Moskvadakı “Azərbaycan” pavilyonundaiki sevgi şəhəri”

 

Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” daimi pavilyonunda “Moskva-Bakı: iki sevgi şəhəri” adlı festival keçirilib.

Sentyabrın 10-11-də Moskva şəhərinin 875 illiyinə həsr olunmuş tədbir “MBA-Moskva” bankı, “Sergey Andriyakanın Akvarel və Zərif Sənətlər Akademiyası”, “Restomarket by Vasilchuk Brothers” ilə birgə təşkil edilib.

Moskvalılara və şəhərin qonaqlarına xoreoqraf Rəna İbrahimovanın rəhbərlik etdiyiAlagöz” və Fatma Nəzərlinin “Xarıbülbül” ansambllarının ifasında Azərbaycan rəqsləri, müğənni Emil Qədirovun ifasında mahnılar, açıq səma altında Azərbaycanın şah plovunun hazırlanması və ənənəvi süfrəyə verilməsi şousu təqdim olunub, milli şirniyyatların bəzədilməsi, eləcə də qutab bişirilməsi üzrə ustad dərsləri keçirilib.

Uşaqlar isə valideynləri ilə birgə “Sergey Andriyakanın Akvarel və Zərif Sənətlər Akademiyası”nın ustad dərslərində iştirak ediblər: nar şəklində keramika məmulatlarına naxış vurub, Moskva və Bakıya həsr olunan viktorinada, dulusçuluq sənətində bilik və bacarıqlarını sınayıblar.

XTNS-də yerləşən “Moskvanın maketipavilyonunda əsas tədbir – “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filminin təqdimatı keçirilib. “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova filmdə tamaşaçılara Rusiya və Azərbaycan arasında olan dərin mədəni və tarixi əlaqələrdən söhbət açıb, Moskvanın vaxtilə Azərbaycanda yaşamış şəxsiyyətlərlə bağlı olan tarixi yerlərinə virtual ekskurs keçirilib.

Səadət Qədirova jurnalistlərə müsahibəsində qeyd edib ki, həm Azərbaycana, həm də Rusiyaya mənsub olan dünya miqyaslı şəxsiyyətlər tariximizdə mühüm yer tuturlar: “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filmi belə məşhur şəxsiyyətlər və yerlər barədədir. Biz tamaşaçıları Azərbaycanın Moskvadakı səfirliyinin binası, səfir Polad Bülbüloğlu ilə tanış etdik, Rusiya paytaxtında heykəlləri ucaldılmış dahi şairlər – Nizami və Nəsimi, dünyaşöhrətli müğənni Müslüm Maqomayev barədə danışdıq...”.

Festival çərçivəsində təşkil olunan yarmarkalarda  iki gün boyunca qonaqlar ənənəvi Azərbaycan çayı ilə Azərbaycan və dağ yəhudiləri mətbəxinin ən gözəl şirniyyat növlərinin dadına baxıb, eləcə də azərbaycanlı istehsalçıların məhsullarını əldə ediblər.

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.1;8.