15 sentyabr Azərbaycan və Türkiyə üçün tarixi gündür

 

Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyində tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasını əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Sonra Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Cahit Bağcı Türkiyə-Azərbaycan qardaşlığından danışıb, 15 sentyabr tarixinin əhəmiyyətindən söz açıb.

Bu gün Bakının işğaldan azad edilməsinin 104-cü ildönümüdür, Azərbaycan və Türkiyə üçün çox vacibtarixi gündür”, – deyən diplomat bildirib ki, 1918-ci ildə iki qardaş xalqın oğulları birlikdə Bakını daşnak-bolşevik işğalından azad ediblər.

İkinci Qarabağ müharibəsindən danışan Cahit Bağcı deyib: “Azərbaycan 30 illik işğala 44 gündə son qoydu. Bir neçə gün əvvəl sərhəddə erməni təxribatı baş verdi, şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin. Lakin Azərbaycan Ordusu düşmənə növbəti dəfə “dəmir yumruğun gücünü göstərdi”.

Milli Məclisin deputatı Anar İskəndərov 15 sentyabr hadisələrinin tarixindən danışıb: “O vaxt Nuru paşa ölkəmizdə coşqu ilə qarşılandı. Azərbaycan türk qardaşlarını xilaskar kimi görürdü. Dünya tarixində heç bir millət başqa dövlətin müstəqilliyi uğrunda döyüşməyib. Amma türklər qardaşlarımız olduqları üçün onlar bizim suverenliyimizə görə canlarından keçdilər. Eynilə azərbaycanlılar da Çanaqqala savaşında öz qardaşlarına kömək ediblər”.

O bildirib ki, Azərbaycan Türkiyəni hər zaman öz yanında görüb. Bunun ən bariz nümunəsi Vətən müharibəsində oldu. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə qardaşlığı daha da möhkəmləndi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, 104 il əvvəl türk və Azərbaycan əsgərləri çiyin-çiyinə tarix yazdılar. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək Bakını işğaldan azad etdi. “Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığında müstəsna rol oynadı. Son dövrləri də nəzərə alsaq görərik ki, iki ölkə bir-birinə hər zaman dəstək verib. Beynəlxalq təşkilatlarda da dövlət və hökumət başçıları Azərbaycan və Türkiyənin maraqlarını ilk sıraya qoyurlar”, – deyə G.Əfəndiyeva vurğulayıb.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Ramil Həsən 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb, Türkiyə və Azərbaycan tərəfdaşlığını möhkəmləndirən Şuşa Bəyannaməsinin mühüm əhəmiyyətini bir daha diqqətə çatdırıblar.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er müştərək tariximizin qürurlu hadisələrlə zəngin olduğunu bildirib: “Türk dövlətləri dünyada böyük gücə sahibdirlər. Onlar bir-birinə dəstək verərsə, böyük güc formalaşdıra bilərlər. Hazırda Türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir”.

Xəzər Universitetinin dosenti Telman Nüsrətoğlu 15 sentyabr hadisələri və Azərbaycan-Türkiyə əlaqələrinin tarixi haqqında sənədləri təqdim edib. Cənubi Qafqazda ermənilərin yerləşdirilməsi haqqında danışıb.

Tədbir “Qurani-Kərim”in tilavəti və şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

 

Mədəniyyət.- 2022.- 16 sentyabr.- S.2.