Filmin yaradılma prosesi
onun üçün daxili aləminin təzahürü idi...
Kinorejissor Teymur Bəkirzadə
xatirələrdə
Aktyorları rolları, rejissorları filmləri məşhurlaşdırır. Əməkdar incəsənət xadimi Teymur Bəkirzadəni çoxumuz quruluş verdiyi “Yol əhvalatı” kinokomediyasından tanıyırıq. Əslində isə onu kinosevərlərə tanıdacaq səbəb daha çoxdur. Azərbaycan kinosunda fərdi dəst-xəttinə görə seçilən rejissorun anadan olmasının 81-ci ildönümündə (14.09.1941-21.09.1995) xatirəsini ehtiramla yad edərək, qızı Mədinə xanımın və həmkarlarının söhbətlərindən şəxsiyyəti, sənətkarlıq xüsusiyyəti haqqında ətraflı məlumatları oxucularla da bölüşmək istəyirik.
Teymur Bəkirzadənin uşaqlığı həmyaşıdları kimi müharibə illərinə təsadüf edib. Atası İkinci Dünya müharibəsindən qayıtmayıb, anası evdar qadın olub. Uşaqlıq və gənclik illəri ağır keçən yeniyetmə idmanı və incəsənəti həyatının mənasına çevirib, yüngül atletikada beşnövçülük üzrə məşğul olub. Həmin illərdə SSRİ üzrə keçirilən bir çox yarışlarda iştirak edib, medallarla təltif olunub. Rejissorluq fəaliyyətində də idmana həsr etdiyi sənədli filmlərlə böyük uğurlar əldə edib.
Rejissor kimi ilk sənədli filmi isə Xalq rəssamı Toğrul Nərimanbəyov haqqında olub. Bundan sonra 40-a yaxın müxtəlif mövzulu, o cümlədən bioqrafik (“Axtarış həvəsi”, “Fəhlə Gülbala Əliyev” və s.), idman (“Futbol, futbol…”, “Taca doğru addım” və s.), tarixi (“Abşeron qalaları”, “Bakı-Neapol qardaşdırlar” və s.), sosial (“Həyat yolu” və s.) janrlı sənədli filmlər ərsəyə gətirib, bir sıra ekran əsərlərinin ssenarisini yazıb. Bədii kinoda isə “Ömrün səhifələri” kinoalmanaxından “Rəqiblər” novellasına, “Çətirimiz buludlardır” (Nicat Bəkirzadə ilə birgə), “Yol əhvalatı”, “Ləqəbi “İKA”dır” (Amin Novruzovla birgə) bədii filmlərinə quruluş verib, “Mozalan” kinojurnalı üçün qısametrajlı bədii süjet (“Arzu”) çəkib.
Rejissorun “Dissonans” sənədli filmi kino ictimaiyyətinin böyük marağına səbəb olub. Bu uğurun səbəbini filmin operatoru olmuş Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyevdən öyrənirik: “1977-ci ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib “Azərbaycanfilm”ə yeni gəlmişdim. Teymur məni Azərbaycan qadın həndbolçuların komandasına həsr olunmuş sənədli filmdə işləməyə dəvət etdi. Amma ilk çəkilişlərin nəticələrinə baxdıqdan sonra filmin ideyasını dəyişdirdi və idmanda baş verən proseslərdə qadın gözəlliyinin, incəliyinin bu mübarizədə həmçinin sərtlik, kobudluqla əks mütənasibdə olduğunu göstərməyi əsas götürdü.
Həmin il Teymur Bəkirzadə ilə birlikdə həndbolçuların Kaunas, Sverdlovsk, Kiyev və Bakıda keçirilən dörd yarış turunda iştirak etdik. Hər turda 6-7 oyun olmaqla bütün oyunları izlədik və “gizli kamera” ilə hamısını çəkdik. Təsəvvür edin ki, “Konvas” kinokamerası ştativdə, bir əlim fokusu tutmaq üçün uzunfokuslu (300 mm) obyektivdə, bir əlim isə kameranı işə salan düymədə olurdu, gözümü isə vizirdən (kameranın gözlüyündən) çəkmirdim. Teymur yanımda durub oyunu diqqətlə izləyir, nəzərini mənim görə bilmədiyim səhnələrə və epizodlara yönəldirdi ki, oyunda maraqlı məqamları buraxmayaq. Maraqlı anları tutmaq, çəkmək əvvəlcə çətin idi. Amma bir neçə oyunu izlədikdən sonra mən artıq təxmin edirdim ki, hansı oyunçu meydanın hansı yerində maraq doğuracaq nə edə bilər. Beləcə, bütün oyunları çəkdik.
Teymur çox təmkinli idi. İnstitutu yeni bitirmiş çılğın və tərs təsvir rejissoruna (yəni mənə) əməlli-başlı “dözürdü”. Etiraf edim ki, mənim “gizli kamera” ilə çəkdiyim materiallar olmasaydı, film istədiyimiz kimi alınmayacaqdı. Eyni zamanda Teymur idmanı və idmançıların psixologiyasını dərindən bilməsəydi, onların keçirdiyi hissləri yaşamasaydı, hadisələri kino dilində, harmonik formada filmə çevirmək bacarığı olmasaydı, “Dissonans” da alınmazdı... Onun peşəkarlığı materialların, səslərin düzümündə, filmin dramaturji quruluşunda düzgün seçim etməyə imkan verdi. Nəticədə harmonik, reportaj xarakterli, bədii səviyyəli əsər yarandı.
“Dissonans” filmi kinofestivallarda müxtəlif mükafatlara, həmçinin Leninqradda (Sankt-Peterburq) VII Ümumittifaq idman filmləri kinofestivalında qızıl medala (1979), Aşqabadda XII Ümumittifaq kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin diplomuna (1979), Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının mükafatına (1980), Budapeştdə qısametrajlı filmlər festivalında bürünc medala (1982) layiq görülüb.
Münsiflər heyətinin sədri məşhur kinorejissor Rostotski bizim filmi nəzərdə tutaraq demişdi ki, “Bu, bir filmin festivalıdır...”. Bu filmdən sonra məni 1980-ci ildə Moskvada keçirilən Olimpiadanın çəkilişlərinə dəvət etdilər...
Teymur öz istedadını sonralar bədii filmlərində də göstərdi və xalq tərəfindən sevilən “Yol əhvalatı” filmini (1980) yaratdı. “Yaratdı” sözünü əminliklə deyirəm, çünki Teymur zahirən təmkinli görünsə də, daxilən çox emosional, hissiyyatlı insan idi, filmin yaradılma prosesi onun üçün daxili aləminin təzahürü, ekran vasitəsilə üzə çıxması demək idi...”.
Rejissorla tanışlığımızı Xalq artisti, aktrisa Həmidə Ömərova ilə davam etdiririk: “Yol əhvalatı” filminə çəkilməyim təsadüfi oldu. Həmin illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunu yeni bitirmişdim. Kinorejissorlar məni baş rollara dəvət edirdilər. Teymur müəllim də Zümrüd obrazını mənə həvalə etdi. Filmdə çəkilməzdən əvvəl mənə məsləhət gördülər ki, onun çəkdiyi “Dissonans” filminə baxım. Film birnəfəsə izlənilir, çox bəyəndim, “Yol əhvalatı”nda da məmnuniyyətlə çəkildim. Filmə dəfələrlə baxmışam və oradakı bir çox ifadələrin insanlar arasında bir növ zərb-məsələ çevrildiyinin də şahidi olmuşam.
Teymur müəllim aktyorlara tam sərbəstlik verirdi. Deyirdi ki, rolu oynayan zaman kim olduğunuzu unudun, özünüzü obrazın yerinə qoyun. Personajın vəziyyətində olsaydınız, necə edərdinizsə elə də edin, davranın. Buna görə də aktyorlar çox improvizə edirdilər. Bu da rejissorun düzgün aktyor seçimindən, doğru mizan verməsindən, hər şeyi ölçüb-biçməsindən irəli gəlirdi ki, quruluşları filmlərinə baxımlılıq gətirirdi...”.
Rejissorun qızı Mədinə Bəkirzadənin xatirələrindən: “Atam tez-tez məni çəkiliş meydançasına aparırdı. Orda işinə necə ürəkdən yanaşdığını görürdüm. Yumor hissi güclü idi. Zarafatları məntiqli və yaddaqalan olurdu. Amma ailədə çox ciddi idi, sərtliyi də vardı. Hər hansı bir ssenarini oxuyanda ona söz deyə bilməzdik. İdmanı çox sevirdi, bizə də sevdirirdi. Anam musiqi müəlliməsi idi. Mülayim xasiyyəti vardı. Atama qarşı çox həssas idi. Atam köhnə məhəllələrin birində film çəkdiyi zamanı onu görmüşdü, tanış olub evlənmişdilər. Anamla ailə qurmazdan əvvəl atam Tatyana adlı xanımla evli olub. Atam onunla Moskvada Ali Rejissorlar Kursunda oxuyanda tanış olub. Ali məktəbi bitirdikdən sonra (1974) özü ilə Bakıya gətirib. Tatyana xanım bir müddət kinostudiyada redaktor kimi çalışıb. Bu izdivacdan oğlanları Bəkir dünyaya gəlib. Mən BDU-nun Tarix fakültəsini bitirmişəm, Bəkir isə səs operatoru kimi çalışırdı. Həmişə kinostudiyada atamın yanında olurdu. Atam uzun müddət qaraciyər xərçəngi xəstəliyindən müalicə aldı, faydası olmadı. Anam isə bu il rəhmətə getdi. O da xərçəng xəstəliyindən əziyyət çəkirdi...”.
Vaxtsız ölüm Teymur Bəkirzadəyə sonuncu filmini (“Ləqəbi “İKA”) tamamlamağa imkan verməyib. Həmkarının işini tamamlayan kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov yaxın keçmişi belə xatırlayır: “Teymurla 1969-cu ildə kinostudiyada tanış oldum. Bu illər ərzində onu gözəl insan, dərin biliyə malik rejissor kimi tanıdım. Dostları ilə həmişə yaxşı münasibətdə idi. Buna görə də hamı onun hörmətini saxlayırdı.
“Ləqəbi “İKA”dır filmini çəkəndə məni operator kimi filmdə işləməyə dəvət etdi. Film “Büllur” kommersiya bankının maliyyə dəstəyi ilə çəkilirdi. Çəkilişlərə dörd ölkədən (Azərbaycan, Rusiya, Belarus, Türkmənistan) tanınmış aktyorlar cəlb olundu. Teymur həmişə filmin rəssamı Mayis Ağabəyovla, mənimlə məsləhətləşirdi. Birlikdə Belarusa getdik, çəkəcəyimiz məkanları axtarıb tapdıq. Vəsait çatmadığına görə natura çəkilişlərini çəkə bilmədik. Həmin yerlərə bənzər məkanı İsmayıllı rayonunun İvanovka kəndində çəkdik. Orda rus qəbiristanlığı, poliklinika səhnəsini lentə aldıq. Çəkilişlərin birində Teymurun burnundan qan gəldi. Düşündük ki, tez keçər. Amma görəndə ki, vəziyyəti pisləşir təcili yardım çağırdıq. Onu xəstəxanaya aparanda gedə-gedə mənə tapşırdı ki, “filmi saxlama, qalan epizodları mütləq çək...”. Filmin doxsan beş faizi çəkilmişdi. Teymur hərdən gəlib mərhələ-mərhələ filmin montajını da edirdi. Bir gün eşitdik ki, dünyasını dəyişib. Allah ona rəhmət eləsin.
Bir müddət
sonra digər bir filmi Belarusa
aşkarlamağa aparmışdım. Kinostudiyanın direktorunun yanına getdim və yarımçıq qalan film
haqqında ona danışdım. Filmin
səsini yazmaq, bəzi çəkilişləri
tamamlamaq lazım olduğunu dedim. O, da “Mədəniyyət naziri ilə danışım, razı
olsa, filmin qalan hissəsini müştərək tamamlayarıq”
dedi. Aşkarlama üçün bir həftə orda qalmalı oldum. Bir gün mənə
dedilər ki, kinostudiyanın direktoru səni çağırır.
Onunla görüşəndə
nazirin, filmin qalan hissəsini müştərək
çəkməyimizə razı
olduğunu bildirdi. Bakıya qayıdanda filmin sponsorundan (bankın rəhbərliyindən) razılıq
alıb bütün materialları Belarusa apardım. İki ay yarım orda
qalıb filmi tamamladım. Film böyük ruh yüksəkliyi ilə qəbul olundu. Hətta biz orda olarkən başqa şəhərlərdən
nüsxələri almaq
üçün sifarişlər
də gəlirdi.
10 gün sonra
məni festivala dəvət etdilər.
Filmə
“Listopad” Beynəlxalq kinofestivalında (Minsk) MDB İcraiyyə
Komitəsinin mükafatı
verildi.
Mən sevinirəm
ki, Teymurun yarımçıq qalmış
filmini kollektivlə birlikdə tamamlamaqla onun ruhunu şad
etdik. Amma yenə də düşünürəm ki,
Teymur özü sağ olsaydı, bu filmi daha
da yaxşı bitirərdi...”.
Şəhla Əmirli
kinoşünas
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.7.