Yubiley ilində Cavid
irsinin təbliği diqqət mərkəzində
olacaq
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illiyidir. Prezident İlham Əliyev sentyabrın 24-də şairin 140 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
Ədibin Bakıdakı ev-muzeyi tərəfindən yubiley ilində nə kimi işlər görülüb, hansı layihələr həyata keçiriləcək.
Bu barədə muzeyin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qəzetimizə məlumat verdi: “Son beş ildə Hüseyn Cavidin bir çox əsərlərini 10-dan artıq xarici dilə tərcümə etmişik. İndi Cavidin əsərlərini rus və türk dilləri ilə yanaşı, ingilis, fransız, macar, çex və başqa dillərdə də oxumaq mümkündür. Bu yaxınlarda “Topal Teymur” pyesini ilk dəfə ingilis və rus dillərində hazırlayıb çap etdirdik. Kitabı Türkiyə, ABŞ, Fransa, Rusiya və Almaniyanın kitabxanalarına göndərdik”.
Direktor əlamətdar yubileylə bağlı bu ilin əvvəlindən silsilə tədbirlər keçirdiklərini, kitablar nəşr etdirdiklərini dedi. Bildirdi ki, muzey tərəfindən bu ilin əvvəlində “Cavidşünaslıq” çoxcildliyinin son 10 cildi də hazır oldu. Həmçinin Beynəlxalq Türk Akademiyası ilə birlikdə “Eyni amal uğrunda ortaq taleyi bölüşənlər – Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavad” mövzusunda beynəlxalq elmi konfrans təşkil edildi. “Şuşa İli” və yubileylə əlaqədar Hüseyn Cavidin “Ana” mənzum pyesi Şuşa Dövlət Musiqili Dram Teatrında yeni quruluşda nümayiş olundu. Məlum olduğu kimi, bu ilin may ayında mədəniyyət naziri Anar Kərimovun ABŞ-a səfəri zamanı Amerika-Azərbaycan Ticarət Palatasının Vaşinqtondakı inzibati binasında Hüseyn Cavidin barelyefinin açılışı keçirilib. Bununla əlaqədar muzey tərəfindən aidiyyəti qurumlara ədibin həyat və yaradıcılığı haqqında informasiya dəstəyi göstərilib. Hazırda həmin barelyefin QR kodu vasitəsilə muzeyin saytına keçid edənlər ədib haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat ala bilirlər.
Bir müddət əvvəl isə “Cavid hikməti – seçilmiş aforizmlər” və rus dilində “Hüseyn Cavid. Seçilmiş pyeslər” kitabları işıq üzü görüb. İkinci kitab muzeylə Beynəlxalq Türk Akademiyası tərəfindən ərsəyə gətirilib.
Gülbəniz Babaxanlı muzey tərəfindən ilin sonunadək yubiley münasibətilə müxtəlif layihələrin həyata keçiriləcəyini diqqətə çatdırdı. Dedi ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə “Hüseyn Cavid sənəti: ideallar və müasir dövr” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirməyi planlaşdırırıq. Bundan başqa, “Hüseyn Cavid və sənəti”, “Hüseyn Cavidin fəlsəfi irsinin tədqiqi”, “Hüseyn Cavidin linqvopeotikası” monoqrafiyaları, muzeyin izahlı kataloqu, “Hüseyn Cavid: həyat və sənət yolu” adlı biblioqrafik göstəricinin nəşri nəzərdə tutulur. Həmçinin Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı kiril qrafikasında olan görkəmli cavidşünasların əsərlərinin müasir qrafikada nəşri də planlaşdırılır.
Nurəddin
Mədəniyyət.- 2022.- 21
oktyabr.- S.5.