Tanınmış jurnalist
və teatrşünas Atababa
İsmayıloğlu vəfat edib
"Ədəbiyyat qəzeti"nin məsul katibi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu sentyabrın 18-də dünyasını dəyişib.
Atababa İsmayıl
oğlu Hacıbabayev
22 sentyabr 1947-ci ildə
Xırdalanda anadan olub. Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Teatrşünaslıq
fakültəsində professor Mehdi Məmmədovun kursunda təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində
redaktor, böyük redaktor, eyni zamanda 1971-1977-ci illər
"Bakı teatrlarında"
məcmuəsinin redaktoru
vəzifələrində çalışıb.
1978-1981-ci
illərdə Azərbaycanın
Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyətində Nəşriyyat
şöbəsinin müdir
müavini, 7 dildə nəşr olunan "Sovet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981-1987-ci illərdə Teatr Xadimləri İttifaqının
bədii rəhbəri
olub. O, 1987-ci ilin
yanvar ayından indiki "Ədəbiyyat qəzeti"ndə fəaliyyət
göstərib. 2009-cu ildən
2014-cü ilədək Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində
də çalışıb.
Atababa İsmayıloğlu "Rza
Əfqanlı", "İki
cəbhənin əsgərləri",
"Səhnə andı",
"Unudulmaz səhnə
ustaları", "Molla
Qeybullanın sərgüzəştləri",
"İnkirlə Minkirin
hüzurunda", "Mizan-tərəzi"
və s. kitabların müəllifidir. Mətbuatda teatr
və digər incəsənət sahələrinə
dair 2000-dən çox
məqaləsi dərc
olunub. X cildlik Azərbaycan Sovet Ensiklopediyasının müəlliflərindən
biri, Mirzağa Əliyevin "Xatirələrim"
kitabının tərtibçisi,
Mişkinaz Cavidin
"Xatirələrim", Adilə İsmayılovanın
"Məxluqə Sadıqova",
ikicildlik "Akademik Milli Dram Teatrının fotosalnaməsi" kitablarının
ixtisas redaktoru, digər onlarla kitab və bukletin
redaktoru, bir sıra tədris proqramlarının müəllifidir.
Atababa İsmayıloğlu 2005-ci ildə
“Əməkdar mədəniyyət
işçisi” fəxri
adına layiq görülüb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.6.