“Rənglərə münasibət birbaşa ruhun vəziyyəti
ilə bağlıdır”
İnna Kostina: “Sənətin bir neçə növü ilə eyni anda
məşğul olmağı
xoşlayıram”
Rənglər dünyası və bu aləmə qərq olan bir xanım təsəvvür edin. Sözsüz
ki, qadın olan yerdə gözəllik var, əlvanlıq var, nikbin notlar var...
Əməkdar rəssam İnna Kostina həyatını rənglərə, sənətə
həsr edib. Əbəs deyildir
ki, rəssam batika texnikası ilə “Simurq” mövzusunda yaratdığı
silsilə əsərlərdə
Simurqu əsrarəngiz
qadın-quş adlandırıb.
İnna Kostina bu barədə deyir: “Simurq həm Şərq, həm də slavyan mifologiyasında mövcud olan qadın-quş obrazıdır.
Şərq mifologiyasında Simurq
peyğəmbərlik qabiliyyətlərinə
malikdir. Şərqdə Simurq taleyin aləti kimi çıxış edən
sirlərin qoruyucusu idi. Slavyan mifologiyasında Simurq
obrazı ruhun dirilişinin simvolu olan qız başlı
Cənnət quşu
– Sirin quşuna uyğundur. Bir çox dini
ənənələrdə quşlar yerlə göy arasında əlaqə qurur, ürək və ruhun simvolu kimi
çıxış edir.
Bu gün qloballaşma
dövründə, az qala milli
sərhədlərin silindiyi,
mədəniyyətlərin birləşdiyi bir dövrdə etnik kimliyin qorunub saxlanılması problemi kəskin şəkildə
ortaya çıxır.
Simurq obrazı ruhun və Azərbaycan
ruhunun gücünün
simvolu olaraq mənə xüsusilə
aktual görünür...”.
Dosye: İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan
olub. 1984-cü ildə Moskva İncəsənət Texnikumunun
Rəngkarlıq fakültəsini
bitirib. 1984–1989-cu illərdə Ümumittifaq
Dövlət Kinematoqrafiya
İnstitutunda bədii
film və televiziya üzrə quruluşçu
rəssam ixtisasına
yiyələnib. Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında
Rəngkarlıq və
kino kafedrasında dərs deyir. Ötən əsrin 90-cı illərindən
batika texnikasında ipək üzərində
işləyən rəssam
kimi məşhurlaşıb.
Bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatı
və 250-dən artıq
sərginin iştirakçısıdır.
Özünəməxsus üslubu ilə tanınan İnna Kostinanın əl işləri 1987-ci ildən
başlayaraq İtaliya,
Norveç və Almaniya – ümumilikdə
30-dan çox ölkədə
muzey və qalereyalarda nümayiş olunub. Əsərləri həmçinin
Azərbaycan Milli İncəsənət Muzeyi,
Müasir İncəsənət
Muzeyi, Tomsk Vilayət İncəsənət Muzeyi
(Rusiya), “Old Gallery” və
Karvasla Muzey Mərkəzi (Gürcüstan),
“IL Leone ” İncəsənət Mərkəzində (İtaliya),
həmçinin ölkəmizdə
və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Bu il 60 illik
yubileyini qeyd edən rəssamla müsahibəmiz sənətə
sevgi mövzusu üzərində quruldu.
– Rəngkarlıq, rəsm sizin üçün nə deməkdir?
– Rəssamlıq artıq çoxdan həyatımın
ayrılmaz bir hissəsinə çevrilib.
Hava, su kimi mənə
lazım olan və bunsuz yaşaya bilmədiyim bir anlam kəsb
edir. Hər gün və
istənilən şəraitdə
işləyirəm.
– İndiyədək onlarla
fərdi sərginiz təşkil olunub. Son sərgilərinizdən olan
“Yerin-göyün bağları”
nəyi ehtiva edirdi?
– Siyahımda Bakıda
və dünyanın müxtəlif şəhərlərində
36 fərdi, 300 qrup sərgisi və festival yer alır. 2021-ci ilin noyabrında Müasir İncəsənət
Muzeyində açılan
“Yerin-göyün bağları”
sərgim insan ruhunun əbədiliyini özündə ehtiva edirdi. Burada uydurma, ideallaşdırılmış
və ovsunlanmış
dünya real dünya ilə birləşir.
Lakin bu dünyaların müasir olması mütləq deyil – onlar sirli,
sanki zamandan kənardadırlar..
– Sərgilərinizə maraqlı
adlar seçirsiniz...
– Düşünürəm ki,
başlıq və ideya sərginin mühüm hissəsidir. Bəzən
ad özü gəlir,
bəzən uzun müddət axtarırsan.
– Sizdə batika texnikası ilə ipək üzərində
işləməyə maraq
necə yarandı?
– Təsviri sənətin istənilən növündə
özümü sınamaq
mənim üçün
çox maraqlıdır:
Batika qədim və mürəkkəb texnikadır, bir çox nüansları
var. 1995-ci ildən bununla
məşğul oluram.
Bu texnikada işlədiyim
əsərlər bir sıra ölkələrdə
və bir çox muzeylərin kolleksiyalarında nümayiş
etdirilir, həmçinin
biennalelərdə mükafatlandırılıb.
Sənətin bir neçə
növü ilə eyni anda məşğul
olmağı xoşlayıram.
Texnikanın seçimi daha
çox düşündüyün
əsərin ideya və təcəssümünə
hesablanır. Düşüncələrimi, hisslərimi ifadə
etməyə hansı
üslub daha yaxındırsa, onu seçirəm.
– Yubileyinizi necə qeyd etdiniz?
– Yubileyimi Sakit okeanın sahillərində
qeyd etdim. Soyuq sularda üzmək mənim ən böyük arzum idi və bu
arzum da gerçəkləşdi...
– Qarşıda sərginiz gözlənilirmi?
– Latviyanın Gulbene
muzeyində batika texnikası ilə işlədiyim ipək boyamalar və rəsmlərimdən ibarət
fərdi sərgim var.
Sentyabrın 30-dək davam
edəcək sərgi
Latviyanın Azərbaycandakı
Səfirliyinin dəstəyi
ilə təşkil olunub. Yaxın vaxtlarda isə
böyük yubiley sərgimə hazırlaşıram.
Hər bir sərgi rəssam həyatının
müəyyən bir dövrünün hesabatıdır.
– Avtoportretiniz varmı?
– Bəli, bir neçə avtoportretim
var. Amma inanıram ki, istənilən səmimi yaradıcılıq
əsəri rəssamın
özünüifadəsi, yəni
avtoportretidir...
– Əsas rəngləriniz
hansılardır? Rəssam üçün yaş artdıqca rənglər də dəyişirmi?
– Rənglərə münasibət
birbaşa ruhun vəziyyəti ilə bağlıdır. Düşünürəm ki, önəmli olan yaşadığınız
illərin sayı deyil, həyat təcrübəsidir.
– Sizcə, sənətin missiyası nədir?
– İnsanlara insan
olmaqda kömək etmək. Bunu onların düşüncələrinə,
həyata baxışlarına
təsir anlamında deyirəm.
– Pedaqoq kimi bu
sənətin sirlərini
gənclərə necə
açırsınız?
– Dövlət Rəssamlıq Akademiyasında dərs deyirəm. Rəngkarlıq kafedrasının dosenti və Kino və televiziya rəssamlığı emalatxanasının rəhbəriyəm. Tələbələrimi çox sevirəm. 1996-cı ildən istedadlı uşaqlar üçün “7 əlvan kəpənək” adlı studiya yaratmışam və bu gün də rəhbərlik edirəm. Studiyaya uşaqlarla yanaşı böyüklər də gəlir. İstedadlı insanlar çoxdur. Onlara bu istedadı açmaq üçün yardımçı olmaq lazımdır. Həmçinin YARAT Müasir İncəsənət Məkanında böyüklər üçün mütəmadi rəngkarlıq və batikadan ustad dərsləri keçirəm.
– Gənc rəssamlara sözünüz varmı?
– Gənclərə sözüm budur ki, öz yolunuzu axtarın, onu hər hansı formada ifadə etməkdən çəkinməyin.
– Bir daha sizi yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və sənət uğurları arzulayıram.
– Mən də müsahibəyə və diqqətinizə görə təşəkkür edirəm. Sonda isə bildirmək istəyirəm ki, yubiley ilimdə mənim üçün ən unudulmaz anlardan biri doğma Şuşamızda, Cıdır düzündə “Sarı gəlin” mahnısını ürəkdən, bütün qəlbimlə ifa etməyim oldu. Bu, əsl zövq və xoşbəxtlik idi...
Lalə Azəri
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.5.