Latviyada Nizami irsinə
dair simpozium və Natəvana həsr edilmiş seminar
Sentyabrın 12-də Latviya Milli Kitabxanasında
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvi irsi və onun ümumbəşəri
dəyərlərin təşviq
edilməsinə təsiri”
mövzusunda beynəxalq
simpozium keçirilib.
Azərbaycanın Riqadakı səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə gerçəkləşən
tədbirdə bu ölkədəki diplomatik
korpusun, mədəniyyət,
incəsənət və
akademik dairələrin
nümayəndələri, tələbələr iştirak
ediblər.
Ölkəmizin Latviyadakı səfiri
Elnur Sultanov iştirakçıları salamlayaraq
simpoziumun önəmini
qeyd edib, tədbirin Latviya-Azərbaycan
mədəni və humanitar əlaqələrinə
töhfə olduğunu deyib.
Səfir diqqətə çatdırıb
ki, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi dahi şairin ölməz irsini dünyada təşviq edən mühüm beynəlxalq platformadır. Mərkəzin fəaliyyətində Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers və Raymonds Veyonisin fəal iştirak etdikləri vurğulanıb.
Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukane ölkəmizin səfirliyi
ilə əməkdaşlıqdan
danışıb, ötən
il səfirlik
tərəfindən kitabxanaya
hədiyyə edilən
kitablara görə təşəkkürünü bildirib. D.Mukane Latviya Milli Kitabxanasının Nizami Gəncəvi irsinə marağını ifadə
edib və onun əsərlərinin latış dilinə tərcümə olunmasını
arzuladığını vurğulayıb.
Azərbaycan Milli Kitabxanasının Kitabxana-informasiya xidməti
və beynəlxalq əlaqələr üzrə
direktor müavini Ədibə İsmayılova
simpoziumda “Nizami Gəncəvi irsi dünya kitabxanalarında”
mövzusunda təqdimatla
çıxış edib. O, dahi şairin dünya kitabxanalarında saxlanılan
əlyazmaları haqqında
ətraflı məlumat
verib, Milli Kitabxana tərəfindən
Nizami Gəncəvi irsinin qorunması və təbliği istiqamətində görülən
işlərdən bəhs
edib, həmçinin böyük mütəfəkkirin
əsərlərinin əlyazmalarından
danışıb.
Ə.İsmayılova 2021-ci ildə elan olunan “Nizami
Gəncəvi İli”
ilə əlaqədar
Azərbaycan Milli Kitabxanasının Mədəniyyət
Nazirliyi ilə birgə reallaşdırdığı
layihələrdən də
bəhs edib, həmçinin Milli Kitabxananın Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin
Vətənə qaytarılması”
layihəsi çərçivəsində
dünya milli kitabxanalarında qorunan Azərbaycan ədəbiyyatı
klassiklərinə məxsus
əlyazmaların rəqəmsal
nüsxələrinin ölkəyə
gətirilməsindən söz
açıb. Sonra o, “Nizami
Gəncəvi irsi dünya kitabxanalarında”
(“Nizami Ganjavi’s heritage
in world libraries”) elektron məlumat
bazasını tədbir
iştirakçılarına nümayiş etdirib.
Qeyd edib ki, elektron
məlumat bazasında
Nizami Gəncəvi “Xəmsə”sinin 155 nüsxəsi
toplanıb. Bu əlyazmaların
elektron nüsxələri
“Nizami İli”ndə
(2021) Türkiyə, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Çexiya, Rusiya və Qazaxıstanın kitabxana və muzeylərindən Milli Kitabxanaya daxil olub.
Latviya Universitetinin
professoru Kaspars Klavinş dünyada elm və fəlsəfi fikrin inkişafında Nizami Gəncəvinin parlaq roluna toxunub.
Siyasi elmlər
üzrə fəlsəfə
doktoru Nigar Sultanova Nizami poemalarının filoloji tərcüməsinin incəliklərindən,
Latviya Universitetinin tədqiqatçıları Mədinə
Mustafayeva və İnese Davidson isə dahi şairin yaradıcılığından, onun Şərq intibahındakı rolundan danışıblar.
Latviya Universitetinin
tələbəsi Daniyels
Pavloviçs Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından
bir parçanı səsləndirib.
Azərbaycanın görkəmli dahi vokalçısı Bülbülün
ifasında Ü.Hacıbəylinin
Nizaminin sözlərinə
yazdığı “Sevgili
canan” romansının
videoyazısı nümayiş
etdirilib.
Sonda səfir E.Sultanov Latviya Universitetinin tələbələrinə Nizami
Gəncəvi ilə bağlı kitablar, Ə.İsmayılova isə
Milli Kitabxananın ehtiyat mübadilə fondundan Nizami Gəncəvi ilə bağlı kitablar və “Sözləri Nizaminindir” disk albomunu
Latviya Milli Kitabxanasının fonduna hədiyyə ediblər.
Tədbir çərçivəsində Nizami Gəncəvi mövzusunda nəşr olunan kitablar, şairin əsərlərinə
çəkilmiş miniatürlərdən
ibarət sərgi də nümayiş etdirilib.
***
Sentyabrın 13-də Riqa şəhərindəki Latviya Universitetinin Akademik Kitabxanasında “Xurşidbanu Natəvan: ədəbiyyatın və incəsənətin təbliğində Azərbaycan qadınının rolu” adlı seminar keçirilib.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirdə giriş nitqi söyləyib.
Seminarda Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Xurşidbanu Natəvan” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Bildirib ki, Xurşidbanu Natəvan XIX əsrdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində ədəbi-bədii mühitin formalaşmasında və ədəbi məclislərin fəaliyyətində əhəmiyyətli rol oynayıb. Qeyd edib ki, Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. Diqqətə çatdırılıb ki, bu il şairənin 190 illik yubileyi tamam olur və bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb. Azərbaycan Milli Kitabxanası tərəfindən “Xurşidbanu Natəvan” biblioqrafiyası hazırlanaraq nəşr olunub, şairə haqqında elektron məlumat bazası tərtib edilib.
Ə.İsmayılova ingilis dilində hazırlanmış “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasını iştirakçılara nümayiş etdirib.
Seminarın davamında Xurşidbanu Natəvan nəslindən olan Nazlı Hacızadə, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins və digərləri Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə söz açıblar.
Sonda Ə.İsmayılova Milli Kitabxananın fondundan Natəvanla bağlı nəşrlər Latviya Universiteti Akademik Kitabxanasına hədiyyə edib.
Mədəniyyət.- 2022.- 14
sentyabr.- S.1;2.