Arxaya baxmaq anı...
Qrafika ustası Hüseyn
Mirtəqəvinin yubiley portreti
Bu günlərdə anadan olmasının 70 illiyini qeyd edən tanınmış qrafika ustası Hüseyn Mirtəqəvini sənət aləminə az-çox bələd olanlar yaxşı tanıyırlar. Amma onun əsərlərinin vurğunu olanların çoxu bilmir ki, təsviri sənətə ekologiya sahəsindən gələn bu qeyri-adi istedad sahibi rəssamlıq sahəsində heç bir ixtisas təhsili almayıb. Elə biz də bu yazı-portretdə onun sənətinin bənzərsizliyinə aydınlıq gətirməklə, ərsəyə gətirdiyi unikal qrafika nümunələrini dəyərləndirməyə çalışacağıq...
Öncədən deyək ki, hazırda Azərbaycanda qrafikanın cizgi incəliyi ilə yanaşı, həm də icra mürəkkəbliyinə görə əlçatmaz görünən ksiloqrafiya texnikasında işləyən yalnız Hüseyn Mirtəqəvidir. Əgər təsviri sənət sahəsində çoxdan ənənəviləşmiş bədii-texniki vasitələrə hansısa əlavələr etməyin nə qədər çətin olduğunu etiraf etməli olsaq, onda ixtisas təhsili olmayan ekoloq-qrafikin təhsilli professionallarla müqayisədə “həvəskar” kimi qəbul olunmağa məhkum olmasına baxmayaraq, əsərlərində çoxlarına ilk və nümunəvi görünə biləcək bədii-texniki yanaşma sərgilədiyini deməliyik.
Onun taxta səth üzərində cərrah bıçağı ilə ərsəyə gətirdiyi sənət nümunələri bədii tutumuna görə qədim tarixə malik olan ksiloqrafiya estetikası ilə səsləşsə də, özündə iki müxtəlif dəyər daşıyıcısını – təsviri və dekorativ-tətbiqi sənəti birləşdirdiyindən yeni və özünəməxsus nümunələr kimi qəbul olunurlar.
Etiraf edək ki, onun əsərlərinin orijinallarını görməyib, onlarla yalnız fotolar vasitəsilə tanış olanlar, heç şübhəsiz, gördüklərini səhvən ifadə xüsusiyyətlərinə görə qrafik əsər – klassik ksiloqrafiya texnikasında icra olunmuş sənət nümunəsi hesab edə də bilərlər. Bunu şərtləndirən səbəb görünənlərin ağ-qara rəngdə ifadə olunması, təsvirlərin çox incə cizgilərlə bədii tutum almasıdır. Amma onların orijinalları ilə tanışlıqdan sonra həmin ksiloqrafiya nümunələrinin kağız yox, ağac materialından “boylanan” görüntü olduğuna əmin olduqda bilavasitə əllə yaradılan bu bədii nümunələrin onun yaradıcısının yüksək sənətkarlığının nəticəsi olduğunu görürük. Odur ki, əminliklə “Hüseyn Mirtəqəvi ksiloqrafiyası”nın yeni və özünəməxsus estetikaya malik olduğunu söyləmək mümkündür. Doğrudan da, təsvirlərinin ümumi görüntüsü zərgər dəqiqliyi ilə müqayisə oluna biləcək bu ksiloqrafiyaların bədii dolğunluğunu şərtləndirən yüksək sənətkarlıq, heç şübhəsiz, onun müəllifinin fitri istedad sahibi olmasından xəbər verir.
Əlavə edək ki, əgər rəngkarlıq əsərlərində onun yaradıcısının icrada yola verdiyi rəsmetmə çatışmazlığının boyaların təsir gücü ilə ört-basdır edilməsi müəyyən qədər mümkün olsa da, qrafikada, o cümlədən də həyatını elmə və onun təbliğinə həsr etmiş Hüseyn Mirtəqəvinin mehrini saldığı ksiloqrafiyada bunu etmək, sadəcə, çox çətin, bəlkə də mümkünsüzdür. Bu mənada onun incə ekoloq duyumu ilə iti cərrah bıçağının hərəkətinə qibtəedici sürət vermək bacarığı heyranedicidir. Odur ki, onun çoxsaylı əsərlərdən ibarət bədii irsini qətiyyətlə Azərbaycan incəsənətinin dolğunluğu birmənalı olan bədii-texniki saxlancına cəlbedici və yaddaqalan töhfə hesab etmək olar.
Klassik ksiloqrafiyalar zamanında rəssam, kəsici və çapçının birgə əməyi ilə yaradılırdısa, Hüseyn Mirtəqəvi isə bu gün bu üç nəfərin işini təkbaşına görür. Başqa sözlə desək, birbaşa ağac üzərində rəng və cərrah bıçağı ilə yaradılan əsərlərin çapına ehtiyac da qalmır. Müəllifin xüsusi məhlulla rənglənmiş ağac səthin üzərində açdığı “şırımlar” – cizgilər özünün incəliyinə görə şaşırdıcıdır desək, yanılmarıq...
Hüseyn Mirtəqəvinin yaratdığı obrazlar qalereyası çox zəngindir. Onların ümumi sayı iki yüzü ötmüşdür. Özünün “Avtoportret”indən başlanan bu obrazlar qalereyası işıqlı əməlləri ilə xalqımıza başucalığı gətirən məşhur şəxsiyyətlərin və ona ruhən yaxın olan ziyalıların obrazlarından ibarətdir. Burada kimlər yoxdur? Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, görkəmli şərqşünas-alim Aida xanım İmanquliyeva, akademik Həsən Əliyev, Xalq şairi Fikrət Qoca, kinorejissor Ənvər Əbluc, görkəmli söz xiridarı Məhəmmədhüseyn Şəhriyar, məşhur memar Zaha Hadid, doktor Cavad Heyət, akademik Arif Paşayev, astrofizik Stiven Hokinq, 20 Yanvar şəhidi Ülvi Bünyadzadə və Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Polad Həşimov və digər məşhur şəxsiyyətlər, əqidə dostları. Müəllifin sadə peşə adamlarına (“Məhərrəm dayı”, “Həmidə xala” və s.) rəğbətini əks etdirən əsərləri də səmimiliyi ilə yadda qalır...
Bu portretlərin bədii-texniki xüsusiyyətlərini incələməli olsaq, onda ikonqorafik dəqiqliyi şübhə doğurmayan portretləri həm də yüksək qrafik icra mədəniyyətinin səciyyələndirdiyini qeyd etməliyik. Yaddaqalan portret yaratmağın elə də asan olmamasının qarşılığında Hüseyn Mirtəqəvinin ağ-qara cizgilərdən “boylanan” və obrazlı tutum alması birmənalı olan əsərlərində bu janrın arzulanan bədii həllini, onun “estetik xəritəsi”ni duyulası dərəcədə genişləndirdiyini görmək mümkündür. Hiss olunur ki, müəllif işə başlamazdan əvvəl obrazına müraciət edəcəyi şəxslər barədə həm yazılı, həm də təsvirli zəngin məlumatlar toplamışdır.
Portretlər üçün poza seçiminin duyulası önəm kəsb etdiyini fəhmən hiss edən müəllifin bu istiqamətdə axtarışlarının da az vaxt aparmadığını ərsəyə gətirilən işlərin forma-biçim həllindən görmək mümkündür. Qəhrəmanına çevirdiyi hər bir şəxsin onun xarakterini aça biləcək səciyyəvi pozanın tapılmasını həyata keçirən yaradıcının bununla da tamaşaçısını təsvirin reallığına və səmimiliyinə inandıracağı birmənalıdır. Bu mənada müəllifin hər bir əsərində onun qəhrəmanına yanaşmasının özünəməxsusluğunu duymaq mümkündür.
Ksiloqrafiya ustasının Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həsr etdiyi lövhələrdə obraza realist-gerçəkçi yanaşmanın kamilliyi birmənalı olan bədii nəticəsini görmək mümkündür.
Şərqşünas-alim Aida İmanquliyevanın portretində isə obrazın həyatsevərliyini onun yaradıcı fəaliyyəti ilə uğurla əlaqələndirən rəssam, obrazı sevimli məşğuliyyətindən bir anlığa ayrılmış durumda görüntüyə gətirmişdir. Eynəyini dodaqlarına sıxaraq kiməsə cavab verən alimin çöhrəsinə hakim olan nikbinliyi qabardan rəssam bununla da obrazın səmimiliyinə nail olmuşdur. Onun portretin ətrafını təşkil edən ayrıntıları nisbətən tünd cizgilərlə təqdim etməsi ilə çöhrənin nurlu tutum almasına nail olması da müəllifin kompozisiya üçün uğurlu bədii həll tapmasını təsdiqləyir.
Rəssamın torpaqşünas-alim, akademik Həsən Əliyevə həsr etdiyi lövhə digərlərindən kompozisiyasının ayrıntı zənginliyinə görə seçilir. Elm adamını həyatının mənası hesab etdiyi ürəkaçan Azərbaycan təbiətinin fonunda təsvir edən müəllif obrazla təbiət motivi arasında çox məntiqli təsvir əlaqəsi yarada bilmişdir. Azərbaycanın fauna və florasını bir araya gətirməklə obrazın zənginliyini vurğulayan Hüseyn Mirtəqəvi son nəticədə obrazın cəlbediciliyinə və duyğulandırıcılığına nail olmuşdur. Həm portretin, həm də təbiət motivinin bədiiləşdirilməsində cizgi incəliyindən və oynaqlığından məharətlə istifadə edilməsi əsərin uğurunu şərtləndirmişdir.
Xalq şairi Fikrət Qocanın portretində də müəllif işıq-kölgə təzadından məntiqlə istifadə etməklə, söz adamının nikbin çalarların üstünlük təşkil etdiyi obrazını yaratmışdır. Şairin geyimini və fonu bir-birinə yaxın-yumşaq rəng çalarında həll edən rəssam, onun saçının və çöhrəsinin gerçəkləşməsində həm incə, həm də ekspressiv cizgilərdən istifadə etməklə gözoxşayan nikbin ruhlu əsərin yaranmasına nail olmuşdur.
Görkəmli söz ustası Məhəmmədhüseyn Şəhriyarın portretinin bir qədər fraqmentsayağı təqdimatı da məqsədlidir. Rəssam Azərbaycan həqiqətlərini dillər əzbəri olan misralarında ifadə edən şairin çöhrəsində hifz olunan yaşantılarını qabarıq göstərmək məqsədi daşımışdır. Kompozisiya boyu tətbiq olunan “cizgi oyunu” o qədər məntiqlidir ki, gözümüz önündə dərdlərimizə “bədii güzgü” tutan yaradıcının durduğuna inanırıq...
Orijinal biçimli Heydər Əliyev Mərkəzinin layihə müəllifi, məşhur memar Zaha Hadidin ayrıntı baxımından məhdudluğu duyulan portretində isə rəssam məşhur tikili ilə onun yaradıcısını bir araya gətirməklə memarın sənət dünyası ilə şəxsiyyəti arasında mənəvi əlaqə yaratmış, kompozisiyanın yaddaqalanlığını təmin etmişdir...
Hazırda Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin redaksiya müdiri vəzifəsində çalışan Hüseyn Mirtəqəvi ömrünün müdriklik çağını yaşasa da, əsərlərinin ümumi ruhunda cəlbedici bədii təravət duyulmaqdadır. Bunu onun yeni yaratdığı qrafik nümunələr də təsdiqləyir. Onun bu əsərlərinin də zamansızlığa qovuşacağı birmənalıdır. Belə ki, bilavasitə gördüklərinin harmoniyasını ifadə etmək zərurətindən yaranan əsərlərində rəssam bədii şərh tutumundan asılı olmayaraq çox səmimi və inandırıcıdır. İç dünyasının tələbatından ərsəyə gələn belə əsərlərin kənardan necə qəbul olunacağından da narahat deyil. Bu kredoya o, 70 yaşında – indiki arxaya baxmaq anının yetişdiyi gündə də sadiqdir...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor
Mədəniyyət.- 2022.- 16
sentyabr.- S.7.