“Gitaranın
şairi” Bakıda
solo konsert verib
Virtuoz ifaçının
ADMİU-da ustad dərsi də olub
Klassik gitara ifaçılığında Rövşən
Məmmədquliyevin öz
imzası var. Hətta
onu “gitaranın şairi” də adlandırırlar. 2014-cü ildən Rusiyada yaşayan musiqiçi bu günlərdə doğma Bakının qonağıdır.
Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə dünyaşöhrətli
gitara ifaçısı,
beynəlxalq müsabiqələr
laureatı Rövşən
Məmmədquliyevin solo konserti
keçirildi.
Konsertdən əvvəl jurnalistlərə
qısa açıqlama
verən ifaçı
doğma şəhərində
çıxış etməkdən
böyük şərəf
duyduğunu dedi: “Yenidən Bakıya qayıtdığım üçün
çox həyəcanlıyam.
Bundan öncə mən 2010-cu ildə filarmoniyanın kamera və orqan musiqisi zalında Teymur Göyçayevin dirijorluq
etdiyi orkestrlə birgə çıxış
etmişəm. Ancaq Azərbaycanda
solo konsertim ilk dəfədir.
İnanıram ki, budəfəki
repertuar və ifamla tamaşaçıları
razı sala biləcəyəm. Azərbaycanda klassik gitara ifaçılığı o qədər
də geniş yayılmayıb. Bu konsertdən sonra müəyyən qədər
maraq yaranacağına
ümid edirəm”.
Gələcək planları haqqında
suala cavabında ifaçı “Mən çalışıram plan qurmayım,
yaradıcılıq özü
proqrama yeniliklər gətirir” dedi.
Rövşən Məmmədquliyevin ifasını dinləməyə gələnlər arasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəni də görürük. Yaxınlaşıb konsert öncəsi fikirlərini alırıq. Bəstəkar Rövşən Məmmədquliyevin yaradıcılığı ilə çoxdan tanış olduğunu deyir: “Onu tez-tez xarici ölkələrdə qastrol səfərlərində görürəm. Bundan əlavə, Rövşən ustad dərsləri də verir. Hətta bu dərslərin birini izləyərkən peşəkar bir sənətkar olduğunu sezdim və onun mənim “Fantaziya” əsərimi ifa etməsinə razı oldum. Rövşən mənim bu əsərimi ilk dəfə ispaniyalı virtuoz gitaraçı Esteban Koluççinin ifasında eşitmişdi. Əsərin notlarını əldə edəndən sonra “Fantaziya”nı repertuara daxil etmək qərarına gəldi. Əlbəttə ki, bu məni çox sevindirir”.
Budur, Rövşən Məmmədquliyev səhnədədir. Biri-birindən maraqlı musiqilərlə zalı ələ alır. Konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanır. İfaçı proqrama Dionisio Aquado, Aqustin Barrios, Eytor Villa-Lobos, Nikita Koşkin, Fikrət Əmirov, Firəngiz Əlizadə, Fransisko Tarreqo kimi bəstəkarların əsərlərini daxil etmişdi.
Qeyd edək ki, Rövşən Şahbaz oğlu Məmmədquliyev 1986-cı ildə Bakı şəhərində doğulub. Klassik gitarada ifa etməyi Nijni-Novqorod şəhərindəki 7 nömrəli uşaq incəsənət məktəbində öyrənib. 2004-cü ildə M.A.Balakirev adına Nijni-Novqorod Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirərək M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasına daxil olub. 2009-cu ildə bu təhsil müəssisəsini də fərqlənmə ilə başa vurub.
Səkkiz ildir Rusiyada yaşayan musiqiçi bir sıra mükafatlara, o cümlədən “Yeni adlar” Beynəlxalq xeyriyyə proqramının təqaüdünə layiq görülüb. Soydaşımız Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivallarda müvəffəqiyyət qazanıb.
***
Rövşən Məmmədquliyev Bakıya səfəri çərçivəsində oktyabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçib, həvəskar və peşəkar gitara ifaçıları ilə öz bilik və bacarıqlarını bölüşüb.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 21
oktyabr.- S.5.