“Yeni
adlar” layihəsinin yeni mövsümdə ilk konserti
Mədəniyyət Nazirliyinin 2022-ci ilin mart ayından həyata keçirdiyi “Yeni adlar” layihəsi yeni mövsümdə də davam edir.
Layihə müasir Azərbaycan ifaçılıq sənətinin
inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə,
o cümlədən musiqi
sənətimizi dərindən
bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların
sayının artmasına
xidmət edir. Gənc ifaçıların
tanınmış dirijorların
rəhbərliyi altında
simfonik, kamera və xalq çalğı
alətləri orkestrləri
ilə konsertlərinin
keçirilməsi onların
sənət yolunda inkişafına mühüm
zəmin yaradır.
“Yeni adlar”ın payız-qış mövsümündə
ilk konserti oktyabrın
24-də Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi.
Musiqi axşamında
Azərbaycan Dövlət
Xalq Çalğı
Alətləri Orkestrinin
(bədii rəhbər
və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti
ilə gənc tarzənlər – respublika və beynəlxalq müsabiqələr laureatları
Məhəmməd Xanlarov
və Vaqif Təhməzov mükəmməl
ifaları ilə musiqisevərlərin könlünü
oxşadılar.
Musiqi axşamının tamaşaçıları
arasında Mədəniyyət
Nazirliyi İncəsənət
və qeyri-maddi mədəni irs
şöbəsinin müdiri
Fərəh Acalova, mədəniyyət və
incəsənət xadimləri
vardı.
Orkestr tərəfindən
Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından
“Uvertüra” və Rauf Hacıyevin “Qaytağı” əsərləri
böyük ustalıqla
ifa edildi.
Məhəmməd Xanlarov Hacı Xanməmmədovun “Tar və
orkestr üçün
1 nömrəli konsert”,
Vaqif Təhməzov isə bəstəkarın
“Tar və orkestr üçün 3 nömrəli
konsert” əsərlərini
təqdim etdilər. Orkestrin və gənc musiqiçilərin ahəngdar
çıxışı tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı.
“Yeni adlar”ın budəfəki iştirakçılarını
yaxından tanıyaq.
Məhəmməd Xanlarov 1996-cı ildə Bakı şəhərində
anadan olub. 2005-ci ildə
L. və M.Rostropoviçlər
adına 21 saylı onbirillik Musiqi məktəbinə qəbul olunub. 2015-ci ildə Azərbaycan Milli Konservatoriyası (AMK)
nəzdində Musiqi Kollecinin tar sinfini, 2019-cu ildə AMK-nın bakalavr, 2022-ci ildə isə magistr pilləsini tar ixtisası üzrə bitirib.
M.Xanlarov 2010-cu ildə xalq çalğı alətləri ifaçılarının II Respublika müsabiqəsində III dərəcəli diplomla təltif olunub. 2011-ci ildə milli musiqi alətləri ifaçılarının Respublika festivalında III dərəcəli, 2014-cü ildə III Respublika müsabiqəsində I dərəcəli diplomlarla təltif edilib. Gənc tarzən Polşanın Volin şəhərində keçirilən XII Beynəlxalq müsabiqədə (2016) I yer və xüsusi mükafata, Antalyada (Türkiyə) keçirilən (2017) Beynəlxalq TV müsabiqə-festivalında “Qızıl ulduz” mükafatına layiq görülüb. Musiqiçi hazırda Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblında fəaliyyət göstərir.
Vaqif Təhməzov 2000-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar sinfi üzrə bitirib. Həmin il AMK-ya daxil olub. Hazırda konservatoriyanın magistrantıdır.
V.Təhməzov 2013-cü ildə Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika elmi-ifaçılıq müsabiqəsində laureat adını qazanıb. 2017-ci ildə “Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsində 1-ci dərəcəli diplomla təltif olunub. Eyni zamanda Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr edilən milli musiqi alətləri ifaçıları, xanəndələri və vokal ifaçılarının 3-cü müsabiqəsində laureat olub. 2018-ci ildə Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş xalq çalğı alətləri ifaçılarının I Respublika müsabiqəsi və 2019-cu ildə Gürcüstanda keçirilən “Harmony” beynəlxalq müsabiqəsində I yerləri qazanıb. 2020-ci ildə Çexiyada keçirilən “Crystal Star Praque” müsabiqəsi, həmin ildə Malta və Polşada təşkil olunan “Star Bridge” müsabiqəsində Qran-priyə, “Şuşa İli” və Bülbülün 125 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində də baş mükafata layiq görülüb.
Nurəddin
Mədəniyyət.- 2022.- 26
oktyabr.- S.1;3.