Musiqi, incəsənət, rəssamlıq,
muğam, aşıq məktəb və mərkəzlərinə
müəllimlərin işə qəbulu
Müsabiqənin müsahibə mərhələsinə
sentyabrın 9-da yekun vurulacaq
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi sistemində bədii təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilib.
Qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Test imtahanı avqustun 7-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. Test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. Onlardan da 383 nəfər Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçərək namizədliyini təsdiq edib.
Sentyabrın 5-dən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılıb. 6 müxtəlif ixtisas üzrə komissiyalar fəaliyyət göstərir.
Müsahibələrdə namizədlər uzun müddət müvafiq sahədə peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qaydalarda qeyd edilən meyarlar üzrə qiymətləndirilir, mümkün 15 baldan 10 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. Müsahibə mərhələsinə sentyabrın 9-da yekun vurulması nəzərdə tutulub. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.
Mədəniyyət.- 2022.- 9
sentyabr.- S.5.