İstiqlal Muzeyində Əhməd Cavad haqqında kitabın təqdimatı

 

Sentyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 130, vəfatının 85-ci ildönümü münasibətilə tədbir və “Türk ruhunun bayrağı Əhməd Cavad” kitabının təqdimatı keçirilib. Kitabın müəllifləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlidir.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Türkiyə türkcəsində nəşr olunan kitab haqqında məlumat verib.

İstiqlal Muzeyinin direktoru Sədi Miresyibli diqqətə çatdırıb ki, Əhməd Cavad ömrünü, canını, bütün varlığını türkçülük və turançılıq ideyalarına həsr edib. Türkiyə və Azərbaycanın müstəqilliyi yolunda yorulmaz fəaliyyət göstərən istiqlal şairimizin əziz xatirəsi on milyonlarla insanın qəlbində yaşayır.

Millət vəkili Qənirə Paşayeva çıxışında vurğulayıb ki, bu gün Əhməd Cavad Türk dünyasını sevən könüllərdə yaşayır, şeirləri dillər əzbəridir: “Əhməd Cavad hər cür məhdudiyyətə, basqıya baxmayaraq öz fiziki ömrü boyu türklük fikrindən, vətəncanlı ziyalı mövqeyindən geri durmadı. Baxmayaraq ki, bu gün Əhməd Cavadın məzarı yoxdur, amma adı milyonların ürəyində uca yerdədir.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, kitabı Türkiyə türkcəsinə çevirən İmdat Avşar, kitabın həmmüəllifi Faiq Ələkbərli, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki təmsilçiliyinin təhsil və mədəniyyət müşaviri Tevfik Ulual və başqaları təqdim olunan kitabın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Sonra Əhməd Cavad nəslinin nümayəndəsi  Cavad Axundzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Əməkdar artist Ağalar Bayramov Əhməd Cavadın şeirini söyləyib, Əməkdar artist Nuriyyə Hüseynova şairin şeirlərinə yazılmış mahnılar oxuyub.

 

    

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.2.