Nizami Gəncəvi Vəqfinin bir yaşı tamam oldu
Rəfi Qurbanov: “Dahi şairin zəngin irsi ilə yanaşı, Azərbaycanın mədəniyyətini,
ədəbiyyatını, Nizami
yurdu Gəncəni də beynəlxalq aləmdə təbliğ
etmək əsas məramımızdır”
Vəqf mədəniyyəti könüllü
bir hərəkat olmaqla yanaşı, vicdan və mərhəmətə, xeyriyyəyə
əsaslanır, fikirdə
və işdə birlik prinsipi ilə formalaşır. Bu fondlar insanın insana fayda verməsinə
dəstək üçün
yaradılıb. Yaş,
cins, dil, mədəniyyət fərqli
ola bilər,
nəticə olaraq hamımız insanıq. Bu prizmadan baxdıqda
vəqflərin fəaliyyəti
təkcə sosial yönlü deyil, həm də davamlılığın ifadəsidir.
Müasir dövrdə də vəqflər mövcuddur və onların fəaliyyət istiqamətləri
genişdir. Qardaş Türkiyədə hazırda vəqf sistemi daha geniş
spektri əhatə edir, çoxəsrlik ənənələr yaşadılır.
Bəlkə də kimlərsə bu fəaliyyəti sıradan
bir iş hesab edə bilər, amma əcdadlarımızdan bizə
əmanət qalan xeyriyyə işlərinə
verdiyimiz dəstəyin
mənəvi dəyəri
çox yüksəkdir.
Azərbaycancanda da tarixən
müxtəlif vəqflər
olub, onların fəaliyyəti həmin dövrə dair sənədlərdə əksini
tapıb.
2021-ci ildə ölkəmizdə
Nizami Gəncəvi Vəqfi fəaliyyətə
başlayıb. Qurum dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin (1141-1209) anadan
olmasının 880 illik
yubileyi çərçivəsində
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq
Forumunun sonunda qəbul edilmiş Birgə Kommunikedən irəli gələrək
yaradılıb.
Bəs, yeni yaradılan vəqfin əsas məqsəd və məramı nədən ibarətdir? Meyarları və
hədəfləri nələrdir?
Bu suallarla Nizami
Gəncəvi Vəqfinin
direktoru Rəfi Qurbanova müraciət etdik.
– Məlum olduğu kimi, Orta əsrlər
mədəniyyətinin böyük
simalarından olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı
onun öz zamanından üzübəri
həmişə diqqət
mərkəzində olub,
araşdırılıb, əsərlərinin
üzü köçürülüb.
Mütəfəkkir şairin zəngin
irsi bu gün
də nəinki respublikamızda, bir sıra ölkələrdə
də araşdırılır,
müxtəlif dillərə
tərcümə edilərək
çap olunur.
Son illər Azərbaycan
alimlərinin Nizami yaradıcılığını yeni aspektdə tədqiq etmələri, əsərlərinin ana dilimizdə yeni redaktədə nəşri
və s. ölkə ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir.
Bu məqsədlə atılan
addımlardan biri də 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən elan edilmiş “Nizami İli”ndə keçirilən
I Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Nizami Gəncəvi Vəqfinin təsis edilməsi oldu. Yeni qurduğumuz vəqf vaxtilə mövcud olmuş Şeyx Nizami Vəqfinin varisidir.
– Tarixi qaynaqlarda qeyd etdiyiniz Şeyx Nizami Vəqfi haqqında hansı məlumatlara rast gəlinir?
– Şeyx Nizami Vəqfi ilə bağlı ilk məlumat
1595-ci ildə tərtib
edilmiş “Gəncə-Qarabağ
vilayətinin ərazi
icmal dəftəri”ndə
yer alıb. Həmin icmal
dəftərinin 277-ci səhifəsində
Nizami vəqfindən bəhs edilir. Bu dəftər şair
əbədiyyətə qovuşandan
sonra xatirəsinin əziz tutulduğunu təsdiq edən sənədlərdən biridir.
Dəftərdə ayrıca vəqfin
gəlir qaynaqları da göstərilib. Bundan əlavə, Azərbaycan ictimaiyyətinə
vəqf haqqında ilk
məlumatlar akademiklər
Həmid Araslı və Ziya Bünyadov
tərəfindən 80-ci illərdə
“Ədəbiyyat və
incəsənət” qəzetində
dərc edilmiş məqalələr vasitəsilə
verilib. Bu məqalələr
bizim vəqfin rəsmi saytında da yerləşdirilib.
Sovet dövründə yazılan
bu məqalələr
Nizami vəqfinə
aid sənədin xüsusi
bir araşdırma obyekti olduğunu göstərir.
– Şeyx Nizami Vəqfinin kim
tərəfindən təsis
edildiyi məlumdurmu?
– Təəssüf ki, vəqfin neçənci əsrdə və kim tərəfindən
təsis edildiyi məlum deyil. Çünki yaradılması
haqqında, yəni təsis sənədi ilə bağlı məlumatların olmaması
vəqfin idarəetmə
forması, vəqf edilən malların növü və ölçüləri və
s. kimi ortaya çıxan suallara cavab almaq qeyri-mümkündür.
Lakin əldə olunan məlumatlardan aydın olur ki, Gəncə
şəhərində İmamzadənin
(Göyimam) də vəqfləri var idi. İmamzadə Gəncə qalasının
içərisində, Nizami
məqbərəsi isə
kənarda yerləşib.
Nizami zaviyyəsinin (hücrə,
guşə – red.) 12 ədəd
vəqf edilmiş mülkü olub. Bu, həmin dövrlərdə
Gəncə-Qarabağ vilayətində
ən böyük vəqf hesab edilirdi. Vəqfin illik gəlirləri
mədrəsələr, türbələr
və yaxud digər binaların tikilməsində sərf olunurdu.
– Nizami Gəncəvi
Vəqfinin məqsəd
və məramı nədən ibarətdir?
– Vəqfin məqsədi Nizami Gəncəvinin irsinə sahib çıxmaqla
Orta əsrlərdə
Gəncə-Qarabağ bölgəsində
fəaliyyət göstərmiş
Şeyx Nizami Vəqfinin mənəvi varisi kimi bu
irsi təbliğ etmək, eyni zamanda ümumbəşəri
dəyərləri, sülh
və ədaləti tərənnüm edən
dahi mütəfəkkirin
ideyalarını yaşadaraq
Azərbaycan mədəniyyətinin
beynəlxalq arenada təbliğinə töhfə
verməkdir. Eyni zamanda Azərbaycanın
qədim tarixini, zəngin mədəniyyətini,
ədəbiyyatını, incəsənətini
və adət-ənənələrini,
xüsusilə Azərbaycanın
qədim şəhəri
Gəncəni beynəlxalq
auditoriyada geniş təbliğ etmək də əsas məramımızdır. Biz həm də Nizami Gəncəvinin ədəbi irsini tədqiq edən nüfuzlu beynəlxalq və yerli nizamişünas
alimlərin bilik mübadiləsini təşviq
etmək, eləcə
də bu sahədə yeni tədqiqatların aparılmasına
töhfə vermək,
bu irsi tədqiq
edən alimlər üçün Azərbaycanı
beynəlxalq əməkdaşlıq
platforması kontekstində
bir mərkəz halına gətirməkdir.
Vəqfimiz eyni zamanda müxtəlif
regional və beynəlxalq
səviyyəli, dövlət
və qeyri-hökumət
təşkilatları ilə
əməkdaşlıq çərçivəsində
elmi və mədəni layihələrə
dəstək vermək,
nəticələri nəşrlər
və digər vasitələrlə dünya
ictimaiyyəti ilə bölüşərək fərqli
mədəniyyətlər arasında
körpü yaratmaq niyyətini də qarşıya məqsəd
qoyub. Bu məqsədlə
vəqfin Beynəlxalq
Ekspertlər Şəbəkəsi
də yaradılıb.
– Bu şəbəkə hansı
prinsiplər əsasında
fəaliyyət göstərəcək?
– Beynəlxalq Ekspertlər
Şəbəkəsi vəqfin
məqsəd və vəzifələrinə uyğun
olaraq müvafiq sahələr üzrə ixtisaslaşmış nüfuzlu
yerli və xarici ölkələrdən
elm adamlarını, ekspertləri
və mütəxəssisləri
könüllü əsaslarla
birləşdirən əməkdaşlıq
platformasıdır. Burada bizim
təşəbbüsümüz və dəstəyimizlə
həyata keçirilən
layihələr üzrə
müvafiq mövzu seçiminin, konsepsiya və proqramların formalaşdırılmasında məsləhətləşmələrin aparılması, müəyyən
sahələr üzrə
ixtisaslaşmış yerli
və beynəlxalq təşkilat, dövlət
qurumları, elmi dairələr və fərdi ekspertlərlə
əməkdaşlıq əlaqələrinin
qurulmasına dəstəyin
göstərilməsi nəzərdə
tutulur.
– Qurumun “Gənclər konsepsiya”sı nəyə
xidmət edir?
– Nizami Gəncəvi irsini rəhbər tutaraq universal dəyərləri təşviq etmək və gənclər üçün əlverişli sosial mühit yaratmaq məqsədilə “Kəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə vəqfin “Gənclər konsepsiyası” da hazırlanıb. Vəqfin gənclərlə bağlı fəaliyyətində onların dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və komanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına xüsusi önəm verilir.
– Hansısa qurumla əməkdaşlıq əlaqələri yarada bilmisinizmi?
– Bəli, bu gün vəqfimiz yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Tərəfdaşlar sırasında Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Yunus Əmrə İnstitutu, yerli və xarici universitetlər və s. var. Biz bu əməkdaşlıqdan məmnunuq.
– Vəqfin fəaliyyətində uğurlar arzulayırıq.
– Təşəkkür edirəm.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.5.