Dirijor Fazil Əliyev vəfat edib

 

 

Tanınmış dirijor, Əməkdar incəsənət xadimi Fazil Əliyev sentyabrın 5-də ABŞ-ın Nyu-Cersi ştatında vəfat edib.

Fazil Böyükağa oğlu Əliyev 23 iyun 1945-ci ildə Bakı şəhərində anadan olub. 1952-ci ildə 31 nömrəli orta məktəbə daxil olub, 1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsilini davam etdirib. 1962-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Dirijorluq fakültəsinə, eyni zamanda Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakültəsinin axşam şöbəsində oxuyub. Hər iki təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.

“Tallin-1975” beynəlxalq mahnı müsabiqəsinin laureatı olan Fazil Əliyev Azərbaycan Dövlət Xor Kapellasında dirijor kimi fəaliyyət göstərib.

O, həmçinin Böyük Vətən müharibəsi veteranlarının xor kollektivinin yaradıcısı, bədii rəhbəri və baş dirijoru olub. Veteranlar xorunun repertuarında rus, Ukrayna və digər xalqların mahnıları ilə yanaşı Azərbaycan bəstəkarlarının əsərləri də geniş yer tutub. Kollektiv daha çox yarandığı dövrün tələblərinə uyğun mahnılarla, xüsusən müharibənin ağır günlərində ordunu döyüşə ruhlandıran, sonralar isə düşmən üzərində qələbəni əks etdirən və nəhayət, sülhə həsr olunmuş əsərlərlə dövlət tədbirlərində, bayram mərasimlərində, radioteleviziya verilişlərində çıxışlar edib, xalqın dərin rəğbətini qazanıb. Fazil Əliyev bu kollektivə 1992-ci ilə qədər rəhbərlik edib.

Musiqi xadiminin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, o, respublikanın “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.

1993-cü ildə ABŞ-a köçən dirijor orada Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ edirdi.

Fazil Əliyevin xatirəsi ailəsinin və sənət dostlarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.6.