Təbriz, Xoy, Ənzəli və s. şəhərlərinə qastrollara
çıxır. Xüsusən altı aydan çox çəkən
İstanbul qastrolu çox uğurlu keçir. İ.İsfahanlı xatirələrində İstanbulda göstərilən
tamaşaların çox
maraqla keçdiyini yazır. Bildirib ki, Türkiyənin
ən məşhur rejissorlarından Ərtoğrul
Möhsün bu qastrol səfərinin gözəl keçməsinə
xeyli kömək edib. Səfər zamanı Ü.Hacıbəylinin
“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşidbanu”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, Z.Hacıbəyovun “Əlli yaşında cavan”, “Evliykən subay”, Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Bəxtsiz cavan”, “Dağılan tifaq” və s. müəlliflərin
əsərləri böyük
müvəffəqiyyətlə nümayiş olunub. Qastrol ərzində yaradıcı
heyətdən Mirseyfəddin
Kirmanşahlı, Əşrəf
Yüzbaşov, Mustafa Mərdanov
və başqaları
haqqında İstanbul
jurnallarında böyük
məqalələr işıq
üzü görüb.
1921-ci ildə Tiflis Azərbaycan
Teatrının həyatında
mühüm bir yenilik baş verir, Tiflis Dövlət Azərbaycan Dram Teatrına
çevrilir. Bu işdə Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı ilə bərabər, İ.İsfahanlı
da böyük xidmətlər göstərir.
O, teatrın müxtəlif
truppalar halında fəaliyyət göstərdiyi
illərdə də həvəskar aktyor kimi çoxlu rol oynayıb. Hətta həmin rolların əksəriyyətini bir neçə quruluşda ifa edib. Fərhad, Tavad Sereteli (“Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar” – Ə.Haqverdiyev), Gürcü bəy, Rza bəy (“Nadir şah” və “Şamdan bəy” – N.Nərimanov), Gülçöhrə
və Əsgər, İbn Salam, Gülnaz (“Arşın mal alan”,
“Leyli və Məcnun”, “Məşədi
İbad” – Ü.Hacıbəyli),
Vəzir Mirzə Həbib (“Lənkəran xanının vəziri” – M.F.Axundzadə) və s. obrazlarda teatrsevərlərin
qarşısına çıxıb,
maraqlı oyunu ilə onların rəğbətini qazanıb.
Xlestakov (“Müfəttiş”
– N.Qoqol), Klimantura (“Jorj Danden” – J.B.Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus (“Topal Teymur”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş”
– H.Cavid), Yaqo, Hamlet (“Otello”, “Hamlet” – V.Şekspir),
Elxan, İbad, Oqtay, Balaş (“Od gəlini”, “Almaz”, “Oqtay Eloğlu”, “Sevil” – C.Cabbarlı) və s. obrazları da sənətkarın yaradıcılıq
imkanlarının realizəsi
baxımından yüksək
qiymətləndirilib.
İ.İsfahanlı eyni zamanda Tiflis Dövlət Azərbaycan Dram Teatrında Azərbaycan və xarici dramaturqların qırxdan çox əsərini tamaşaya hazırlayıb. Bunların arasında Ü.Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Şah Abbas və Xurşidbanu” operaları, “Arşın mal alan”, “Məşədi İbad” operettaları, F.Şillerin “Qaçaqlar”, C.Məmmədquluzadənin “Ölülər”, H.Cavidin “İblis”, “Uçurum”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, V.Kirsonun “Küləkli şəhər”, Ə.Hamidin “Hind qızı”, S.Şanşiaşvilinin “Anzor” və s. əsərlərə verdiyi müxtəlif quruluşlar teatrın yaradıcılıq həyatında əhəmiyyətli rol oynayıb.
Romantik ruhlu sənətkar 1926-1928-ci illərdə teatrın baş rejissoru işləyib. O, 1928-ci ildə Bakıya, Dövlət Dram Teatrına dəvət edilir. Tiflis teatrı kollektivinin ciddi çağırışı ilə 1930-cu ildə yenidən doğma kollektivə qayıdır.
1932-ci ildə İ.İsfahanlıya Gürcüstanın “Xalq artisti” fəxri adı verilib. 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrı bağlanandan sonra o, Azərbaycana gəlir və Zaqatala (1947-1948) və Qazax (1948) teatrlarında baş rejissor işləyir. 1949-cu ildə bu teatrlar da bağlanır. Sənətkar bir daha Tiflisə qayıdır. Gürcüstan Dövlət Filarmoniyasının Azərbaycan estrada ansamblında çalışır.
Teatr xadimi kinoda da özünü sınayıb, 1962-ci ildə “Azərbaycanfilm”də istehsal olunan “Böyük dayaq” filmində Yarməmməd roluna çəkilib.
İbrahim İsfahanlı 13 oktyabr 1967-ci ildə Tiflisdə vəfat edib, şəhərin müsəlman qəbiristanlığında dəfn olunub.
1997-ci ildə Gürcüstanda aktyorun 100 illik yubileyi qeyd edilib. Yaşadığı evin divarına xatirə lövhəsi vurulub, Tbilisi şəhərindəki küçələrdən birinə adı verilib.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.6.