Azərbaycan ilə Çili
arasında mədəni əməkdaşlıq müzakirə
olunub
Mədəniyyət naziri Anar Kərimov oktyabrın 27-də Çili Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkos ilə görüşüb.
Qonağı səmimi salamlayan nazir bildirib ki, ölkələrimiz arasında məsafə uzaq olsa da, hər iki xalqı birləşdirən çoxlu mədəni dəyərlər var. Ölkəmizin mədəni zənginlikləri haqqında söz açan Anar Kərimov mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən gənclərə dövlət tərəfindən davamlı dəstək verildiyini diqqətə çatdırıb.
Söhbət zamanı nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu deyib, bu kontekstdə klassik musiqi sahəsində, habelə kitabxana işi üzrə əməkdaşlığa diqqət çəkib, bu istiqamətdə təcrübə mübadiləsinin faydalı olacağını bildirib. Həmçinin qarşılıqlı sərgilərin, ədəbiyyat axşamlarının keçirilməsinin mədəni əməkdaşlığa töhfə verə biləcəyi vurğulanıb.
Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı haqqında diplomata məlumat verən Anar Kərimov festivalın bir sıra ölkələrdən musiqiçi və kollektivləri bir araya gətirdiyini deyib, Çili musiqiçilərini də bu layihədə iştiraka dəvət edib.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Rodriqo Arkos Azərbaycanda insanların qonaqpərvərliyini məmnunluqla qeyd edib, xalqımızın mədəni zövqünün yüksək olduğunu xüsusi vurğulayıb.
Səfir Azərbaycanda mədəniyyət layihələri – sərgilər, yaradıcı insanların görüşlərini keçirmək istədiklərini bildirib, belə layihələrin iki ölkənin ədəbiyyat və mədəniyyətinin qarşılıqlı tanınmasına vəsilə olacağını qeyd edib.
Anar Kərimov öz növbəsində deyib ki, ədəbiyyat üzrə Nobel mükafatı laureatları – böyük Çili şairləri Qabriela Mistral (1889-1957), Pablo Neruda (1904-1973) və başqalarının əsərlərinin müvafiq ali təhsil ocaqlarında müzakirəsini təşkil etmək mümkündür.
Daha sonra
görüş qarşılıqlı maraq doğuran digər məsələlərin
müzakirəsi ilə davam edib.
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.1;2.