“Hüseyn
Cavid sənəti: ideallar və müasir dövr”
Mütəfəkkir şair-dramaturqun 140 illiyinə həsr olunan beynəlxalq elmi konfrans
Dahi Azərbaycan
şairi, dramaturq Hüseyn Cavidin (1882-1941) doğum günündə
– oktyabrın 24-də AMEA Rəyasət
Heyətinin binasında
beynəlxalq elmi konfrans keçirilib.
“Hüseyn Cavid sənəti: ideallar və müasir dövr” mövzusunda konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu və Mədəniyyət Nazirliyi
Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə konfrans iştirakçıları
Hüseyn Cavidin Bakı şəhərində
ucaldılmış heykəlini
ziyarət ediblər. Daha sonra AMEA Rəyasət Heyətinin binasında Hüseyn Cavidin Ev-Muzeyinin nəşrlərindən
ibarət sərgiyə
baxış keçirilib,
Azərbaycan Milli Konservatoriyası nəzdində
Asəf Zeynallı adına Musiqi
Kolleci kollektivinin ifasında Ərtoğrol Cavidin bəstələri səsləndirilib.
Konfransın plenar iclasında
mədəniyyət naziri
Anar Kərimov, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, AMEA Rəyasət
Heyətinin üzvləri,
Mədəniyyət Nazirliyinin
nümayəndələri, eləcə də “Cavid ömrü” filminin yaradıcı heyəti iştirak edib.
Akademik Arif Həşimov tədbiri açaraq ölkə başçısının Hüseyn
Cavidin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını diqqətə
çatdırıb, konfransın
bu sərəncama əsasən keçirildiyini
söyləyib. Cavidin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının, dramaturgiyasının
inkişafında mühüm
rol oynadığını
bildirən alim onun teatra, incəsənətə,
ədəbi fikrimizə
ciddi təsir etdiyini vurğulayıb.
“Ədibin ən
böyük əsəri
onun mənəvi baxımdan zəngin şəxsi həyatı olub. Cavidin həyatı və
yaradıcılığı xeyirin şər üzərində qələbəsinə
həsr olunub”, – deyən Arif Həşimov Hüseyn Cavidin daim inandığı
əqidəsinə sadiq
qaldığını, sovet
rejiminin sərt qadağalarına baxmayaraq,
mənən sınmadığını
bildirib. Qeyd edib
ki, ulu öndər
Heydər Əliyevin təşəbbüsü və
səyləri ilə Hüseyn Cavidin nəşi uzaq Sibirdən Azərbaycana gətirilib, boya-başa çatdığı Naxçıvana
aparılaraq torpağa
tapşırılıb.
Konfransda çıxış edən
mədəniyyət naziri
Anar Kərimov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına
və mədəniyyətinin
inkişafına böyük
töhfələr vermiş
görkəmli mütəfəkkir
olduğunu deyib. Bildirib ki,
Hüseyn Cavid sovet ideologiyasının ən amansız dövründə milli düşüncənin təbliğatını
dayandırmayıb, ideallarının
müdafiəsindən geri
çəkilməyib. O, əsərlərində milli
təfəkkürü, azərbaycançılıq
məfkurəsini xüsusi
vurğulayıb və
buna görə də qorxunc rejim tərəfindən cəzalandırılıb.
Nazir qeyd edib ki, Cavidin
yaradıcılığı nəinki ölkəmizdə,
həmçinin Azərbaycandan
kənarda, Türk dünyasında da ədəbi düşüncəyə,
milli məfkurənin möhkəmləndirilməsinə öz təsirini göstərib. Hüseyn Cavidin pyesləri
teatrlarımızın repertuarından
düşməyib, neçə-neçə
aktyor nəslinin yetişməsində mühüm
rol oynayıb. Ulu öndər Heydər Əliyevin daim Hüseyn Cavid adını uca tutduğunu deyən nazir böyük dövlət xadiminin təşəbbüsü
ilə ədibin cənazəsinin Sibirdən
Azərbaycana gətirildiyini,
Naxçıvanda məqbərəsinin,
Naxçıvanda və
Bakıda ev-muzeylərinin
açıldığını bildirib. Qeyd olunub ki, həmin dövrdə sovet ideologiyasına qarşı çıxmış
bir şəxsin nəşinin Azərbaycana
gətirilməsi böyük
iradə tələb edirdi. Bununla ümummilli lider
daim milli-mənəvi
dəyərlərimizə, ədəbiyyat xadimlərimizə
qayğısını bir
daha sübut etmiş olub.
Anar Kərimov vurğulayıb
ki, ulu öndərin
layiqli davamçısı
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
Hüseyn Cavidin 125,
135 və 140 illik yubileyləri dövlət
səviyyəsində qeyd
olunub, bu ilin mayında Vaşinqtondakı ABŞ-Azərbaycan
Ticarət Palatasında
böyük şairin
barelyefinin açılışı keçirilib.
Nazir Mədəniyyət Nazirliyi
tərəfindən yubiley
ilində həyata keçirilən və nəzərdə tutulan tədbirləri də diqqətə çatdırıb.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixinin ən böyük şəxsiyyətlərindən biridir və onun yaratdığı əsərlər teatr səhnəmizin əsasını təşkil edib, “Cavid teatrı” kimi düşüncələrimizə həkk olunub. Vurğulayıb ki, Hüseyn Cavid dövrün tələbləri və ziddiyyətlərinə qarşı çıxıb, öz dövrü ilə deyil, gələcəklə yaşayıb.Bunun nəticəsidir ki, onun “Topal Teymur”, “İblis” və s. əsərləri bu gün də aktuallığını itirməyib.
Daha sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatının romantik korifeyi Hüseyn Cavid sənəti və əbədiyyəti” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, milli romantik şeirin və mənzum faciənin banisi olan Hüseyn Cavidin əsərləri, eləcə də dramaturgiyası öz orijinallığı ilə fərqlənir və görkəmli ədib qısa müddət ərzində öz yaradıcılığı ilə ədəbiyyatımızda bir sıra yeniliklərin əsasını qoyub. O, Azərbaycan romantik şeirinə yeni yanaşma gətirib, “Bu gecə” şeiri ilə sonet janrının Azərbaycan formatını yaradıb, marş ruhlu şeirlər ərsəyə gətirib.
Konfransa videoformatda qoşulan Özbəkistan Milli Universitetinin professoru, filologiya elmləri doktoru Hamidullah Baltabayev, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru, filologiya elmləri doktoru Nurboy Jabbarov, həmin universitetin dosenti Gülbahar Aşurova, Türkiyənin Balıkesir Universitetinin professoru Sebahattin Şimşir, Burdur M.A.Ersoy Universitetinin kafedra müdiri Canan Olpak Koç, həmçinin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, “Cavid ömrü” filminin yaradıcı kollektivi – Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar artist Dilarə Əliyeva və Vüsal Murtuzəliyev çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb, ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər.
Həmçinin ulu öndərin 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqindən bir parça nümayiş etdirilib.
Sonra konfrans
öz işini
bölmə iclasları ilə başa vurub.
Mədəniyyət.- 2022.- 26
oktyabr.- S.1;3.