23-cü TÜRKSOY Opera Günləri Fikrət Əmirovun 100 illiyinə həsr edilib

 

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan Opera Günləri növbəti dəfə sənətçiləri bir araya gətirəcək.

23-cü TÜRKSOY Opera Günləri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin də dəstəyi ilə 15-21 sentyabr tarixində Türkiyənin Bursaİzmir şəhərləri ilə yanaşı, Şimali Kiprin QazimağusaGirne şəhərlərində də düzənlənəcək.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurası böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə 2022-ci ili “Fikrət Əmirovu anma İlielan edib. Bu münasibətlə TÜRKSOY-un 23-cü Opera Günləri Fikrət Əmirova həsr olunub. Konsert proqramlarının repertuarında Fikrət Əmirovun əsərlərinə xüsusi yer ayrılıb, həmçinin bəstəkarın həyat və yaradıcılığı ilə bağlı fotosərgi sənətsevərlərə təqdim olunacaq.

Opera Günlərinin açılış mərasimi sentyabrın 15-də “2022 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada baş tutacaq. Proqramda opera müğənniləri azərbaycanlı dirijor, Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi orkestrin müşayiəti ilə sənətsevərlərin qarşısına çıxacaqlar.

Sentyabrın 18-də İzmir səhnəsində təşkil olunacaq konsertdə Türk dünyası bəstəkarlarının opera əsərləri və dünya klassik ariyaları səslənəcək.

Uzun fasilədən sonra bu il TÜRKSOY Opera Günləri Şimali Kiprdə də keçiriləcək. Konsertlər sentyabrın 20-də QazimağusadaOtello” qalasında, ayın 21-də isə Girne şəhərində Bellapais monastırında gerçəkləşəcək.

23-cü TÜRKSOY Opera Günlərinin konsertlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan, Şimali Kipr, Şimali Makedoniyadan sənətçilər iştirak edəcək. Konsert proqramlarında Azərbaycanı Fatimə Cəfərzadə təmsil edəcək.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.8.