Əbədi hürriyyətin şairi
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində elmi sessiya
Böyük şair və dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illiyi ilə bağlı oktyabrın 24-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Əbədi hürriyyətin şairi” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri muzeyin baş direktoru, akademik Rafael Hüseynov açaraq mütəfəkkir ədibin keşməkeşli ömür yolundan, zəngin yaradıcılığından bəhs edib. Bildirib ki, Azərbaycan ədəbiyyatı tarixinə parlaq səhifələr yazmış Cavid bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edib. Yalnız Azərbaycan deyil, dünya ədəbiyyatının ən müstəsna simaları sırasında yer alan Hüseyn Cavid öz aqibətini də, gələcək taleyini də öncədən görürdü və bunu misralarında da əks etdirib.
“O yalnız olanları yazmırdı, olacaqları da əvvəlcədən qələmə alırdı” deyən R.Hüseynov qeyd edib ki, özünü “səma şairi” adlandıran Hüseyn Cavid göydə bərq vuran ulduzlar kimi hər zaman Azərbaycan ədəbiyyatı içərisində parlayır. Faciələr yazan, özü faciələrlə üzləşmiş şair 1937-ci ildə, yaradıcılığının ən parlaq çağında, Azərbaycan ədəbiyyatına böyük bəhrələr verdiyi bir zamanda repressiyaya uğrayıb. 1956-cı ilin bəraətlər dalğasından sonra bir çox şairlər kimi, Hüseyn Cavidin də üzərindən “xalq düşməni” dalğası götürüldüyünü, onun xalqa qayıdışı başladığını deyən akademik vurğulayıb ki, görkəmli ədibə münasibətdə bu, tam bir qayıdış olmayıb və yalnız 100 yaşının tamamında, 1982-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mühüm xidmətləri sayəsində Cavidin yubileyi qeyd edilib. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində Cavidin nəşini Azərbaycana gətirmək mümkün olub, dahi şair doğma Naxçıvanda torpağa tapşırılıb. Rafael Hüseynov ədibin məqbərəsinin də illər sonra yenə ulu öndərin təşəbbüsü ilə ucaldıldığını, Cavidin pərən-pərən düşmüş, hərəsi bir məzarda torpağa tapşırılmış ailə üzvlərinin də həmin məqbərədə qovuşduğunu bildirib.
Böyük ədibin dünya ədəbiyyatı və mədəniyyəti tarixində yeri barədə də söz açan R.Hüseynov bildirib ki, Cavid dünya ədəbiyyatının ən məşhur simaları ilə müqayisə edilərək Azərbaycanın və Şərqin Şekspiri adlandırılıb. Bunun səbəbi Cavidin poeziyasındakı dərinlik, müdriklik, fəlsəfədir.
Akademik Cavidin yaradıcılığı kontekstində onun “İblis” dramının məziyyətlərindən bəhs edib. Diqqətə çatdırıb ki, Cavidin Sibirdə dustaq olarkən yazdığı son dramının adı “Allah” idi. Bundan əvvəl isə o, “Peyğəmbər” və “İblis” pyeslərini yazmışdı. Yəni bu üç əsərlə mütəfəkkir şair insanın bütün varlığı və ruhu ilə ömrü boyu cazibəsində, təsirində olduğu üçbucaq haqqında fəlsəfi-poetik epopeya yaradıb. Cavidin bütün yaradıcılığı xeyirlə-şərin, işıqla-zülmətin, istiqlalla-istibdadın mübarizəsinin ifadəsidir. O, həmçinin yaradıcılığında gəncliyi mütərəqqi baxışdan tərənnüm edirdi. “Azər” poemasında isə bu barədə çox qiymətli fikirləri yer alıb.
“Hüseyn Cavidin 140 yaşı onun böyük ömrünün yalnız bir parçasıdır” deyən R.Hüseynov bütövlükdə Azərbaycan xalqına qayıtmış Cavidin yolunun əsrlərcə davam edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Ömür kitabı – Azər”, əməkdaşlardan filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva “Milləti, vətəni ucaldan şairlər”, Ülviyyə Həsənova “Hüseyn Cavid yadigarları” mövzularında məruzə ilə çıxış ediblər.
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.5.