Xan qızı soraqlı eksponatlar

 

Milli Azərbaycan Tarixi Muzeyində Natəvana məxsus nadir əl işləri və əşyalar qorunur

 

 

Görkəmli şairə, parlaq bədii istedad sahibi Xurşidbanu Natəvanın (1832-1897) ədəbiyyat və mədəniyyət salnaməmizdə xüsusi yeri var. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı sayəsində Natəvan dövrün mədəni mühitinin formalaşmasına mühüm təsir göstərib. Onun Şuşada təşkil etdiyi “Məclisi-üns” ədəbi məclisi də Qarabağda ədəbiyyat və mədəniyyətin inkişafında aparıcı rol oynayıb. Şairə istedadlı gəncləri də məclisə dəvət edib, onların yetişməsinə öz töhfəsini verib.

Xalqın sevə-sevə “Xan qızı” deyə müraciət etdiyi Natəvan geniş istedada sahib bir şəxsiyyət olub. Çoxşaxəli yaradıcılığına nəzər saldıqda onu şairliklə yanaşı, rəssam, tikmə ustası, xalçaçı simasında da görürük.

Bu günlərdə Xan qızının Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işləri və ona aid məmulatlarla tanışlıq üçün muzeyə yollandıq. Muzeyin baş mühafizi, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova bildirdi ki, muzeydə qorunan Xan qızına aid tikmə və əl işləri onun incə zövqə, yüksək sənətkarlıq qabiliyyətinə malik olmasına əyani sübutdur. Natəvanın 180 illik yubileyi ilə əlaqədar, 2012-ci ildə muzeyin hazırladığı bukletdə şairənin əl işləri – tikmə və rəsmləri haqqında məlumatlar verilib. 190 illik yubileylə bağlı isə muzey noyabr ayında “Şuşa İli” çərçivəsində geniş sərgi təqdim edəcək. Sərgidə məxsusi Natəvan guşəsi ziyarətçilərin marağına səbəb olacaq.

 

Gül dəftəri”

 

Daha sonra Xurşidbanu Natəvanın əl işlərinin, əşyalarının qorunduğu və tədqiq edildiyi Etnoqrafiya elmi fond şöbəsi ilə tanış olduq. Burada şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova bizi Xan qızının əşyaları ilə tanış etdi. Bildirdi ki, Natəvana məxsus əşyalar Azərbaycan Milli İncəsənət Muzeyi ilə yanaşı Bərdə Tarix-Diyarşünaslıq Muzeyində də qorunur. Gülzadə xanım 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı FondununŞuşa qrantı” əsasında nəşr olunmuşQarabağ geyimləri” (müəlliflər – Fəzayıl Vəliyev və Gülzadə Abdulova) kitab-kataloquna muzeyin eksponatları sırasından Natəvanın geyimlərinin də daxil edildiyini diqqətə çatdırdı.

Ayrı-ayrı eksponatlar haqqında bilgi alıram. 1886-cı ilə aidGül dəftəri” adlı albom diqqətimi cəlb edir. Albomda Natəvanın qrafika üsulunda çəkdiyi müxtəlif gül və təbiət mənzərələri ilə yanaşı, Bakının görüntüsü, ev, körpüs. təsvirləri də yer alıb. Şairənin albomun üz qabığına ipək saplarmuncuqlarla tikdiyi nəbati təsvirlər onun bədii zövqünün zənginliyinin daha bir göstəricisidir.

Natəvanın güləbətin sapla tikdiyi yaxalıq, başmaq, öz dövrü üçün yeni olanxaç” tikmə üsulu ilə bəzədiyi xurcun, qazantutan onun bu sənət sahəsindəki yüksək istedadından soraq verir. Tarixdən məlumdur ki, hətta məşhur fransız yazıçısı Aleksandr Düma (ata) da Natəvanın bu istedadına valeh olub. Şairə 1858-ci ildə həyat yoldaşı Xasay Usmiyevlə bərabər Aleksandr Düma ilə Bakıda görüşərkən başqa hədiyyələrlə yanaşı, ona öz əlilə tikdiyi pul kisəsini də verib. Hədiyyənin zərifliyinə və yüksək sənətkarlıqla işlənməsinə heyran qalan Düma onu “ən gözəl hədiyyə” adlandırıb.

 

Bacarıqlı modelyer

 

Muzeydəki materiallar Xurşidbanu Natəvanı dövrünün bacarıqlı modelyeri kimi də bizə tanıdır. Fondda saxlanılan Avropasayağı üslubda köynəyi şairə vaxtilə öz əlləri ilə tikərək əmisi qızı Münəvvər xanıma hədiyyə edibmiş. Əlbəttə ki, bu, Natəvanın yeganə əl işi deyil. Geyimin tikiş texnologiyası müəllifin ustalığından, yüksək zövqə malik olmasından xəbər verir. Buna sübut kimi Xan qızının fotoşəkillərini nümunə çəkə bilərik. Belə ki, şəxsi geyimləri və fotoşəkillərindən onun yüksək zövq sahibi olduğu nəzərə çarpır. Bu arada Gülzadə xanım bildirir ki,  Natəvanın fotolarına diqqət edəndə onun bədən ölçülərini tam sezmək olur. Bu mənada bəzi geyimlər var ki, qohumları bu əşyaları Natəvanın özünə məxsus olduğunu iddia etsələr də, biz onun tikiliş üslubu və zövqə görə Natəvan tərəfindən tikildiyini müəyyən edə bilirik... Həmçinin qeyd etmək lazımdır ki, muzeydə qorunan onlarla nimtənə biçimtikiş üsuluna aid materiallar içərisində Natəvana məxsus olanlar digər nümunələrdən fərqlənir. Şairənin rəssamlıq qabiliyyəti bu əl işlərində də özünü göstərir. Xara parçadan tikilmiş nimtənənin yaxası zanbaq, qolları yelpazə biçimlidir. Nimtənənin astarının parçanın yerliyinin rənginə uyğun seçilməsi geyimin estetik gözəlliyini daha da artırır. Burada saxlanılan arxalıqlarda dövrünə görə qeyri-adi biçim üsulunun olduğunu görürük. Bu gözəl qabiliyyəti ilə Xurşidbanu Natəvan Azərbaycan geyim mədəniyyətinə yeniliklər gətirib.

Xalçaçılıq sahəsində də özünü sınayan şairə Azərbaycanın dünyaya səs salan ənənəvi el sənətində parlaq izlər qoyub. Onun xalçalarının beynəlxalq sərgilərdə iştirak etməsi haqqında da bəzi məlumatlar var. Muzeydə qorunan xurcun, quranqabı, bəzəkli başmaq, yaxalıq, tənbəki kisəsi, süfrə, məfrəş və s. şairədən bizə qalan dəyərli yadigarlardır.

XIX sonu – XX əsrin əvvəlində ölkəmizdə qadınların üst geyim növü hesab edilən tuman maddi durumundan asılı olaraq müxtəlif növ parçalardanqanovuz, darayı, tirmə və s. hazırlanırdı. Həmçinin o dövrdə bu geyim növü üçün yaş fərqi də nəzərə alınırdı. Yaşlı qadınlar tünd və birrəng, gənc qız və gəlinlər isə rəngli, güllü parçalardan hazırlanan tumanlara üstünlük verirdi. Şairəyə məxsus ənənəvi qadın geyim nümunəsi olan nimtənə yun parçadan hazırlanaraq XIX-XX əsrlər Azərbaycan qadınlarının istifadə etdiyi gündəlik geyim nümunəsidir. Çəpkəndə olduğu kimi, nimtənənin də qollarının və ətəyinin kənarına güləbətin və digər tikməli baftalar əlavə edilirdi.

Eksponatlar arasında başmaq məmulatına isə iki növdə rast gəlirik. Biri mahud, digəri isə bez parçadan hazırlanıb və üstü muncuqlarla bəzədilib. Həmin dövrdə başmağın pəncə hissəsi qalın parçadan (mahud, məxmər) olmaqla bərabər, onun üzərini güləbətin tikmə ilə də bəzəyirdilər.

Şairənin fondda mühafizə olunan yeddi saxlama vahidi geyimi var. Bu geyimlər zərxaradan tikilmiş, boynu və yaxası baftalı köynək, məxmərdən tikilmişqol ağzı güləbətin tikmə üsulu ilə bəzədilmiş nimtənə, qaz parçadan tikilmiş və ətəyinə baftadan bəzək verilmiş tuman, muncuq tikmə üsulu ilə bəzədilmiş başmaqs. ibarətdir.

Zərxaradan tikilmiş arxalıq biçim üsulunatikiş tərzinə görə muzeyin nadir eksponatlarındandır. Arxalıq, eyni zamanda tarixi əhəmiyyətinə görə də xüsusilə çox qiymətlidir. Üzəri mavi, qırmızı, yaşıl rəngli ipək sap və güləbətinlə nəbati təsvirlidir. Ətəyi isə büzməlidir. Uzunluğu 49 sm, qolunun uzunluğu 53 sm-dir.

Xan qızının özü tikdiyi xurcun da maraqlı eksponatlar sırasındadır. Bu əl işi tarixi ənənələrimizi özündə yaşadan, yüksək bədii-estetik zövqə malik nümunələrdəndir. Keçmişdə məişətdə ərzaq daşınması üçün geniş istifadə edilən xurcun qara mahud parçadandır. Hər iki gözün üz səthində müxtəlif rəngli yun saplarla çərçivə içərisində gül dəstəsi tikilib. Xurcunun çiyinlik hissəsinə və içərisinə də eyni rəngli saplarla nəbati naxış salınıb. Gözlərin birinin üzərində “1880”, digərində isə ərəb əlifbası ilə “1303” hicri tarixi həkk edilib. Astarı qara rəngli sətindən olan xurcunun bütün kənarı boyunca qara rəngli mahud üzərində müxtəlif rəngli iplərlə yarpaq təsvirləri salınıb. Ümumiyyətlə, Xan qızı xurcun üzərində işləmələrlə gözoxşayan kompozisiya yaradıb.

Gülzadə xanım deyir ki, haqqında söz açdığımız xurcun Natəvanın nəvəsi Naidə Səid qızı Məmmədova tərəfindən 1988-ci ildə muzeyə hədiyyə edilib. Digər əşyaların bir hissəsi şairənin qohumları və başqa şəxslər tərəfindən müxtəlif illərdə muzeyə təhvil verilib. Dostuxanım Səfərovanın 1974-cü ildə muzeyə təhvil verdiyi saatqabını isə Natəvanın qızı Xanbikə görkəmli maarif xadimi Məhəmməd Tağı Sidqiyə (1854-1903) hədiyyə edilibmiş.

Natəvanın dövrümüzə gəlib çatmış əl işləri və şəxsi əşyaları onun incə zövqmahir sənət məharətinin göstəricisidir. Bu dəyərli eksponatlar haqqında ətraflı məlumat verən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarına təşəkkürümü bildirirəm.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.6.