Daşkənd kinofestivalına "Suğra və oğulları" gedib

 

 

Xəbər verdiyimiz kimi, 14-18 sentyabr tarixində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “İpək Yolunun dürdanəsi" beynəlxalq film festivalında ölkəmiz də təmsil olunacaq.

Daşkənddəki Heydər Əliyev adına AMM-dən verilən məlumata görə, festivalda kinorejissor İlqar Nəcəfin "Suğra və oğulları" filmi təqdim olunacaq. Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilmin (Almaniya) birgə istehsalı olan filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, ucqar kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin çəkilişləri 2019-cu ildə aparılıb.

Qeyd edək ki, Özbəkistanın paytaxtında hələ sovet dövründə keçirilən beynəlxalq festival kifayət qədər nüfuzlu kino forumu olub. Uzun fasilədən sonra, 2021-ci ildə festival “İpək Yolunun dürdanəsi" adı altında bərpa olunub. Builki kinofestivalda 40-dək  ölkənin iştirakı nəzərdə tutulub.

Sentyabrın 15-də festival çərçivəsində Heydər Əliyev adına AMM-də "Azərbaycan kinosu günləri" açılacaq. Məlumata görə, festivala Azərbaycandan kino xadimləri – xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Ayaz Salayev, eləcə də kinorejissorlar Orman Əliyev, Oleq Səfərəliyev, Əlisəttar Quliyev, İlqar Nəcəf, Asif Rüstəmov, Fariz Əhmədov qatılacaqlar.

Açılış mərasimində Xalq artistləri GülyanaqGülyaz Məmmədova konsert proqramı ilə çıxış edəcəklər.

17 sentyabrdaSuğra və oğulları" filmi Buxara şəhərində də nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.1.