Bu dünyanın Azərbaycan Zirvəsi var...”

 

Tofiq Mütəllibovun poeziyası Vətənə və onun övladlarına məhəbbətdən yoğurulub

 

Bütün yaradıcı insanlar özlərindən sonra onu yaşadacaq bir iz qoymağa çalışır.  Tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllibov da onu əbədi yaşadacaq bədii nümunələr qələmə alıb. Nəğməkar şairin 30-a yaxın kitabı işıq üzü görüb, 300-dən çox şeirinə mahnı bəstələnib.

Tofiq Mütəllim oğlu Mütəllibov 13 aprel 1929-cu ildə Naxçıvan şəhərində ziyalı ailədə anadan olub. Şəhərdə orta məktəbdə oxuduğu dövrdən bədii yaradıcılığa maraq göstərib, şeirlər qələmə alıb. “Zəfər” adlı ilk şeiri 1946-cı ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. Orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində ali təhsil alır.

Əmək fəaliyyətinə “Pioner” jurnalında başlayan Tofiq Mütəllibov müxbir, məsul katib işləyir. O daha sonra TeleviziyaRadio Verilişləri Komitəsində redaktor, böyük redaktor, “Azərbaycan pioneri” qəzetində şöbə müdiri vəzifələrində çalışır. Bir müddət sonra “Azərbaycan gəncləri” qəzetində fəaliyyətini davam etdirir.

Artıq istedadlı şair kimi diqqətçəkən T.Mütəllibov “Görüş”, “Şeirlər”, “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim”, “Görüş yerimiz” və başqa kitabları ilə oxucuların görüşünə gəlir.

Araşdırmalarda qeyd edilir ki, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli T.Mütəllibova bir musiqi dinlətdirir. Ondan bu musiqiyə söz yazmasını xahiş edir. Şair həmin musiqiyə şeir yazır. Bu, nəinki Azərbaycanda, 100-dək ölkədə məşhur olan “Cücələrim” əsəri idi. Mahnının ilk ifaçısı, deyilənə görə, mərhum Əməkdar incəsənət xadimi Arif Qazıyev olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim”i aktrisa və rəssam-florist Suğra Bağırzadə oxuyur. Mahnı alqışlarla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir. “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilir. Məşhur sovet cizgi filmiNu, poqodi!”nin bir bölümünə də salınır.

Bundan sonra Fikrət Əmirov, Ağabacı Rzayeva, Arif Məlikov, Ələkbər Tağıyev, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov, Şəfiqə Axundova, Oqtay Rəcəbov kimi görkəmli bəstəkarlar T.Mütəllibovun yaradıcılığına təkrar-təkrar müraciət edirlər. Şairin sözlərinə tanınmış bəstəkar Ə.Tağıyevin bəstələdiyi “Mənim əzizlərim” mahnısı da böyük maraq doğurur:

 

Aydan, gündən ucadır

Yurdumuzun sorağı.

Səndən ilham alıram

Azərbaycan torpağı.

 

T.Mütəllibov yaradıcılığında həm Vətənin əsrarəngiz təbiət gözəlliklərinin tərənnümü, Azərbaycan xalqının keçdiyi tarixi yol, əmək adamlarının hünəri, insan onun mənəvi dünyası kimi mövzular əsas yer tutur.

 

Azərbaycan! Yer üzündə

Öz qüdrəti, öz səsi var.

Qoy Everest inciməsin,

Bu dünyanın Azərbaycan

Zirvəsi var.

 

 Xalq şairi Səməd Vurğun T.Mütəllibovun yaradıcılığını yüksək qiymətləndirib, onun Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmasına köməklik göstərib. 1955-ci ildə ittifaqın iclaslarının birində S.Vurğun gündəliklə maraqlanır. Sədr bir-bir müzakirə olunan məsələlər haqda söz açır. Axırda deyir ki, bir xırda məsələ də var. Bir gənc Yazıçılar İttifaqına üzv olmaq istəyir. S.Vurğun kimdir o gənc, deyir! Sədr bildirir ki, Tofiq Mütəllibov. Şair bir daha soruşur: “Cücələrim”i yazanmı? S.Vurğun üzünü iclas iştirakçılarına tutub deyir: “Xahiş edirəm, təklifim səsə qoyulsun. Tofiq Mütəllibov birillik zəmanət – sınaq müddəti olmadan ittifaqın üzvlüyünə qəbul edilsin”. Beləliklə, gənc şair ittifaqa üzv olur.

Şair maraqlı pyeslər də qələmə alıb. 1981-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında müəllifin “Meşə nağılı”, sonrakı illərdə “Danışan qayalar” pyesləri, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə “Cücələrim” alleqorik pyesi tamaşaya qoyulur.

T.Mütəllibov 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqı Uşaq və gənclər ədəbiyyatı şurasının, 1970-ci ildə SSRİ-Çexoslovakiya Dostluq Cəmiyyəti Azərbaycan şöbəsi İdarə heyətinin, 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının, 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin üzvü seçilib.

Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verən Tofiq Mütəllibov 30 oktyabr 1992-ci ildə vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.6.