Qazax Milli Universitetinin əməkdaşı Əlyazmalar İnstitutunda olub

 

 

Əl-Fərabi adına Qazax Milli Universiteti Şərqşünaslıq fakültəsinin dosenti, həmin universitetin nəzdində Mədəni irs əlyazmalar fondunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Zübeydə Şafkam AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Görüşdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli elm ocağı haqqında məlumat verib. Söhbət zamanı gələcəkdə birgə əməkdaşlıq layihələri müzakirə olunub, qarşılıqlı elmi ezamiyyələrin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Zübeydə Şafkam öz növbəsində təmsil etdiyi elmi müəssisədə yaradılmış fondun işinin təşkili zamanı dünyanın aparıcı əlyazma mərkəzləri ilə yanaşı, M.Füzuli adına Əlyazmalar İnstitutunun təcrübəsini əsas götürdüklərini vurğulayıb.

Öz araşdırmaları barədə məlumat verən alim bildirib ki, hazırda Azərbaycan dilində qələmə alınan unikal yazılı folklor abidəsiRüstemnameyi-türkiəlyazmasının üzərində tədqiqat aparır. Bakıya gəlişinin əsas səbəblərindən biri həmin əsərin əlyazma nüsxələri haqqında ətraflı məlumat toplamaqdır.

Görüşdən sonra qazax alimi institutun ekspozisiya zalında nümayiş etdirilən nadir eksponatlar, əlyazma nüsxələri ilə tanış olub.

Zübeydə Şafkama Əlyazmalar İnstitutunun son nəşrləri hədiyyə olunub xatirə şəkli çəkilib.

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.6.