İstiqlal carçısı, azadlıq
nəğməkarı
Bu gün XX əsrin ikinci yarısında Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti ilə seçilən, milli məfkurənin oyanmasına stimul verən görkəmli şair, ədəbiyyatşünas, tərcüməçi, publisist, Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Bu il həm də mərhum sənətkarın anadan olmasının 90 illiyidir.
Xəlil Rza oğlu Xəlilov (Ulutürk) 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində dünyaya göz açıb. 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Hələ məktəbli ikən poeziyaya maraq göstərir. Salyan şəhər kitabxanasında ədəbiyyat dərnəyinin üzvü olur. “Kitab” adlı ilk şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunur.
Xəlil Rza 1949-cu ildə Azərbaycan Dövlət Universiteti (BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsinə daxil olur. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar Xalq şairi Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəklərdə, Azərbaycan Yazıçılar İttifaqında Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində yaxından iştirak edir.
Bütün bunlar gənc Xəlil Rzanın bir şair kimi püxtələşməsinə, yaradıcılıq istiqamətinin formalaşmasına ciddi təsir göstərir.
Xəlil Rza 1954-cü ildə ali təhsilini başa vurur. Təyinatla “Azərbaycan qadını” jurnalında işə başlayır. Həmin jurnalda və digər mətbuat orqanlarında şeir və məqalələri dərc olunur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının üzvü qəbul edilir. Şeirlərindən ibarət “Bahar gəlir” adlı ilk kitabı 1957-ci ildə çapdan çıxır. Həmin il Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (Moskva) nəzdindəki ikiillik ali ədəbiyyat kurslarına göndərir.
Moskvada olarkən görkəmli rus şairi Samuil Marşakın evində, sonra Yasnaya Polyanada dahi Lev Tolstoyun Ev-Muzeyində olur. Sankt-Peterburqda (Leninqrad) Ermitaj Muzeyinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxır.
O, 1959-cu ildə Bakıya dönür və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasında təhsilini davam etdirir. 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. Həmin institutda müəllim kimi fəaliyyətini davam etdirir.
Araşdırmalarda qeyd edilir ki, o, müəllim kimi daxil olduğu auditoriyaya təkcə tədris proqramında nəzərdə tutulanları deyil, milli tarixi yaddaşı oyadan, milli dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açır. Bir müddət sonra Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəyişilir. Bütün qüvvəsini elmi tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. “Ömürdən uzun gecələr” adlı kitabı, SSRİ xalqlarının dillərindən tərcümə edilən poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına təqdim olunur. Ancaq şair hakim dairələrin etinasızlığı ilə qarşılaşır...
Xəlil Rzanın yaradıcılığına dərindən diqqət yetirdikcə hiss olunur ki, 1950-60-cı illərdə şairin azadlıq məfkurəsi mücərrəd məna daşıyıb. 1970-ci illərdə beynəlmiləl mövzuda yazdığı şeirlərində milli ruh və istiqlal düşüncələrinə yer də verilib. 1980-ci illərin əvvəllərində qələmə aldığı əsərlərində isə milli məramı daha da aydınlaşır. Həm də bu illərin şeirlərində güclü çağırış ruhu hakimdir. Şairin “Əyilmək qorxusu”, “Gücüm, gücsüzlüyüm”, “Çılğınlıqdan dözümə keçid”, “Dözümlü ol, dəli könül”, “Məndən başlanır Vətən”, “Heç bir ehtiyat”, “Heç olmasa bircə nəfər” şeirlərində tərəddüdləri yox olur. “Qalx ayağa, Azərbaycan!”, “Yalnız pasportunda”, “Boz qurda öygü”, “Mən günəş ürəkli Xəlil Rzayam” və başqa əsərlərində türkçülük milli müəyyənlik kimi dəyərləndirilir. Bütün bunlara baxmayaraq, onun nəzərində türkçülük, turançılıq, fatehlik və mənəm-mənəmlik olmayıb.
Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür.
1980-ci illərin axırlarında ölkədə xalq azadlıq hərəkatı genişlənməyə başlayır. Bu zaman Xəlil Rzanın gur səsi respublikanın ən ucqar yaşayış məntəqələrində eşidilir. O, bütün varlığı ilə xalq hərəkatına qoşulur. Alovlu çıxışları ilə rus şovinist siyasətini, Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını ifşa edir:
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar...
Son günlərini yaşayan sovet imperiyası 20 yanvar 1990-cı ildə Bakıda dinc əhaliyə vəhşicəsinə atəş açır. Şair bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən ürəyini məşələ çevirir və xalqı düşmənlərə qarşı mübarizəyə səsləyir. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 Yanvar hadisələrini, M.Qorbaçovun qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışır. Yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən həbs edilir. Sonra Moskvadakı Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. O, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün ərzində odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni – 200-dən çox şeir və məktubunu qələmə alır. 1990-cı il oktyabrın 9-da Bakıya gətirilən Xəlil Rza bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır.
1992-ci ildə Xəlil Rzaya müstəqil Azərbaycanın “Xalq şairi” fəxri adı verilir. İstiqlal carçısı şair qardaş Türkiyədə də mükafata layiq görülür. Bu arada şairin səhhətində problemlər yaranmışdı, illərlə aldığı mənəvi zərbələr səhhətində öz işini görürdü. Türkiyə Prezidenti Süleyman Dəmirəlin tapşırığı ilə Xəlil Rza İstanbulda ürəyindən müalicə olunur. 1993-cü ildə Bakıya qayıdan Xəlil Rza Ulutürkün səhhəti yaxşılaşmadığına görə Almaniyaya göndərilir. Bir müddət orada müalicə aldıqdan sonra Bakıya qayıdan şairin vəziyyəti daha da ağırlaşır. Bakıda Kardiologiya İnstitutunda müalicə olunur.
Xəlil Rza 22 iyun 1994-cü ildə dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub. Prezident Heydər Əliyevin sərəncamı ilə 1995-ci ildə Azərbaycanın ali təltifinə – “İstiqlal” ordeninə (ölümündən sonra) layiq görülüb.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 21
oktyabr.- S.6.